Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkiyənin daxili işlərinə qarışmaq yolverilməzdir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Türk dünyası-Turan, Özəl xəbər, Fərəc Quliyev > Türkiyənin daxili işlərinə qarışmaq yolverilməzdir

Türkiyənin daxili işlərinə qarışmaq yolverilməzdir


Ekspertlər hesab edir ki, qardaş ölkənin gələcəyi üçün hər hansı qərar qəbul ediləcəksə, ona hörmətlə yanaşılmalıdır

Martın 31-də Türkiyədə bələdiyyə seçkisi keçirilib. Paytaxt Ankara və ölkənin üçüncü ən böyük şəhəri olan İzmirdə Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədləri qalib gəlib. İstanbul Böyük Şəhər Bələdiyyəsi sədrliyi uğrunda isə ən çox səsi CHP-nin namizədi Əkrəm İmamoğlu və hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Binəli Yıldırım toplayıb. Ali Seçki Qurumu (YSK) Ə.İmamoğlunun 26 min səs fərqi ilə qalib gəldiyini açıqladıqdan sonra AKP seçkinin nəticələrinə etiraz edib və bir çox rayonda səslər yenidən sayılıb. Aprelin 17-də səslərin təkrar sayılması prosesi başa çatıb və səs fərqi 12 min nəfərədək düşüb. YSK aprelin 17-də İstanbul bələdiyyə sədri mandatını Ə.İmamoğluna təqdim edib. Lakin AKP seçkinin nəticəsinin ləğv ilə bağlı fövqəladə hüququndan istifadə edəcəyini açıqlayıb. Daha sonra İstanbulda keçirilmiş bələdiyyə seçkilərinin nəticələrinin ləğvi və yenidən keçirilməsi tələbi ilə bağlı YSK-ya müraciət edib.
May ayının 6-da AKP-nin müraciətinə baxılıb. YSK martın 31-də keçirilmiş seçkinin nəticələrinin ləğvi və iyunun 23-də seçkilərin təkrar keçirilməsi barədə qərar qəbul edib. Təbii olaraq bu qərar Türkiyə cəmiyyətində birmənalı qarşılanmayıb. Hakim partiyanın tərəfdarları YSK-nın qərarını alqışlasalar da, CHP-çilər buna kəskin etiraz ediblər. Hətta dünən axşam saatlarında İstanbulda Ə.İmamoğlu tərəfdarları bununla bağlı aksiya keçirib.
Belə bir vaxtda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul bələdiyyəsinə müvəqqəti başçı təyin edib. Yeni seçkilər keçirilənə və yeni bələdiyyə sədri seçilənə qədər İstanbul bələdiyyə sədri vəzifəsini Əli Yerlikaya icra edəcək. Bundan başqa, Prezident R.T.Ərdoğan Binəli Yıldırımın yenidən keçiriləcək İstanbul bələdiyyə seçkilərinə namizədliyini irəli sürüb. Türkiyədə baş verən bu hadisə fonunda dolların qiymətinin kəskin bahalaşması barədə xəbərlər mediada yer almaqdadır. "Seçkinin nəticələrinin ləğvi Türkiyə üçün nə vəd edir” sualını cavablandıran ekspertlər baş verənlərin ölkə iqtisadiyyatına zərər vuracağı barədə mülahizələr irəli sürməkdədirlər.

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev "Kaspi” qəzetinə açıqlamasında bildirib ki, Türkiyənin mövcudluğu, təhlükəsizliyi iqtidar və müxalifətin bir yerdə olmasından çox asılıdır. Millət vəkili son hadisələrə diqqət çəkərək deyib ki, Türkiyənin daxili işlərinə qarışmaq yolverilməzdir: "Türkiyə hazırda elə bir mərhələyə gəlib çatıb ki, indiki vəziyyətdə iqtidar və müxalifətin bir arada olması mütləqdir. Ölkənin gələcəyi, təhlükəsizliyi bu amildən çox asılıdır. Türkiyədə baş verənləri izləsək də, orada baş verənlərə həssas yanaşsaq da, qardaş ölkənin daxili işlərinə qarışa bilmərik. Bütün hallarda Türkiyə xalqının iradəsinə hörmətlə yanaşmaq lazımdır. Türkiyənin Ali Seçki Qurumu və digər qurumlar da yalnız xalqın iradəsinə söykənən qərarlar qəbul etməlidir. Hazırda Türkiyədə olduqca həssas məqamdır. Belə bir zamanda kənardan hansısa konkret mövqe nümayiş etdirmək doğru olmaz. Biz Türkiyə xalqının iradəsinə hörmət edirik. Eyni zamanda bu iradə əsasında formalaşan qurumların qəbul etdiyi qərarlara da hörmətlə yanaşırıq. Türkiyənin gələcəyi üçün hər hansı qərar qəbul ediləcəksə, ona da hörmətlə yanaşacağıq. Bununla belə, arzu edərdik ki, hər nə olursa olsun, hər hansı qərar qəbul olunarsa olunsun ədalətli olsun, yenə də iqtidar və müxalifət milli maraqlar naminə bir yerdə olsunlar. Çünki, vəzifə də, vəzifə kürsüsü də ötəridir”.

Politoloq Fikrət Sadıxov qəzetimizə açıqlamasında deyib ki, YSK-nın qəbul etdiyi qərarın Türkiyə cəmiyyətində birmənalı qarşılanmaması, rezonans doğurması təbiidir. Siyasi şərhçinin sözlərinə görə, Ə.İmamoğlunu dəstəkləyən CHP üzvlərinin, ümumilikdə ona səs verən Türkiyə vətəndaşlarının məlum qərarı qəzəblə qarşılayacağını da əvvəldən proqnozlaşdırmaq mümkün idi: "Amma burada digər reallıq da var. Xatırlayırsınızsa, səslərin sayılması zamanı əvvəlcə 26 min, təkrar hesablanması prosesində isə 12 min fərq yarandı. Bu, şübhələnmək üçün əsas ola bilər. Deməli, buna nə isə səbəb olub, təsir edib. Sonradan o da məlum oldu ki, seçki dairələrinin üzvlərinin bəziləri dövlət qulluqçuları olmayıblar, müəyyən saxtakarlıqlara yol verilib və sair. Bütün bunları nəzərə alsaq, seçkinin nəticələrinin ləğvi üçün də ciddi əsasların olduğunu görə bilərik. Ona görə də Türkiyənin Ali Seçki Qurumunun qərarını da təsadüfi saymaq olmaz. Bir həqiqət də var ki, əgər Əkrəm İmamoğlunun reytinqi yüksəkdirsə və seçilmək şansı güclüdürsə, o zaman nədənsə ehtiyatlanmağa, narahatlığa dəyməz”.

Siyasi şərhçi Zaur Məmmədov bizimlə söhbətində bildirib ki, Türkiyə Prezidenti R.T.Ərdoğanın bazar günü axşam Ali Seçki Qurumuna ünvanlanan çıxışından sonra İstanbuldakı bələdiyyə seçkilərinin nəticəsinin ləğv ediləcəyi gözlənilən olub: "Qars və İqdırda da MHP tərəfindən YSK-ya müraciət edilmişdi ki, seçki saylarına yenidən baxılsın. Lakin YSK bu müraciəti rədd etdi. Maraqlı burasıdır ki, Dövlət Bağçalı bu cavabdan sonra susdu və etiraz etmədi. İstanbula gəlincə, bu şəhər böyüklüyü, tarixiliyi, böyük maliyyə mənbəyi olması ilə diqqət çəkir. Ona görə də İstanbulda bələdiyyə başqanının kim olması mühüm əhəmiyyət kəsb edir və bu post uğrunda ciddi mübarizə gedir. Hər nə olmasından asılı olmayaraq, Türkiyə Azərbaycan üçün qardaş ölkədir. Bizim üçün əsas olan Türkiyə xalqının iradəsidir, Türkiyənin inkişafıdır. Bu baxımdan hesab edirəm ki, Türkiyədə qütbləşməni aradan qaldırmaq lazımdır”.

Rufik İSMAYILOV


Geri dön