Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyev:Açılan iş yerləri, Hərbçilərin mənzilləri, Xarici siyasət və s...
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev:Açılan iş yerləri, Hərbçilərin mənzilləri, Xarici siyasət və s...

Fərəc Quliyev:Açılan iş yerləri, Hərbçilərin mənzilləri, Xarici siyasət və s...


Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev 2015-2019-cu illər ərzində Milli Məclisin 115 iclasının 71-ində 177 təklif ilə çıxış edib. Həmin təklifləri hissə-hissə təqdim edirik.
14-cü hissə


66.Xarici siyasət- BMT-yə təzyiqlər və təsirlər edilməli: (17.03.2017)

Xarici siyasətlə bağlı olaraq bir məsələyə toxunmaq istəyirəm.
Xarici İşlər Nazirliyi, ümumiyyətlə, hamımız toplanaraq bu Qarabağla bağlı məsələyə köklü şəkildə yanaşmalıyıq. Yəni ATƏT-in Minsk qrupu uzun-uzadı şəkildə illərdir, süründürməçilik ilə məşğuldur. 25 ildir heç bir nəticə yoxdur. Biz BMT-nin qəbul elədiyi 4 dənə qətnamənin həyata keçməsi üçün, BMT Nizamnaməsinin 7-ci maddəsinin 47–48-ci paraqraflarının həyata keçməsi üçün toplanmalıyıq. BMT-yə mütəmadi olaraq təzyiqlər və təsirlər eləməliyik. Bəzən bizə elə gəlir ki, bu qətnamə BMT-də oturanların qarşısındadır, işləyəcəklər. Onların bəlkə də heç məsələdən xəbərləri yoxdur. Mən təklif edirəm, hökumət xüsusi bir qrup hazırlasın, bu məsələ ilə bağlı işləməsini təmin eləsin.

67.Bizim ən əsas məqsədimiz o torpaqları azad eləməkdir: (17.03.2017)

Ümumiyyətlə, biz müharibə ilə bağlı yeni konsepsiya həyata keçirməliyik. Ərazimizin 20 faizi işğal altındadır. Bizim vəsaitimizin böyük hissəsi, bəlkə də 80 faizdən çox hissəsi o 20 faiz ərazilərdə istehsal olunur. O ərazidən qovulmuş insanlarımız nəinki faydalı iş əmsalını ortaya qoymur, əksinə, özündən asılı olmadan yük olmağa başlayır. Ona görə də biz ərazilərimizin geri qaytarılması ilə bağlı işlər görməliyik. Mən təklif eləmişdim ki, daimi işləyən Qarabağ komitəsi olsun. Qanunverici və icra orqanı bir yerdə bu müharibəyə fərqli yanaşmalıyıq. Biz bəzən elə davranırıq ki, təbii, mən hamını nəzərdə tutmuram, guya hər şey bitibdir. Biz elə bu 80 faiz üzərində suverenliyimizi təmin eləməliyik, burada həyatımızı təmin eləməliyik. Bizim ən əsas məqsədimiz o torpaqları azad eləməkdir.

68.Gənclərlə bağlı: (17.03.2017)

Gənclərin iş məsələsi ilə bağlı olaraq mən dəfələrlə təklif eləmişdim, bir daha təklif edirəm ki, xüsusən əsgərlikdən qayıdan gənclərimizə aşağı faizlərlə, 3 faiz civarında kreditlər verilməsi məsələsi təmin olunsun. Biz xaricdə saxlanılan vəsaitimizi bu faizlə başqa ölkələrin gənclərinə veririk. Özümüzə verməyimiz lazımdır. Kənd təsərrüfatında çalışanlara, kənddə olanlara bir az torpaq sahəsi verərək onları kəndə bağlamaq, geniş iş yerlərinin açılmasını təmin eləmək mümkündür.

69. Açılan iş yerlərinə də sahib çıxmaq lazımdır: (17.03.2017)


Biz sahibkarlar tərəfindən yaradılan müəssisələrə sahib çıxmalıyıq. Onlara dəstək verməyi bacarmasaq, bu çox pis nəticələrə gətirib çıxara bilər. Mən hesab edirəm ki, bu məsələ də diqqətdə saxlanmalıdır.

70.Hərbçilərin mənzillərində olan köçkünlərə mənzil verilsin: (17.03.2017)


Məcburi köçkünlər qovulduqdan sonra gəlib, təbii, öz iradələrindən asılı olmayaraq bəzi mənzilləri tutublar. İndi yeni yaşayış sahələri salınanda, mən çox xahiş edərdim ki, əvvəl zəbt olunmuş hərbçilərin mənzillərində olan köçkünlərə mənzil verilsin və həmin adamlar çıxandan sonra hərbiçilərimiz öz mənzillərində yaşamağa başlasınlar. Bu hərbçilərimiz 25 il xidmətdə olublar, ömürlərinin böyük hissəsini vətənə xidmətə qoyublar və mənzilsiz qalıblar. Bu nəzərə alınmalıdır.

Geri dön