Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Səid Nəccari: Dillərin toqquşması
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Səid Nəccari: Dillərin toqquşması

Səid Nəccari: Dillərin toqquşması


İranda yaşayan türklərin arasında ikidilliliyə ötəri bir baxış

Bir bölgə və ya ölkə sakinlərinin gündəlik yaşayışında ən azı iki dildən faydalanma (bu dilləri başa düşüb, onlarda yazıb-oxuma) bacarığına ikidillilik deyilir. İkidilli şəxs hər iki dili yaxşı anlayaraq, o dillərdə qarşılıqlı ilgi və əlaqə yaratma bacarığına malikdir. Müxtəlif dillərdə danışanlar arasında baş verən uzunsürəli ilişkiyə dil toqquşması deyilir. 5000-dən çox dil 200-yə yaxın ölkədə danışılaraq toqquşmaqdadır. İki və ya neçə dilin bir bölgədə, qonşu bölgələrdə danışılması o dillərdə danışanların bir-biriylə müxtəlif sahələrdə ilişki yaratdıqları nəticəsində dil toqquşması baş verir. Dillərin toqquşmasında, təbii olaraq, bir dil daha çox o biri dili (və ya dilləri) təsir altına alır. Burada, təsir edən dili yenən dil, təsirə məruz qalan dili (və ya dilləri) isə yenilən dil adlandırmaq olar. Bu təsir müxtəlif sahələrdə baş verir. Əlbəttə yenilən dil də yenən dilə təsir göstərir. Demək, bu bir növ tən olmayan qarşılıqlı təsirdir və onun ağırlığı yenən dilə doğru yönəlir və müxtəlif alanlarda özünü göstərir. Yenən dil səsbilim, sözdüzümü, anlambilim, salamlaşma və başqa sahələrdə onunla toqquşan dili (və ya dilləri) etkiləyir. Yenən dillə yenilən dil arasında olan fasilə müxtəlif yerlərdə baş verən dil toqquşmalarında eyni deyil. Bəzi yerlərdə bu fasilə çoxdur və yenən dillə yenilən dili aydınca bir-birindən seçmək mümkündür. Bəzi yerlərdə isə bu fasilə azdır və yenən dillə yenilən dili bir-birindən seçmək çətin olur. Dil toqquşması, çoxraq, köçmən qəbul edən yerlərdə baş verir. İran, ABŞ, Güney Amerika ölkələri və başqa yerlər dillərin toqquşma meydanının ən çox gözə çarpan yerlərindəndir. Dillərin toqquşması nəticəsində ikidillilik (və ya çoxdillilik) ortaya çıxır.

İkidillilik (və çoxdillilik)

Bir bölgədə və ya ölkə sakinlərinin gündəlik yaşayışında ən azı iki dildən faydalanma (bu dilləri başa düşüb, onlarda yazıb-oxuma) bacarığına ikidillilik deyilir. İkidilli şəxs hər iki dili yaxşı anlayaraq, o dillərdə qarşılıqlı ilgi və əlaqə yaratma bacarığına malikdir. Normal şəraitdə bu iki dildən biri şəxsin ana (və ya birinci) dili, o biri dil isə bölgədə və ya ölkədə danışılan dillərdən biridir. Şəxsin ana dili ölkənin rəsmi dili olursa, o, ölkədə danışılan başqa dillərə əhəmiyət verməyib, nəticədə birdilli olur. Amma şəxsin ana dili ölkənin rəsmi dili olmazsa, ikidillilik olayı baş verir. İkidilli kimsə öyrəndiyi dilləri müxtəlif yerlərdə və durumlarda işlədir. Örnək üçün, bir dili iş yerində və ya rəsmi yerlərdə, başqa dili isə evdə və ya rəsmi olmayan yerlərdə danışır. Dillərdən biri elmi və rəsmi danışıqlarda, o birisi isə rəsmi olmayan durumda və özəl duyğuların anladılmasında işlənilir. Dillərin haralarda danışılması, onların yenən və yenilən dil durumunda olmalarından asılıdır. Dünyanın bir çox ölkələrində ikidillilik vardır və çox xalqlar ikidillidirlər. Özəlliklə, Üçüncü Dünya ölkələrində, irəliləməkdə olan ölkələrdə və köçmən qəbul edən bir sıra Batı ölkələrində ikidillilik çox adi bir məsələdir. Örnək üçün, İranda yaşayan Türklər və ya ərəblər ikidillidirlər. Əgər şəxs iki dildən çox dildə danışmaq və ilgi yaratmaq bacarığına malik olub, gündəlik yaşayışında bu dilləri qullayırsa, çoxdillilik olayı baş verir. Örnək üçün, Qərbi Azərbaycanda yaşayan kürdlər kürd, türk və fars dillərində danışdıqlarına görə çoxdilli sayılırlar.
İkidilliliyin növləri
Bir toplumda, ümumi olaraq, iki dil danışanların sayısı baxımından, iki növ ikidilliliklə rastlaşmaq olar: toplu ikidillilik və bireysəl ikidillilik. Toplu ikidillilik: bu ikidillilik, iki dildə danışan bir toplumu içinə alır. Deməli, bir bölgədə yaşayan əhalinin hamısı iki dildə danışaraq, yazıb-oxumaq bacarığına malikdir. Misal üçün, Kanadanın Kvebek ştatında xalq iki, fransız və ingilis dillərində yazıb-oxuyur. Bu növ ikidillilik iki rəsmi dili olan ölkələrdə vardır. Bireysəl ikidillilik: bu ikidillilik, iki müxtəlifdilli ata-anası olan uşaqda özünü göstərə bilər. Deməli, bir uşağın anası bir dildə, atası isə başqa bir dildə danışarsa, uşaq evdə iki dili də mənimsəyərək öyrənir. Belə olursa, bireysəl ikidillilik ortaya çıxır. Örnək üçün, bir ingilisdilli kişi bir fransızdilli qadınla evlənirsə və iki dil də evdə danışılırsa, onların uşağı ikidilli böyüyəcəkdir.

Dillərin toqquşması və ikidillilik

Bir bölgədə dillərin toqquşması baş verdikdə, dilçilik baxımından iki növ ikidilliliklə rastlaşmaq olar: normal ikidillilik və anormal ikidillilik. Normal ikidillilikdə hər iki dil önəmsənilir. Deməli, iki dil də, rəsmi olaraq, yazılıb-oxunur və dövlət tərəfindən dəstəklənir. Bu dillərdə danışanlar hər iki dili öyrənərək, onlarda ilgi yaratma məharətini əldə edirlər. Adi olaraq, irəliləmiş ölkələrdə bu növ ikidillilik baş verir. Bu ölkələrdə dövlət bütün dillərə əhəmiyət verib, onların akademik formada öyrənilməsinə imkan yaradır. Beləliklə, müxtəlif xalqlar, təbii olaraq, öz ana dillərindən savayı o biri dilləri də öyrənirlər və normal bir ikidillilik (və ya çoxdillilik) yaranır. Bu növ ikidillilikdə dillərin səviyəsi təxminən eynidir. Yenən və yenilən dil məsələsi çox da gözə çarpmır. Bu ikidillilik, yalnız, bir sıra ölkələrdə mövcuddur. Misal üçün, İsveçrədə yaşayan xalqlar iki və ya üçdillidirlər. Bu bölmədə ikinci növ ikidillilik anormal (və ya qeyri-təbii) ikidillilikdir. Dövlət tərəfindən, toqquşan dillərin birinə üstünlük verilib, yalnız, bir dil rəsmi dil olursa, bu növ ikidillilik baş verir. Anormal ikidillilikdə yalnız dillərdən biri önəmsənilir və yazılıb-oxunur. O biri dil üçün bu şəraitin yaradılmaması nəticəsində iki dilin səviyəsi fərqlənir və yenən və yenilən dil məsələsi gözə çarpıcı şəkildə özünü göstərir. Bu məsələ, bir dilin hücumçu olması, başqa dilin isə hücuma məruz qalması deməkdir. Anormal ikidilliliklə böyüyənlər yalnız bir dildə ilgi yaratma və yazıb-oxuma bacarığını əldə edə bilirlər. Öz ana dilində sadə danışıqlardan başqa heç bir bacarığa malik deyillər. Dünyanın bir çox ölkələrində, o cümlədən, Üçüncü Dünya ölkələrində bu məsələ ilə rastlaşmaq olar. Biz bu yazıda, içində anormal ikidillilik yaşanan “İran”ı dilçilik baxımından qısaca araşdıracağıq.

Anormal ikidillilikdə toqquşan dillərin durumu və yerləri

Dünyada dil sahəsində baş verən hadisələr və dəyişikliklərin çoxu dillərin anormal şəraitdə bir-biriylə toqquşmalarından irəli gəlir. Yuxarıda xatırlatdığımız kimi, normal ikidillilikdə toqquşan dillərin önəmlilik səviyəsi təxminən eynidir və dillərin arasında olan fərq onları gərgin yenən və yenilən dillər durumuna gətirib çıxartmır. Amma anormal ikidillilikdə toqquşan dillərin arasında olan fasilə çoxdur. Deməli, dillərin biri yuxarı qatda, başqası isə aşağı qatda yerləşir. Dillərin biri rəsmi, başqası isə qeyri-rəsmi sayılır. Yenən dil bütün sahələrdə yenilən dili öz tə'siri altına alır və demək olar ki, istədiyi kimi bu dildən faydalanır. Yenilən dilin yenən dilə göstərdiyi təsir isə gözlə görünmür. Örnək üçün, yenilən dildən yenən dilə gedən sözcüklər başqa qılığa düşərək, yenilən dildə də yenən dildə işlənildiyi biçimdə və anlamda işlənilir. Bu haqda, İranda Türk dili ilə fars dilini nəzərə almaq olar. İllər boyu bu iki dil müxtəlif sahələrdə qarşılıqlı təsir vəziyətində yaşayıblar. İndiki dövrdə fars dilinin yenən dil durumuna gətirildiyinə görə bütün təsirlər bu dilə nisbət verilir. Misal üçün, “doğulu” sözcüyü yüz illər öncə Türk dilindən fars dilinə borc verilibdir. Bu sözcüyün həm biçimi, həm də anlamı fars dilində dəyişdirilib və ondan çeşidli sözcüklər və söz birləşmələri törədilib. Bu sözcüklər və söz birləşmələri isə fars dilində işlənildiyi kimi bu gün Türk dilində də işlənilir. “doqolu”, “seqolu”, “çaharqolu” və bu kimi sözləri örnək gətirmək olar. Türk köklü insan adlarını nəzərə alanda, bu adların Türk dilində fars tələffüzlü işlənildiyini görə bilərik. Məsələn, “Aydın”, “Aylın”, “Böyük”, “Bəyli” və “Qulu” kimi adlar fars tələffüzünü alaraq, “Aydin”, “Aylin”, “Biyuk”, “Beyglu” və “Qoli” kimi tələffüz olunur.

İkidillilikdə işlənilən dilçilik terminləri və onların İran'dakı anormal ikidilliliyə uyğulanılması

Biz burada ikidillilikdə işlənilən müxtəlif dilçilik terminlərini qısaca açıqlayaraq, İranda Türk və fars dillərinə uyğulayacağıq:
Ana dili (birinci dil): insanın öyrəndiyi ilk dilə deyilir. Bu dildə ilgi yaratma danışan üçün çox rahat və təbiidir. İkidilli (və ya neçədilli) ölkələrdə bir şəxsin ana dili rəsmi dil olmasa, o, başqa dili (və ya dilləri) öyrənməlidir. Bu terminin qarşıdı ikinci dildir.
İkinci dil: genəl anlamda, birinci dildən sonra öyrənilən dilə deyilir. Bir bölgənin (və ya ölkənin) birinci dili olmayan və başqa xalqlarla ilgi yaratmaqdan ötrü öyrənilən dildir. Misal üçün, Nigeriya, Sinqapur və Filippin kimi ölkələrdə İngilis dili ikinci dil olaraq işlənilməkdədir. Bu terminin qarşıdı ana dili və ya birinci dildir.
Yerli dil: ikidilli (və ya neçədilli) ölkələrdə rəsmi olmayan və yalnız, bir xalqın tərəfindən danışılan dilə deyilir. Bu terminin qarşıdı rəsmi dildir.
Rəsmi dil: dövlət tərəfindən müxtəlif rəsmi yerlərdə (rəsmi bəlgələrdə, məhkəm, qəzet, radio və televiziyalarda, ...) işlənilən dilə deyilir. Bir ölkənin bir və ya neçə rəsmi dili ola bilər. Örnəyin, Hindistanda 40-a yaxın rəsmi dil vardır. Bu terminin qarşıdı yerli dildir.
Ulusal (milli) dil: bir millətin ana (əsas) dilinə deyilir. Yalnız, bir millətdən oluşan ölkənin ulusal dili ilə rəsmi dili eynidir. Amma bir millətdən çoxunu içinə alan ölkələrdə ulusal dil rəsmi dil demək deyil. Bir sıra çoxmillətli ölkələrdə bir neçə rəsmi dil vardır. Bu terminin qarşıdı yabançı dildir.
Yabançı (xarici) dil: bir ölkədə danışılmayan və dışarıdan gələn dilə deyilir. Bu terminin qarşıdı ulusal dildir.
Yuxarı çeşid: iki dil bir-birinin yanında yaşayıb danışılanda, hər biri müxtəlif məqsədlər üçün işlənilir. Dövlət tərəfindən rəsmi olaraq işlənilən və yüksək sayılan dilə yuxarı çeşid deyilir. Bu terminin qarşıdı aşağı çeşiddir.
Aşağı çeşid: müxtəlif qeyri-rəsmi yerlərdə (ailədə, dostarası, ...) danışılan və dövlət tərəfindən tanınmayan və aşağı sayılan dilə deyilir. Bu terminin qarşıdı yuxarı çeşiddir.
Sayğın dil: yenilən dildə danışanlar tərəfindən danışılması şərəf sayılan, danışılanda onlara etibar qazandırır kimi görünən və toplumun yuxarı qatlarında danışılan dilə deyilir. Bu dil, adətən, rəsmi dil sayılır və şəxsin önəmli işləri bu dil araçılığı ilə görülür. Bu terminin qarşıdı düşük dildir.
Düşük dili: yenilən dil durumunda olan, o dildə danışmaqla ictimai baxımdan kiçiklik gətirən sayılan, qeyri-rəsmi yerlərdə və toplumun aşağı qatlarında danışılan dilə deyilir. Bu terminin qarşıdı sayğın dildir.
Ağa dil: şəxsin yaşayışında başqa insanlarla ilgi yaratmaqda çox önəm daşıyan, yenən toplumun dili olan və dövlət tərəfindən dəstəklənən dilə deyilir. Adətən, şəxs bu dildə yazıb-oxuyur. Bu terminin qarşıdı asılı dildir.
Asılı dili: toplumda ikinci dərəcəli sayılan, ölkədən dışarıdakı dillərlə ağa dil araçılığı ilə ilgidə olan və yazılıb-oxunması önəmsənilməyən dilə deyilir. Bu terminin qarşıdı ağa dildir.

Sonuc

İndi isə yuxarıdakı terminləri İranda danışılan Türk və fars dillərinə uyğulayacağıq. İran adlı ölkə dünyada çoxdilli ölkələrdən sayılır. Bu ölkənin coğrafi baxımdan stratejik bölgədə yerləşdiyinə görə müxtəlif xalqlar gəlib orada məskunlaşıblar. Bölgənin özünün isə tarix boyu yerli xalqları olubdur. Bu yerli xalqlardan biri də həmişə Türklər olublar. İranda tarix boyu Türklər yaşayıb, Türk dili isə bölgədə olan başqa dillərlə min illər boyu ilgi qurub və ortaq dil kimi qəbul edilmişdir. Doxsan il bundan öncə indiki İranın yaradılması ilə birlikdə vahid dil və vahid millət düşüncəsi ortaya qoyulubdur. Müxtəlif siyasi, iqtisadi və ictimai səbəblərə görə fars dili bu ölkənin ən əski dili kimi qələmə verilərək, burada yaşayan Türklər, ərəblər, kürdlər, bəluçlar, lorlar, kaspilər və başqa millətlərin kültür və dilləri gəlmə, yanal və ikinci dərəcəli sayıldı. Bu arada, Türklər və ərəblər başqa millətlərdən daha çox müxtəlif basqı və sıxıntılara məruz qaldılar. Türk dili və kültürünə bu növ anormal yanaşma, Türklərin dili və kültürünə çeşidli təsirlər göstəribdir. Bu təsirlər hələ də davam etməkdədir. Yuxarıda qısaca açıqladığımız dilçilik terminlərini bir-bir Türklər haqqında uyğuladığımızda diqqətəlayiq nəticələr əldə edilir.
1. Bugünkü İran qurulandan bəri rəsmi orqanlar tərəfindən bura birdilli ölkə elan edilib və ölkədə danışılan başqa dillər ya fars dilinin ləhcəsi kimi sayılıb, ya da gəlmə və yabançı bir dil kimi göstərilibdir. Örnək üçün, lorlar, kaspilər və bəluçların danışdıqları dillər fars dilinin müxtəlif ləhcələri, Türk dili isə gəlmə və yabançı dil sayılır. Buna görə də, ötən 90 ildə mərkəzi dövlətin yürütdüyü siyasətlər nəticəsində bugünkü durumda fars dilinin yenən dil, Türk dilinin isə yenilən dil durumuna gəlib çatmasını söyləmək olar. Bu yenik duruma düşmə İranda danışılan müxtəlif Türk dilləri haqqında bir səviyədə deyil. Misal üçün, Xələc Türkcəsi yox olmaq durumuna düşmüş və onun yenilgənliyi fars dili ilə toqquşmada çox yuxarıdır. Amma Azərbaycan Türkcəsi gərgin bir yenilgənlik dönəmini keçirdikdən sonra, bu gün dirçəliş prosesinin başlanğıcındadır.
2. “Ana dili” (birinci dil) və “ikinci dil” terminlərini nəzərə aldıqda, Türklər haqqında belə demək olar: Burada yürüdülən dil siyasəti nəticəsində fars dili ikidilli bölgələrdə (deməli, Türkcə və farsca birlikdə yaşadığı yerlərdə) Türklərin birinci dilinin yerini tutmaqdadır, amma fars dili Türk ailələrin çoxunda mükəmməl və yaxşı danışılmadığına görə bu şəraitdə böyüyən Türksoylu uşaqlar yarımçıq və naqis bir ana dilinə malik olurlar. Fars mədəniyyətli olmayan ata-analar kültürün dil yolu ilə ötürülən hissələrini uşaqlarına çatdıra bilmirlər. Buna görə də, uşaq bu baxımdan boşluqda qalır və onu doldurmaq üçün evdən eşiyə sığınır. Nəticədə qatma bir dilə və kültürə sahib olur. Amma (Azərbaycan kimi) Türk bölgələrində fars dili ilə Türk dilinin toqquşma yerləri rəsmi və dövlətə bağlı yerlərdə məhdud olur. Buna görə də, bu bölgələrdə Türk uşaq bir çevrədə böyüyərək bir həddəcən fars dilinin təsirinə məruz qalır. Misal üçün: Təbriz kimi bir Türk şəhərində əgər bir ailə uşağı ilə Türk dilində danışarsa, uşaq Türk dili və kültürünün ünsürlərini yaxşı mənimsəyə bilir. Deməli, uşaq Türk kültürlü böyüyür.
3. “Yerli dil”, “rəsmi dil”, “ulusal dil” və “yabançı dil” terminlərini nəzərə aldıqda, Türklər haqqında belə demək olar: Türk dili Türklər üçün yerli və ulusal dildir, fars dili isə rəsmi dil və hətta Türk bölgələrinin ucqar yerlərində yaşayan bir sıra Türkləri üçün yabançı dil sayılır. Məsələn: fars bölgələrindən uzaqda yaşayan və gündəlik yaşayışlarında fars dilinə ehtiyac duymayan Türklər üçün bu dil yabançı dildir. Əlbəttə İranda dövlət orqanları tərəfindən Türk dili Türklər üçün yerliləşdirilmiş yabançı dil kimi və fars dili rəsmi və ulusal dil kimi göstərilir. Hətta burada gedən bütün dil siyasətləri fars dilinin Türklər üçün yerli bir dil olduğunu da nişan alıbdır.
4. “Yuxarı çeşid” və “aşağı çeşid” terminlərini nəzərə aldıqda, Türk'lər haqqında belə demək olar: fars dili yuxarı, Türk dili isə aşağı çeşid durumundadır. Hətta Türk bölgələrində bu vəziyət dövlət tərəfindən də dəstəklənir. Dövlətə bağlı müxtəlif yerlərdə fars dilində danışılması zorunlu olub, hətta uşaq bağçaları və məktəblərdə fars dilinin yuxarı çeşidə, Türk dilinin isə aşağı çeşidə aid olduğu rəsmi şəkildə təbliğ olunur.
5. “Sayğın dil” və “düşük dil” terminlərini nəzərə aldıqda, Türklər haqqında belə demək olar: bu bölmə 4-cü bölmə kimidir. Fars dili sayğın, Türk dili isə düşük dil durumundadır.
6. “Ağa dil” və “asılı dil” terminlərini nəzərə aldıqda, Türklər haqqında belə demək olar: ümumiyətlə, fars dili ağa dil, Türk dili isə asılı dil durumundadır. Bu məsələni aydın şəkildə göstərmək üçün, örnək olaraq, Türk bölgələrində dövlət radio və televiziyanı Türk dilində, ancaq fars dili quruluşu ilə yayır və Türk-fars qarışığından oluşdurulan bu dili Azərbaycan Türkcəsinin standard ləhcəsi kimi göstərir.
Yuxarıda qeyd olunan faktlara görə ötən 90 ildə İranda hökümət sistemi tərəfindən yürüdülmüş siyasətlər nəticəsində bugünkü siyasi anlam daşıyan, İranda yaşayan Türklər arasında anormal və taysız bir ikidillilik törədilibdir. Bu anormal ikidillilik, kamil olaraq, Türkləri araya almış və fars dilini Türklərə ana, birinci, rəsmi, ulusal, yuxarı çeşid, sayğın və ağa dil kimi, Türk dilini isə onlara ikinci, yabançı, yerli, aşağı çeşid, düşük və asılı dil kimi göstərməkdədir. Bu anormal ikidilliliyin tanınmamış özəlliklərinin ətraflı öyrənilməsi, uzunsürəli elmi bir araşdırmanın aparılmasına bağlıdır.

Qaynaqça:
1. Wardhaugh, R., 1990, “An Introduction to Sociolinguistics, Basil Blackwell Inc.”, England.
2. Yule, G., 1985, “The Study of Language, Cambridge University Press”.
3. Hudson, R. A., 1980, “Sociolinguistics, Cambridge University Press”.
4. S. Falk, J., 1978, “Linguistics and Language”, John Wiley & Sons Inc., USA.
5. C. Richards, J., Platt, J. & Platt, H., 1992, “Dictionary of Language Teaching & Applied Linguistics”, Longman Group UK Limited.
6. Johanson, L., 2001, “Discoveries on the Turkic Linguistic Map”, Swedish Research Institute in Istanbul, Stockholm.


Geri dön