Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qulamrza Məhəmmədəli oğlu Səbri Təbrizi / TƏBRİZİLƏR
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan-Təbriz, DAVAMın yazıları > Qulamrza Məhəmmədəli oğlu Səbri Təbrizi / TƏBRİZİLƏR

Qulamrza Məhəmmədəli oğlu Səbri Təbrizi / TƏBRİZİLƏR


EY ƏZİZ VƏ DOĞMA ANA VƏTƏNİM, ODLAR DİYARI AZƏRBAYCAN. SƏN DAHİ OĞLUN, İCTİMAİ XADİM, ƏDƏBİYYATŞÜNAS ŞAİR, TƏRCÜMƏÇİ, SADƏ, SƏMİMİ VƏ MEHRİBAN İNSAN PROFESSOR QULAMRZA MƏHƏMMƏDƏLİ OĞLU SƏBRİ TƏBRİZİ İLƏ DAİMA FƏXR ET.

Cənubi Azərbaycanın qədim, zəngin mədəniyyət mərkəzi və inqilablar beşiyi olan Təbriz şəhəri müxtəlif əsirlərdə alim, filosof, şair, ədəbiyyatşünas və s. bəşəriyyət və dünya üçün Təbrizilər yetirmişdir. Qətran Təbrizi, Xətib Təbrizi (XI əsr); Əbu Səyid Təbrizi (XIII əsr); Əssar Təbrizi (XIV əsr); Vahid Təbrizi (XV əsr); Sadıq bəy Əfşar Təbrizi (XVI əsr); Qövsi Təbrizi, Saib Təbrizi, Rəcəbli Təbrizi, Məhəmmədrza İbn Əbdülmütəllib Təbrizi (XVII əsr); XX əsrdə isə Qulamrza Səbri Təbrizini yetirmişdir.

Qulamrza Məhəmmədəli oğlu Səbri Təbrizi 1934-cü ilin mart ayının 21-də Cənubi Azərbaycanın Təbriz şəhərində anadan olmuşdur. Onun atası Məhəmmədəli Təbrizdə xalça fabrikinin sahibi olmuşdur.

Q.S. Təbrizinin uşaqlıq illəri 1945-1946-cı illərdə böyük, maarifpərvər-inqilabçı Seyid Cəfər Pişvərinin başçılığı ilə yaradılmış Azərbaycan Milli Hökuməti devrinə təsadüf edir. Bu inqilabi tarixi hadisə onun yaddaşında silinməz izlər buraxmışdır.

O, 1941-ci ildə Təbriz şəhərində orta məktəbə daxil olmuş və 1953-cü ildə Təbriz Universitetinin ingilis-fars filalogiya fakültəsinə daxil olmuş və 1958-ci ildə müvəffəqiyyətlə bitirmişdir. O, əvvəlcə Amerika hərbi idarəsində tərcüməçi, sonra isə orta məktəbdə müəllim işləmişdir. Uşaq yaşlarında Azərbaycan xalqının fars şovinizminin zülmünə məruz qaldığını, Azərbaycan dilində oxuyub-yazmaq hüququndan məhrum olduğunu anlayan Q.S. Təbrizi işlədiyi vaxtlarda bu zülmün daha da amansız olduğuna görə doğma Ana Vətəni Azərbaycanı tərk edərək Türkiyəyə gedir. 1960-cı ildə İstanbul Universitetində disertant kimi fəaliyyətə başlayır. Türkiyədə 1960-cı ildə çevriliş olduğu üçün İrana qayıdır. İranda bir neçə ay qaldıqdan sonra izlənməkdən və təhlükədən xilas olmaq üçün İngiltərəyə gedir. İngiltərə Edinburq Universitetində 1963-cü ildə <<Villiam Bleykin dialektik fikri, social görüşləri>> mövzusunda doktorluq dissertasiyasını müdafiə edir. Londonda və Nyu-Yorkda həmin dissertasiya 1973-cü ildə <<Villiam Bleykin cəhənnəmi və cənnəti>> adı ilə nəşr edib. Bu kitab elmi-səciyyəvi xarakter daşıyır. Q.S. Təbrizinin yaradıcılığında xüsusi yer tutan və 10 ildən artıq elmi axtarışların məhsulu olan bu tədqiqatda ingilis romantik ədəbiyyarının görkəmli nümayəndəsi olan Villiam Bleykin zəngin ədəbi irsi Qərb və Şərq dəyərləri konteksində təhlil edilib. Böyük Britaniyanın ən mötəbər mətbuat orqanları bu kitab haqqında resenziyalar dərc etmişlər. Elmi ictimaiyyət isə onu yüksək qiymətləndirmişdir. Bu isə professorun fəlsəfi-ədəbi axtarışlarının uğurlarından biridir.

Q.S. Təbrizi <<İran – bir uşağın hekayəsi, bir böyüyün təcrübəsi>> adlı elmi-publisistik ikinci kitabını nəşr etdirmişdir. O, bu kitabında Cənubi Azərbaycanın tarixi, mədəniyyəti, adət-ənənələri və ədəbiyyatı haqqında geniş məlumat vermişdir. Cənubi Azərbaycanda 1945-1946-cı illərdə görkəmli inqilabçı Seyid Cəfər Pişəvərinin başçılığı ilə yaradılmış Azərbaycan Milli Hökumətinə xüsusi diqqət yetirmiş və həmin illəri uşaq təəsüratı və xatirələri fonunda əks etdirmişdir. Bu əsər İngiltərə mətbuatında diqqətlə öyrənilmiş və əsər haqqında müsbət rəylər dərc olunmuşdur.

Qulamrza Səbri Təbrizi 1993-cü ildə <<Vətən həsrəti>>, 1997-ci ildə <<Mənim iki dünyam>>; <<Fikir dalğaları>>; <<Həyat fəlsəfəsi>>; 2000-ci ildə <<Baxışlar, düşüncələr, arzular>>; 2001-ci ildə <<Sönməz ocaq>>; 2002-ci ildə <<Ümid çırağı>> <<Seçmə şeirlər>>; 2003-cü ildə <<Qürbət harayı>> 2005-ci ildə <<Xudafərin>>; 2006-cı ildə <<Zamanın nəbzi>>; <<Müdriklik fəlsəfəsi>>; <<Azərbaycanın tarixi, canlı mənzərələri>>; 2007-ci ildə <<Parçalanmış millətin harayı>>; 2009-cu ildə <<Seyid Cəfər Pişəvəri>>; <<Sahilsiz dəniz>>; <<Səssiz haray>>; 2009-2010-cu ildə <<Güney Azərbaycan tarixi, siyasi və kulturoloji müstəvidə>> və sair elmi-publisistik kitabları nəşr olunmuşdur. Bu kitablarda müəllifin şeirləri, çıxışları, müsahibələri və xatirələri dərc olunmuşdur.

Bundan əlavə Q.S. Təbrizi Azərbaycan, İran və Şərq mədəniyyətinin Ömər Xəyyam, Nizami Gəncəvi, BiruniŞ, Şeyx Mahmud Şəbustəri, Məhəmməd İqbal, Mirzə Əli Möcüz, Şeyx Cəmaləddin Əfqani, Mirzə Ələkbər Sabir, İrəc Mirzə, Qulam Hüseyn Səedi, Səməd Bəhrəngi və Məhəmmədhüseyn Şəhriyar kimi klassiklər haqqında onlarla araşdırmaların müəllifidir. Onun araşdırmaları və elmi tədqiqatları nəticəsində Azərbaycan ədəbiyyatının bir çox klassiklərinin yaradıcılıq yolu ingilis oxucularına çatdırılmışdır. Q.S. Təbrizi dünyanın otuzdan artıq ölkəsində keçirilən Beynəlxalq elmi simpoziumların iştirakçısı olmuş, Azərbaycan ədəbiyyatını və mədəniyyətini layiqincə təmsil etmişdir. Böyük Britaniyanın Edinburq Universitetində onun rəhbərliyi altında <<1941-1947-ci illərdə İranda siyasi partiyalar və Azərbaycan Demokrat Filqəsi>>; <<Şeyx Məhəmməd Xiyabani və Azərbaycanda demokratik hərəkat>> və başqa mövzularda doktorluq dissertasiyaları hazırlanıb və uğurla müdafiə olunmuşdur.

Q.S. Təbrizi uzun illərdən bəridir ki, Böyük Biritaniyada Azərbaycan Respublikasının qeyri rəsmi elçisi kimi fəaliyyət göstərir, elmi-bədii yaradıcılığını uğurla davam etdirir. Azərbaycan mətbuatında klassik və müasir ədəbiyyatımızın müxtəlif problemlərinə və ayrı-ayrı şəxsiyyətlərin yaradıcılığına həsr olunmuş məqalələri diqqət və maraqla qarşılanır. Azərbaycanın müxtəlif Universitetlərinin dəvəti ilə ingilis ədəbiyyatı tarixindən mühazirələr oxuyur.

Böyük Biritaniyanın müxtəlif televiziya və radio kanallarında siyasi icmalçı kimi çıxış edir. O, Azərbaycan Respublikasının problemlərini xüsusilə Qarabağ müharibəsi haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırır. Bu məqsədlə o, dəfələrlə Azərbaycana gəlmiş, respublikamızın siyasi vəziyyəti ilə yaxından tanış olmuş və Azərbaycan haqqında televiziya üçün müxtəlif verilişlər çəkmiş, Böyük Biritaniyanın televiziya kanallarında göstərmişdir. O, 1990-cı ildən Azərbaycandakı qanlı Yanvar hadisələrini dünyaya çatdırmış, Azadlıq və İstiqlaliyyət mübarizəsinə qalxan doğma Azərbaycan xalqının haqq səsinə səs vermiş, işğalçı rus ordusunun cinayətkar əməllərini ifşa etmişdir. Onun qanlı Yanvar hadisələri ilə bağlı BBS televiziya radiosu ilə çıxışları Azərbaycanın düşdüyü informasiya blokadasını yarmış faciələrin canlı, real mənzərəsini dünya xalqlarına çatdırmışdır.

O, eyni zamanda ictimai xadimdir. Onun Azərbaycan diasporu ilə gördüyü işlər xüsusi təqdirə layiqdir. Diasporun təşkilatlanması Azərbaycanla əlaqəsinin güclənməsi, milli problemlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində gördüyü işlər xüsusi yer tutur. 2001-ci ilin noyabr ayının 9-11-də Bakı şəhərində Azərbaycanlıların I qurultayında fəal iştirak etmiş və qurultayın qərarı ilə yaradılmış Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının sədr müavini seçilmişdir. O, hal-hazırda bu sahədə fəaliyyətini uğurla davam etdirir. Q.S. Təbrizi Böyük Britaniyada təsis olunmuş <<Ana Dili>> fondunun sədridir. Fondun yaradılması Cənubi Azərbaycanda Azərbaycan dilində yazmaq-oxumaq hüququndan məhrum olmuş 35 milyondan artıq azərbaycanlıların qürurunun qorunmasına dəstək olur. <<Ana Dili>> fondunun köməyi ilə azərbaycanlılar Avropanın və Azərbaycanın müxtəlif Universitetlərində təhsil alırlar. Fondun köməkliyi ilə Azərbaycan şair, yazıçı və alimlərinin kitabları çap olunub. Cənubi Azərbaycanda kitab nəşrinin və milli mətbuatın dərc edilməsi üçün fondun gördüyü işlər təqdirə layiqdir.

Q.S. Təbrizi 2007-ci ilin iyun ayında Almaniyanın Köln şəhərində keçirilmiş Dünya Azərbaycanlılarının konqresinin qurultayında səs çoxluğu ilə Dünya Azərbaycanlıları konqresinin sədri seçilmişdir. O, Diasporun quruculuğu sayəsində yorulmaq bilmədən uzun müddət qazandığı təcrübəsini Azərbaycan xalqına mübarizə yolunda davam etdirməsindən qürur duyur. Bu xidmətinə görə Azərbaycan respublikasının prezidenti cənab İlham Əliyev tərəfindən 2006-cı ildə <<Tərəqqi>> medalı ilə təltif olunmuşdur. O, Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvüdür. Azərbaycan ədəbiyyatını beynəlxalq aləmdə təbliğinə görə 2003-cü ildə Türkiyədə fəaliyyət göstərən Kipr Balkanlar və Avrasiya Türk Ədəbiyyatları qurumunun (KİBATEK) uluslararası ədəbiyyat ödülünə layiq görülmüşdür. Təşkilatın dəstəyi ilə onun şeirləri Avropanın bir çox dillərinə tərcümə olunmuş və çeşidli türk dünyası ədəbiyyatı antologiyalarına daxil edilmişdir.

Qulamrza Səbri Təbrizi ailəlidir, 5 uşağı olub, onlardan ikisi dünyasını dəyişib (vəfat edib), nəvələri var.

Sadə, səmimi və mehriban insan, ictimai-siyasi xadim, şair, ədəbiyyatşünas, tərcüməçi, professor Qulamrza Məhəmmədəli oğlu Səbri Təbrizini doğan anaya, Azərbaycan Qadınına eşq olsun!

Onu yetirən odlar diyarı Azərbaycan torpağına eşq olsun!

Qulamrza Məhəmmədəli oğlu Səbri Təbrizinin şöhrəti nəsillərdən-nəsillərə miras qalacaq, daimi və əbədi yaşayacaqdır.



Əli DƏSTİ
Gəncə şəhər İranlı Mühacirlər Cəmiyyətinin sədri

Geri dön