Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Deputatlar siyasi məhbuslar siyahısını qəbul etmirlər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Deputatlar siyasi məhbuslar siyahısını qəbul etmirlər

Deputatlar siyasi məhbuslar siyahısını qəbul etmirlər


Son günlərdə "Azərbaycan Siyasi Məhbuslara Azadlıq" İttifaqı və Vahid Siyasi Məhbus Siyahısının hazırlanması üzrə İşçi Qrup Azərbaycanda olan siyasi məhbusların siyahıları açıqlayıb. Hər iki siyahıda təxminən 120 nəfərin adı yer alıb. Onların arasında jurnalistlər və blogerlər, hüquq müdafiəçi, siyasətçilər və inanclı adamlar var.

Bu ilin martında prezident İlham Əliyevin imzaladığı əvf sərəncamı ilə 52 siyasi məhbus sayılan şəxs azadlığa buraxılmışdı. Həmin şəxslərin adları siyahılardan çıxarılsa da, yeni siyahılara 2018-ci ilin iyul ayında Gəncə hadisələrinə görə həbs olunmuş 52 nəfərin adı əlavə olunub. Bununla da, siyahıda adlar dəyişsə də, sayda geç bir dəyişiklik olmayıb.

İnsan hüquqları üzrə Birgə İşçi Qrupun üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğlu siyahılarda açıqlanmış rəqəmlərin həqiqətə uyğun olmadığını bildirib. "Rəqəm çox şişirdilib. Hesab edirəm ki, təşkilatlar bu cür siyahıları tərtib etməklə, əsl siyasi məhbus olanların azadlığa çıxmasına mane olurlar. Onlar bu siyahılara kimi gəldi daxil edirlər. Əslində hazırda həbsdə olan siyasi məhbusların sayı 32 nəfərdən çox deyil", - deyə, Cəfəroğlu vurğulayıb.

Millət vəkili Fərəc Quliyev Turan-a bildirib ki, siyahıların heç biri ilə tanış olmasa da, onların həqiqətə uyğun olmadığını bilir. Deputatın sözlərinə görə, Azərbaycanda siyasi məhbus problemi yoxdur və syasi məhbus adlanan şəxslər siyasi motivlərlə həbs olunmayıb. "Hər hansı jurnalisti və ya siyasətçini həbs olunan kimi siyasi məhbus adlandırmaq düzgün deyil. Hamı qanun qarşısında bərabərdir. Bir də görürsən ki, korrupsiyaya görə həbs olunmuş şəxsin adını siyasi məhbuslar siyahısına əlavə ediblər. Bu, anormal yanaşmadır. Azərbaycanda nə qədər adam siyasətlə ciddi məşğul olur ki, onlardan 117-si siyasi mübarizəyə görə həbs olunsun?".

Quliyev hesab edir ki, Azərbaycanın imicinə zərər gətirmək üçün siyahıların tərtib edilməsi, müəyyən yerlərə təqdim edilməsi qəbulolunmazdır. O əlavə edib ki, müxtəlif siyahılarda olan şəxslərin adları üstündə təşkilatlar arasında mübahisələr olub. "Bu gün adamın azadlığını tələb edirlər, 5 gün keçməmiş o, azadlığa çıxandan sonra ona qarşı kampaniyalar aparırlar. Bunu da görmüşük. Ona görə də tərtib edilən bu siyahıları Quran ayəsi kimi qəbul etmirəm və doğru olmadığını düşünürəm".



"Azərbaycanda siyasi məhbus yoxdur, insanlar ictimai-siyasi fəaliyytlərinə görə cəzalandırılmırlar". Bu sözləri isə Milli Məclisin deputatı Musa Quliyev bidirib.

Onun sözlərinə görə, insanlar törətdikləri əməllərinə uyğun cəza alırlar: "Burada müxalifət partiyasının nümayəndəsi də, hakimiyyət partiyasının nümayəndəsi də, sıravi vətəndaş da ola bilər. Qanun isə kimin hansı təbəqədən olmasını yox, kimin günahkar olub-olmamasını müəyyən edir", deyə deputat bildirib.

Hüquq müdafiəçisi, "Azərbaycan Siyasi Məhbuslara Azadlıq" İttifaqının üzvü Eldəniz Quliyevin dediyinə görə, Azərbaycan hakimiyyəti ölkədə siyasi məhbus problemi olmasını qəbul etməsə də, bu, danılmaz faktdır. "Hakimiyyət nümayəndələri, millət vəkilləri bilə-bilə ki, ölkədə siyasi məhbuslar var, bunu inkar edirlər. Tərtib etdiyimiz siyahı isə şişirdilməyib, əksinə, əgər biz daha intensiv fəaliyyət göstərə bilsəydik, bu siyahı bir neçə dəfə artacaqdı. Bu, faktdır".

Quliyev bildirib ki, mart ayında imzalanmış Əvf Fərmanı siyasi məhbus problemini həll etməyib. "Təəssüf ki, ölkədə pis ənənəyə çevrilib ki, bir neçə siyasi məhbus buraxılırsa, onların yeri doldurulmalıdır. Hakimiyyət "müqəddəs yer boş olmur" prinsipi ilə işləyir və repressiya dalğası yeni adamları aparır. Əvfdən sonra ümid yeri yarandı, lakin "Gəncə işi" ilə bağlı məhkəmə qərarları bu ümidi puç etdi".

Turan.az

Geri dön