Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Öz dilini mənimsə ki, başqa dili dərk edəsən
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Öz dilini mənimsə ki, başqa dili dərk edəsən

Öz dilini mənimsə ki, başqa dili dərk edəsən


Günümüzün problemlərindən danışaraq, yazaraq və müzakirə edərək problemlərin bir qismini həll edə bilərik. Bunlardan biri də dil məsələmizdir. Bu məsələyə toxunmamın ilkin səbəbi ana dilimizdə səlist danışa bilməyən insanlarla rastlaşmağım, hər gün onları müzakirə obyektinə çevirməyim oldu. Bəli, mən onları qınayır və sərt şəkildə narazılığımı bildirirəm. Cəmiyyətimizdə öz dilini bilməyənlər yetərincədir və bundan zərrə qədər utanmırlar da. Bu məsələ sərt şəkildə müzakirə olunmalıdır.
Başlayaq elə təhsil sistemindən. Statistik göstəricilərə əsasən, Gürcüstanda Azərbaycandilli məktəblərin sayı azalıb. Bunun başlıca səbəbi nədir?
Hər bir valideyn düşünür ki, övladı başqa dilli məktəbdə təhsil alarsa daha savadlı olacaq. Şagirdi başqa dilli məktəbə qoyur və ya yarımçıq ana dilində olan məktəbdən çıxararaq rus, gürcü sektorlarına göndərir. Nəticə olaraq şagird alayarımçıq olur, nə öz dilini, nə də başqa dili mənimsəyə bilir. Çünki insan öz dilini mənimsəməsə, öz ana dilinin qrammatikasını yaxşı bilməsə başqa dili tam öyrənə bilməz. Valideynlərə hər zaman səslənirəm, övladlarınıza öz ana dilində oxumaları üçün fürsət yaradın. Dəfələrlə başqa dildə təhsil alan tələbələrin ətraflarında ünsiyyətdə necə çətinlik çəkdiyini müzakirə etmişəm, elə ailədə də ailəsi ilə düşüncə ayrılığı üzündən mübahisədə olduğunu görmüşəm. Səbəb isə hər bir fərd hansı dildə təhsil alırsa o dili öyrənməklə qalmır, eyni zamanda o dilin daşıyıcısı olan xalqın mentalitetini, folklorunu da mənimsəyir. Beləliklə şagirdlərdə öz ana dilində danışmaq üçün söz bazası olmur. Bəzən xarici dildə danışan gəncləri görürəm, bunu sırf dəb üçün edirlər. Burada Bəxtiyar Vahabzadənin şeiri yada düşür:

“Ey öz doğma dilində danışmağı ar bilən,
Bunu iftixar bilən
Modalı ədəbazlar,
Qəlbinizi oxşamır qoşmalar, telli sazlar...”

Başqa dilləri öyrənib öz dilimizi unutmaqla gələcəyimizi görmək yanlış olar, ancaq nə qədər dil öyrənsək o qədər də insanıq prinsipi ilə paralel olaraq xarici dilləri də öyrənməyimiz yaxşı olar.
Bəli, gürcücə bilməliyik, rəsmi dövlət dilimizdir, ancaq orta təhsili Azərbaycan dilində almalıyıq. Ali təhsili onsuz da dövlət dilində alırıq.
Hər bir xalq üçün ana dili bir libasdır, biz ana dilində elə daşımalıyıq ki, başqa millətlər də bizlərə hörmət etsinlər. Ana dilimiz bizim formalaşmağımız, bədii yaradıcılığımız üçün ən vacib ünsürdür. Yazını Firudin bəy Köçərlinin sözləriylə bitirmək istəyirəm: “Millət hər şeyini, hətta torpağını itirə bilər, bununla birlikdə yenə yaşaya bilər, fəqət millət dilini itirərsə ondan geriyə bir şey qalmaz”.

Laləzar Həsənova

Geri dön