Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Skandinaviya diasporu birləşir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Skandinaviya diasporu birləşir

Skandinaviya diasporu birləşir


Artıq mühacirət həyatımızın beşilliklərini yola salırıq və onilliklərinə qədəm qoyuruq. Soruşa bilərsiniz ki, bu illər ərzində heç Azərbaycana getdinizmi? Mən beş il fasilədən sonra demək olar, hər il gedirəm. Amma biz – gedənlər də, getməyənlər də – şüurən, ruhən heç Azərbaycandan gəlmədik ki, gedək də…
Mühacirət bizə bir də Güney Azərbaycanı tanıtdı. Bütöv Azərbaycan Birliyində mərhum prezident Əbülfəz Elçibəyin müavini olmuş, hazırda İsveç Azərbaycanlıları Federasiyasının sədri, dostumuz Eldar bəy Qaradağlı demişkən, bəzilərimiz burda “bütövçü” olduq. İndi güneyli-quzeyli hamımızın dərdi bir, səri bir, toyu bir olub. Məsələn, çoxlarımız – güneylilər də, quzeylilər də – seçkilərdən həqiqi mənada azı 50 faiz ədalət gözləyirdik, islahat gözləyirdik. Amma sonda qalib gələn yenə MSK-nın “sehirli çubuğu” oldu: bu dəfə daha eybəcər formada. Utanmaqdan heç danışmaq olmazdı.
“Yutub”un budəfəki “qəhramanlarından” biri də Lənkərandakı qonşumuz Yəhya oldu. Sən demə, belə “yəhyalar” bütün Azərbaycanda çox imiş. Burada dostum Əkbərə istinad edərək, “sizlərə xoşdursa, bizə dünəndən xoşdur” deyibən keçirəm əsas mətləbə…
İslahat. Bəli, məncə bu gün Azərbaycan hökumətinə islahat hava və su kimi lazımdır. Bütün sahələrdə! Amma mən bizə daha çox aidiyyəti olan diaspordan danışmaq istəyirəm. Deyə bilərsiniz ki, bəlkə nazimibrahimovlar və əlihəsənovlar diasporu doğrudan da elə bərbad hala salmışdılar ki, indi hər kiçik dəyişiklik sizə islahat kimi görünür? Haradasa, razılaşmaq mümkündür. Lakin keçən həftə İsveçdə işgüzar səfərdə olan Diaspor Komitəsinin üç əməkdaşının bizlərlə, yəni buradakı dərnəklər və onları birləşdirən Federasiyanın (AFİ) İH üzvləri ilə görüşlərində söylədikləri fikirlər bir qədər fərqli idi. Onlar keçmiş həmkarlarından fərqli olaraq, həm hökumətə müxalif siyasi mühacirlərlə, həm də iqtidaryönlü həmvətənləri ilə davamlı əlaqələr qurmaq istədiklərini dilə gətirirdilər.
Bu yerdə bir haşiyəyə çıxmaq istəyirəm: İsveçdə azərbaycanlıların bir böyük təşkilatı var. Adı belədir: İsveç Azərbaycanlıları Federasiyası – AFİ. Özündə 29 dərnək və cəmiyyəti birləşdirir. Ondan sonra Yöteborqda yerləşən Batı Yöteland Azərbaycan Evi və Stokholmda yerləşən 11 dərnək və cəmiyyətin qoşulduğu Stokholm Azərbaycan Mədəniyyət Mərkəzi (SAMM) gəlir. Bir təşkilat da var idi ki, ona sahib olmuş və İsveç dövlətindən böyük məbləğdə vəsait almış fırıldaqçıların işi hazırda məhkəməlikdir. Diaspor Komitəsinin təşkilatçılığı ilə keçirilən Skandinaviya Şurasının illik toplantısına onlar da gəlmişdilər və qarışıqlıq salmaq istəyirdilər. Lakin cəhdlərinin qarşısı alındı. Əlbəttə, bu, Diaspor Komitəsinin nümayəndələrinin gözündən qaçmadı.
Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının illik hesabat yığıncağı Stokholmun mərkəzində yerləşən “Radisson Blu Royal Viking” hotelinin konfrans zalında baş tutdu. Komitənin əməkdaşları şəhər mərkəzinin kənarında sadə bir oteldə qalırdılar, tədbir isə burada keçirilirdi. Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Faiq Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti, Azərbaycanın İsveçdəki səfirliyinin birinci katibi Vaqif Seyidbəyov, İsveç, Norveç, Finlandiya və Danimarkadan olan diaspor fəalları, ayrı-ayrı təşkilatlardan nümayəndələr tədbirdə iştirak edirdilər.
Bundan əvvəl bir-birilərinin yığıncaqlarını boykot edənlər də, hakimiyyətə yaxınlığı ilə seçilənlər də, onun tənqidçiləri də, müstəqil və dövlət media nümayəndələri də böyük bir masanın ətrafında oturmuşdular. İclasda qarşılıqlı ittihamlar səslənməyə başlananda moderator vəzifəsini icra edən Faiq Quliyev dərhal məsələyə müdaxilə edərək tərəfləri sakitləşdirməyə müvəffəq oldu. Zarafat deyildi ki, bu insanlardan bəziləri on illərlə bir-birlərinin “kitabını oxumurdular”.
Komitə məsulu disporla bağlı layihələr haqqında geniş məlumat verdi. Sonda Skandinaviya üzrə yeni əlaqələndirici müəyyənləşdirildi. Bu vəzifəyə İsveçin Jönköping regional parlamentinin hakim Sosial Demokrat Partiyasından olan üzvü İrada Əliyeva Söderberg təyin edildi.
Toplantı Sevda Dadaşovanın sədri olduğu SAF dərnəyinin “Uşaq” rəqs qrupuna həsr olunmuş ”Can Qarabağ” filminin təqdimatı ilə başa çatdı.

Rahim Sadıqbəyli
(Stokholm, İsveç)

Geri dön