Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Adil Əliyev: Karantin rejiminin tələblərinə əməl etməliyik
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sosial > Adil Əliyev: Karantin rejiminin tələblərinə əməl etməliyik

Adil Əliyev: Karantin rejiminin tələblərinə əməl etməliyik


Koronavirus epidemiyasının müharibədən fərqi yoxdur. Bəziləri hətta hazırkı epidemiyanı İkinci Dünya müharibəsindən sonra bəşəriyyətin üzləşdiyi ən ciddi problem hesab edir. Bu dəyərləndirmə ilə razıyam. Məsələn, ABŞ-da cəmi bir neçə ay ərzində koronavirusdan ölənlərin sayı bu ölkənin Birinci Dünya müharibəsində ölən vətəndaşlarının sayından çoxdur. Bu, bir daha bəşəriyyəti qəfil haqlayan virusun yayılma miqyasından xəbər verir.

Bu fikirləri açıqlamasında Milli Məclis Sədrinin müavini Adil Əliyev söyləyib.

Adil Əliyev qeyd edib ki, Azərbaycan virusla mübarizəyə fevral ayından başladı. Dövlətimizin başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təlimatı ilə zəruri işlər görüldü, ölkəyə virusla mübarizə üçün zəruri tibbi avadanlıqlar gətirildi, modul tipli xəstəxanaların tikintisinə qərar verildi, maska istehsal edən müəssisələr işə salındı. Dövlət öz üzərinə düşən işləri yerinə yetirməyə çalışdı. Bundan sonrakı mərhələdə vətəndaşlarımız qaydalara riayət etməli idilər. Hamımızdan üç sadə şərti yerinə yetirmək tələb olunurdu, bu şərtlərə indi də riayət etməliyik: qapalı yerlərdə maska taxmalı, məsafə saxlamalı və gigiyena qaydalarına riayət etməliyik.

Mart və aprel aylarında bu qaydalara müəyyən qədər riayət olundu, ölkədə yoluxmanın miqyası böyük deyildi. Eyni zamanda, karantin qaydaları da tətbiq edilirdi. Ancaq sərt karantin qaydalarını uzatmaq mümkün deyil, iqtisadiyyat qapalı şəkildə uzun müddət qala bilməzdi. Ona görə də sərt karantin tədbirlərindən sonra yumşalmaya qərar verildi. Bizdən əvvəl digər dövlətlər də eyni qərarı vermişdilər. Başqa alternativ yox idi. Müəssisələr işləməli, ticarət və iaşə mərkəzləri fəaliyyətlərini davam etdirməli idilər. Ancaq elə bu mərhələdə aydın oldu ki, bir sıra vətəndaşlarımız yumşalmanı epidemiyanın sonu kimi dəyərləndirərək, maska taxmamağa və başqaları ilə məsafə saxlamamağa üstünlük verdilər. Elə bu mərhələdən başlayaraq yoluxanların sayı artdı.

“Hazırda vəziyyət göz qabağındadır. Virus, məcazi mənada desək, ayaq açıb yeriyir. Belə olan halda, dövlət vətəndaşını qorumaq məqsədilə yenə karantin qaydalarını sərtləşdirməyə qərar verdi. Ancaq ciddi karantin qaydalarına nəzarət etməyə məsul olan polisimiz hər bir vətəndaşa nəzarət etmək iqtidarında deyil. İnsan özü məsuliyyətli olmalıdır. Təəssüf ki, qapalı məkanlara, o cümlədən avtobusa və supermarketlərə maskasız daxil olanların sayı artıb. Həmin vətəndaşlar anlamalıdırlar ki, onlar özləri ilə yanaşı, ətrafdakılar üçün də təhlükə mənbəyinə çevrilirlər. Sübut olunub ki, xəstəliyi simptomsuz keçirən və virusa yoluxmasından xəbəri olmayan hər hansı vətəndaş ətrafında onlarla, bəlkə də yüzlərlə insanı yoluxdura bilər, bu isə həmin insanlardan bir qrupunun ölümünə gətirib çıxarar. Ancaq hamı qapalı məkanda maska taxsa və məsafəni qorusa, virusa yoluxmaq riski dəfələrlə aşağı enər. Sual olunur: Qaydalara riayət edən vətəndaş niyə məsuliyyətsiz vətəndaşın qurbanına çevrilməli, virusa yoluxmalı və ölümlə savaşmalıdır?”, - deyə Adil Əliyev vurğulayıb.

Belə şəraitdə dövlət tərəfindən karantin tədbirlərinin sərtləşdirilməsinin tərəfdarı olduğunu bildirən Milli Məclis Sədrinin müavini deyib: “Aydındır ki, bu tədbirlər virusu tam ortadan qaldırmayacaq. Ancaq hər halda, sərt karantin rejiminin tətbiqi və maarifləndirmə işinin gücləndirilməsi hesabına virusa yoluxmanın sürətini azalda bilərik. Bunun üçün məsuliyyətli olmalı, bir-birimizi qorumalıyıq. Bunu etməyənləri isə hər yerdə tənbeh etməliyik. Marketlərə, avtobuslara və digər qapalı məkanlara maskasız daxil olan şəxslərə iradımızı bildirməliyik. Belə ağır şəraitdə ictimai qınağın əhəmiyyətini xüsusi vurğulamaq lazımdır. Bilməliyik ki, virusa qarşı peyvənd və dərmanın icadı gələn ilin əvvəlinə və ya ortalarına qədər uzana bilər. Həmin müddətə qədər özümüzü, Azərbaycanımızı və övladlarımızı qorumaq məcburiyyətindəyik”.

Geri dön