Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Anti-Azərbaycan qüvvələrin çirkin kampaniyasının növbəti vasitəsi: UEFA Avropa Liqasının Bakı finalı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Anti-Azərbaycan qüvvələrin çirkin kampaniyasının növbəti vasitəsi: UEFA Avropa Liqasının Bakı finalı

Anti-Azərbaycan qüvvələrin çirkin kampaniyasının növbəti vasitəsi: UEFA Avropa Liqasının Bakı finalı


Hazırda ölkəmiz mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final qarşılaşmasına ciddi hazırlaşır. Artıq bu mötəbər idman hadisəsinə son hazırlıq işləri görülür, dünyada ən müasir idman qurğularından olan Bakı Olimpiya Stadionunda futbolçular, komandaların texniki heyəti, eləcə də azarkeşlər və mətbuat nümayəndələri üçün ən yüksək şərait yaradılır. Təəssüf ki, ölkəmiz bu mühüm qarşılaşmaya ciddi hazırlıq prosesində olduğu bir vaxtda Qərbdəki bəzi məkrli qüvvələrin çirkin qarayaxma kampaniyaları ilə üzləşib.

Budəfəki kampaniyada ölkəmiz əleyhinə idmanla heç bir aidiyyəti olmayan, qərəzli və reallıqdan uzaq subyektiv mülahizələrin irəli sürülməsi, beynəlxalq ictimaiyyətdə bu mühüm idman tədbirinin Azərbaycanda keçirilməsinin məqsədəuyğun olmaması barədə yanlış təsəvvürlərin formalaşdırılmasına çalışılır.

Son illər Avropada müəyyən qüvvələr tərəfindən başladılan “qara piar” əslində bir o qədər də təəccüb doğurmur. Çünki Azərbaycanın əvvəlki illərdə də ev sahibliyi etdiyi bütün mötəbər tədbirlər və yarışlar zamanı bu cür hallara rast gəlinib. Bütün qarayaxma kampaniyalarında olduğu kimi, bu dəfə də Azərbaycana qarşı guya ölkəmizdə insan hüquqlarının, qanunun aliliyi prinsiplərinin pozulduğunu iddia edirlər. Ən son Qərbin gözü qarşısında - Fransada təşkil olunan “sarı jiletlər” aksiyaları zamanı polisin zorakılıqları, yüzlərlə nümayişçinin ən sərt tədbirlərlə cəzalandırılması və həbs edilməsi fonunda Azərbaycana qarşı insan hüquqlarının pozulmasını tələb edən qüvvələr, görəsən, gözlərini niyə geniş açmırlar? Azərbaycanda insan hüquqlarının, qanunun aliliyinin təmin olunması istiqamətində atılan addımlar, həyata keçirilən islahatlar, xüsusilə dövlətimizin başçısının son bir neçə ayda imzaladığı fərman və sərəncamlar hətta Avropa dövlətlərinin özləri tərəfindən də təqdirlə qarşılanır.

Ölkəmiz əleyhinə səslənən əsassız iddialardan biri də guya viza rejiminin problem yaratmasıdır. Qeyd edək ki, viza rejiminin sadələşdirilməsi dövlətimizin başçısının daim diqqət mərkəzində saxladığı məsələlərdən olub. Xüsusilə ölkəmizin ev sahibliyi etdiyi mötəbər idman yarışları ərəfəsində Azərbaycan Prezidenti viza rejiminin sadələşdirilməsi ilə bağlı sərəncamlar imzalayır. Həmin məkrli qüvvələrin diqqətinə təkcə bunu çatdırmaq kifayətdir ki, dövlətimizin başçısı cəmi iki ay əvvəl - martın 11-də UEFA Avropa Liqasının final oyununun 2019-cu ildə Bakıda keçirilməsi ilə bağlı ölkəyə gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsinə dair Sərəncam imzalayıb. Həmin Sərəncama əsasən, əcnəbi və vətəndaşlığı olmayan şəxs mayın 15-dən iyunun 1-dək Azərbaycanın beynəlxalq hava limanlarında asanlıqla viza ala bilər. Bu təcrübə Azərbaycanın ev sahibliyi etdiyi əvvəlki idman yarışlarında uğurla tətbiq olunub. Ona görə də bu məntiqsiz iddianın heç bir əsasa söykənmədiyini təcrübə əsasında qəti şəkildə deyə bilərik.

Digər bir məqam isə ondan ibarətdir ki, dünyanın ən bahalı şəhərlərindən biri olan London təmsilçilərinin guya Bakıda otellərin qiymətlərinin baha olması ilə əlaqədar narazılığı insanda ikrah hissi oyadır. Son illər Azərbaycanda dünyanın ən məşhur brendlərinə məxsus dəbdəbəli otellər istifadəyə verilib. Bununla yanaşı, ölkəmizdə müxtəlif ulduzlu digər otellər də var. Bu gün Bakıda 20-30 dollardan tutmuş müxtəlif qiymətlərə qədər on minlərlə azarkeşi qəbul etməyə imkanı olan yüzlərlə otel fəaliyyət göstərir. Son illər Azərbaycana artan turist axını, xüsusilə Formula 1 kimi dünyanın ən elit idman yarışı ilə əlaqədar ölkəmizə gələn əcnəbilər heç vaxt otellərin qiyməti və ya xidmətin səviyyəsindən narazılıq ifadə etməyiblər. Bu isə həmin iddianın da məkrli və əsassız olduğunu tam sübut edir.

İrəli sürülən iddialardan birinə gəlincə, tam əminliklə demək olar ki, “Arsenal” klubunda çıxış edən erməni əsilli Henrix Mxitaryanın Azərbaycana gəlməsində heç bir problem yoxdur və buna ən yüksək səviyyədə təhlükəsizlik zəmanəti verilib. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin bu barədə rəsmi açıqlamasında da qeyd olunub ki, əvvəlki illərdə ölkəmizdə keçirilmiş ilk Avropa Oyunları, Ümumdünya Şahmat Olimpiadası və digər mühüm yarışların hər birində olduğu kimi, bu dəfə də dövlətimiz iştirakçı ölkələrə təhlükəsizlik təminatı ilə bağlı məktub göndərib. Bundan başqa, qeyd etmək lazımdır ki, erməni idmançıların Azərbaycandakı yarışlarda iştirakı birinci dəfə deyil. Həmin yarışlar ərzində erməni idmançılar üçün heç bir problem və ya çətinlik baş verməyib. Təkcə bu faktı qeyd etmək lazımdır ki, “Bakı 2015” birinci Avropa Oyunlarında fəxri kürsüdə yer alan ermənistanlı idmançıya mükafatı məhz dövlətimizin başçısı İlham Əliyev təqdim edib.

Bu gün Azərbaycan dünyada ən sabit, kriminogen durumun aşağı səviyyəsinə görə lider ölkələrdən biri kimi tanınır. Təkcə idman yarışlarının təşkili zamanı asayişin mühafizəsi ilə bağlı görülən tədbirlər deyil, son illər ölkəmizə turist axınının güclənməsinin, Azərbaycanın miqrasiya prosesində təyinat ölkəsinə çevrilməsinin də əsasında məhz güclü sabitliyin hökm sürməsi dayanır.

O ki qaldı, Azərbaycanın təşkilatçılıq qabiliyyətinə, bunu demək kifayətdir ki, ölkəmiz bu sahədə peşəkarlığını dəfələrlə sübut edib. Xüsusilə, tarixdə ilk dəfə keçirilən və Avropanın 50 ölkəsindən 6 mindən çox atletin mübarizə apardığı birinci Avropa Oyunlarına cəmi 30 ay müddətində sürətlə hazırlaşaraq bu mötəbər idman yarışını ən yüksək səviyyədə təşkil edən Azərbaycanın bu sahədəki uğurları nəinki Beynəlxalq və Avropa Olimpiya komitələri, digər mötəbər qurumlar tərəfindən də yüksək qiymətləndirildi. Azərbaycanın son illərdə ev sahibliyi etdiyi digər mötəbər idman yarışları – 1600 şahmatçının qatıldığı 42-ci Ümumdünya Şahmat Olimpiadası, qadınlar arasında voleybol üzrə Avropa çempionatı, 800-dək idmançının qatıldığı cüdo, 1500 nəfərin mübarizə apardığı BMX velosipedi üzrə dünya çempionatlarının, 4 minə yaxın atletin iştirak etdiyi IV İslam Həmrəyliyi Oyunlarının gimnastikanın müxtəlif növləri üzrə ən mötəbər beynəlxalq turnirlərin iştirakçıları ölkəmizdə idmançılar və komandaların üzvləri üçün ideal şəraitin yaradıldığını bildiriblər. Bütün bunlar Azərbaycan əleyhinə səsləndirilən ittihamların əsassız olduğunu ifadə edən faktlardır.

Azərbaycanda təhlükəsizliyin və sabitliyin tam şəkildə təmin olunduğu Xarici İşlər Nazirliyinin məsələyə münasibətində də qəti şəkildə ifadə edilib: “Azərbaycan çoxsaylı mötəbər beynəlxalq tədbirlərə, o cümlədən beynəlxalq miqyaslı idman yarışlarına ev sahibliyi edir. Bu sırada birinci Avropa Oyunlarını, IV İslam Həmrəyliyi Oyunlarını, Formula 1 üzrə Azərbaycan Qran-Prisini və UEFA Çempionlar Liqası çərçivəsində 2017-ci ildə keçirilmiş “Qarabağ” – “Çelsi” oyununu qeyd etmək olar. Bu idman yarışlarını izləmək məqsədilə respublikamıza gələn çoxsaylı əcnəbi ölkə vətəndaşları Azərbaycanda ictimai asayişin təmin olunmasından, mövcud sabitlik və təhlükəsizlik mühitindən və bu kimi irimiqyaslı idman tədbirlərinin təşkilatçılığından məmnun qalıblar. Azərbaycan, həmçinin turizm ölkəsidir və hər il ölkəmizə çoxsaylı əcnəbi turistlər səfər edir. Ölkəmizin malik olduğu digər müsbət xüsusiyyətlərlə bərabər, Azərbaycanda hökm sürən əmin-amanlıq, sabitlik və təhlükəsizlik əcnəbi turistləri cəlb edən vacib amillər sırasındadır”.

Sonda onu da qeyd etmək yerinə düşər ki, dünyanın ən mötəbər idman qurumları idmanın siyasətə alət edilməməsinin vacibliyini dəfələrlə vurğulayır, yarışlarda siyasi çağırışlar edən idmançılara cəza tədbirləri tətbiq edirlər. Bu baxımdan Azərbaycanın ev sahibliyi etməyə hazırlaşdığı UEFA Avropa Liqasının final qarşılaşmasından ölkəmizə qarşı çirkin niyyətlər üçün istifadə edilməsi Qərbin özünün müəllifi olduğu və təbliğ etdiyi dəyərləri lazım gəldikdə heçə saydığını göstərir.

Geri dön