Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ənnağı Hacıbəyli Əli Kərimlinin troll şəbəkəsini ifşa etdi və Milli Şuradan çıxdı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > Ənnağı Hacıbəyli Əli Kərimlinin troll şəbəkəsini ifşa etdi və Milli Şuradan çıxdı

Ənnağı Hacıbəyli Əli Kərimlinin troll şəbəkəsini ifşa etdi və Milli Şuradan çıxdı


Tanınmış hüquqşünas, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Ənnağı Hacıbəyli AXCP ilə yollarını ayırdığını bəyan edib.

Bu barədə hüquqşünas özünün “Facebook” səhifəsində yazıb.

Ə.Hacıbəyli son günlər AXCP üzvləri tərəfindən təhqir edildiyini bildirib:

“1998-ci ildən vətəndaş cəmiyyəti sektorunda fəaliyyət göstərirəm. Elədiklərim barədə heç nə deməyəcəm. Bilən bilir, bilmək istəməyənlərə isə nəsə demək mənasızdır. İşim, mövqeyim və qardaşlarıma görə çoxları məni cəbhəçi sayıb. Xeyli dərəcədə haqlıdırlar, çünki cəbhəçilik təkcə AXCP üzvü olmaq deyil, həm də müxalif düşüncənin, haqq-ədalət yandaşlığının, əqidəli, ləyaqətli olmağın sinonimidir.

2013-cü ilin prezident seçkilərində Milli Şuranın rəhbər orqanının fəal üzvü kimi hər şey gözlərim qarşısında baş verirdi. İctimai Palatada (KŞ-nin üzvü olmuşam), sonra isə prezident seçkilərində müşahidələrim məni xeyli məyus elədi. Seçkinin nəticələri ilə bağlı bir analitik yazı yazdım, səhvləri, nə etmək gərək olduğunu göstərdim. Müsavatçılardan bir neçə nəfər onların xoşuna gəlməyən adi tənqidi bir cümləyə görə məni təhqir elədilər. Amma heç kəs mənə satqın və yaltaq demədi. Amma Fuad bəy (Qəhrəmanlı-red.) olayı ilə bağlı fikrimə görə, cəbhəçilər məni satqın və yaltaq adlandırdı. Status ilə müzakirə açan dostumuz Namizəd bəy (Namizəd Səfərov nəzərdə tutulur - red.) nəinki susdu, hətta təhqiramiz rəylərin əksəriyyətini bəyəndi.

2013-cü ilin dekabrından bu ilin mayınadək 6 il Baş Prokurorluğun Ağır cinayətlər İdarəsi mənim və təmsil etdiyim təşkilat barədə cinayət işi olmadan istintaq apardı. Təkrar-təkrar yoxlamalara, ekspert rəylərinə və s. baxmayaraq əsas tapıb mənə ittiham elan edə bilmədi, amma cəbhə rəhbərliyinin ruporu İlham Hüseyn mənə qrant yeyib susan, ağzını skoçlayan ittihamı verdi.

Zərdabdan Avropayadək uzanan ekspertlər mənə ad qoydular, məni, nəslimi, mövqeyimi dəqiq tanıyan və bilən Əli Kərimli onunla kifayətləndi ki, başqasını nahaqdan, xorla təhqir edən adamlara trol demək olmaz. Trol definisiyasına sığmayan adamların isə başqalarının təhqiramiz olmayan fikrinə təhqirlə cavab verməsinə normal baxmaq olar, eləmi? AXCP NTK-ya müraciət etməyi tövsiyə edən sədr bilmirmi ki, o rəyləri yazanlar içərisində həmin o NTK üzvləri də var.

İndi hakimiyyətin “cib” müxalifətinə çevrilmiş partiya başqanları və üzvlərinin bizi təhqir etməsinə cavab versəm də, onları ciddi qəbul etməmişəm. Amma ciddi müxalifət partiyaları, əqidə yaxınlığımız olan adamların belə münasibəti üzücü oldu və münasibətlərimiz barədə düşünməyə əsas verir. Hətta tənqidçilər arasında trol, fürsətcil, satqınlar olsa belə, hamıya it sürüsü demək cəbhəyə nə qazandıra bilər? Bu düşüncəyə şərik olmaq adama ağır gəlir.

Ya səhvlərimizi etiraf etməliyik, ya da kiminlə müttəfiq olmağımız barədə düşünməliyik. Bu, bəzilərinin anladığı cəbhə dəyişmək deyil, sadəcə, döyüşə getdiyin adamlara inam və etibar məsələsidir, qarşılıqlı hörmət və səmimiyyət məsələsidir. Kimlərsə məni, xoşlamadığı adamları itirməyi mənasız itki saya bilər, amma hakimiyyət uğrunda mübarizə hər bir səs uğrunda mübarizə deməkdir.

Sonda bir qənaətimi də deyim: bütün bunlar onu göstərdi ki, Azərbaycanda sistem müxalifəti yoxdur, müxalifət sistemi var.

P.S. Çalışacam heç kimə cavab verməyim. Bu yazı cavab üçün deyil, düşünmək üçündür. Ləyaqətli mübarizə aparan bütün şərəfli insanlara uğurlar”.

Geri dön