Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Səbinə Cabarova: Könüllülər hökumətin həyata keçirdiyi koronavirusla mübarizə tədbirlərində fəal iştirak edirlər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Səbinə Cabarova: Könüllülər hökumətin həyata keçirdiyi koronavirusla mübarizə tədbirlərində fəal iştirak edirlər

Səbinə Cabarova: Könüllülər hökumətin həyata keçirdiyi koronavirusla mübarizə tədbirlərində fəal iştirak edirlər


Bir neçə aydır dünyanı bürüyən koronavirus (COVID-19) infeksiyası təəssüf ki, bizim ölkəmizdən də yan keçməyib. Virusun ölkəmizdə yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə dövlətimiz tərəfindən çox zəruri addımlar atılır. Dövlətin həyata keçirdiyi tədbirlərə töhfə vermək məqsədilə könüllülər də hərəkətə keçiblər. Xüsusi qeyd etmək istərdim ki, “ASAN Könüllüləri” Təşkilatı respublikamızda koronavirus pandemiyasına qarşı mübarizəyə qoşulan, dövlət başçısının çağırışına cavab verən ilk təşkilatlardan biridir.

Bu sözləri müsahibəsində “ASAN Könüllüləri” Təşkilatının sədri Səbinə Cabarova deyib.

“Könüllülərimiz bir neçə aydır ki, bütün səylərini birləşdirərək önəmli işlərə imza atırlar. İlk fəaliyyətimiz Heydər Əliyev Beynəlxalq Aeroportundan başlayıb. Artıq 3 aydır ki, könüllülər “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsi ilə birlikdə aeroportda gecə-gündüz çalışaraq həkimlərimizlə çiyin-çiyinə vətəndaşlarımıza xidmət göstərirlər. Xaricdən gələn vətəndaşların qarşılanması, vətəndaş axının tənzimlənməsi, sərnişinlərin koronavirusla bağlı məlumatlandırılması, onların karantin bölgələrinə yola salınması “ASAN könüllüləri” tərəfindən təmin olunur.

Eyni zamanda, karantin dövründə gecə-gündüz çalışan həkimlərdən əlavə, həmçinin polislər də fasiləsiz xidmət edirlər. “ASAN Könüllüləri” olaraq, “Azərsun Holdinq”lə birgə dörd gün müddətində Bakı şəhərinin ərazisində 2 növbə üzrə 160 stasionar postda xidmət aparan polis əməkdaşlarına “Azərsun” məhsulları və çay termosları hədiyyə etdik. “#VAROLUN” sosial çağırışı ilə həyata keçirilən layihənin məqsədi xüsusi karantin rejimi dövründə fasiləsiz xidmət göstərən polislərə vətəndaşlarımızın təşəkkür mesajının çatdırılması idi.

Eyni zamanda, “ASAN Könüllüləri” Təşkilatının “ASAN Məktub” sosial layihəsi çərçivəsində yaşı 65-dən yuxarı olan, tənha yaşayan insanlara dəstək məqsədilə elan olunmuş “Qaynar xətt” vasitəsilə müraciətləri qəbul etdik, müraciət edən kimsəsizlərin evlərinə getdik, onların ehtiyaclarını araşdırdıq və “www.asanmektub.az” saytına məktublar qismində yerləşdirdik. 65 yaşdan yuxarı vətəndaşların evdən çıxmalarına məhdudiyyət tətbiq edildiyi dövrdə ümumilikdə 16 şəhər və rayon üzrə 1044 müraciət qeydə alınıb ki, onların da hamısı təmin edilib.

Həmçinin Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF), “ASAN Könüllüləri” Təşkilatının birgə əməkdaşlığı və Avropa İttifaqının maliyyə yardımı ilə “Pandemiya dövründə həssas ailələrə dəstək” kampaniyasını icra etdik. Kampaniya çərçivəsində ilkin olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim olunmuş məlumatlar əsasında paytaxtda və regionlarda yaşayan valideyn himayəsindən məhrum olmuş 2 mindən çox uşağın, həmçinin əlilliyi olan gənclərin ailələrinə qida yardımı, o cümlədən COVID-19 pandemiyası, ondan qorunmağa dair maarifləndirici materiallar təqdim olunub”, - deyə S.Cabarova qeyd edib.

Onun sözlərinə görə, təşkilat tərəfindən əhalinin maarifləndirilməsi istiqamətində də ciddi işlər aparılır: “Biz bu sahədə müxtəlif videoçarxlar hazırlayaraq sosial şəbəkələr vasitəsilə onları yayırıq. Hazırda “ASAN Könüllüləri” Təşkilatı və “Coca-Cola Azərbaycan” şirkəti əməkdaşlığı davam etdirir. Əməkdaşlıq çərçivəsində Bakı şəhəri və bölgələrdə karantin rejimində fəaliyyət göstərən xəstəxanalara ödənişsiz formada içməli su çatdırılıb. Xəstəxanalarda çalışan tibbi heyət və karantin rejimində olanların su tələbatını ödəmək üçün 120 min vahid “Bonaqua” suları könüllülərin iştirakı ilə ünvanlara göndərilib. Bundan əlavə, qida ehtiyacı olan 4000 ailənin ərzaqla, 4000 nəfərin, xüsusilə regionlarda yaşayan şəxslərin, o cümlədən COVID-19 xəstələri ilə işləyən və karantin xəstəxanalarında çalışan 1000 həkimin zəruri tibbi dezinfeksiyaedici ləvazimatlarla təmin edilməsi nəzərdə tutulub.

Həmçinin şənbə və bazar günləri qısamüddətli məhdudiyyətlərin tətbiq edildiyi dövrdə siyahısı “TƏBİB” publik hüquqi şəxs tərəfindən təqdim olunmuş 200-dən çox dializ xəstəsinin “ASAN Xidmət”in 108 “Çağrı” Mərkəzi vasitəsilə və “ASAN könüllüləri”nin iştirakı ilə müvafiq tibb müəssisələrinə çatdırılması təmin edilib.

Bundan əlavə, bizim mütəmadi olaraq təşkil edilən digər proqramlarımız da mövcuddur. Bunlara nümunə olaraq “Əsgərə Məktub” layihəsini qeyd edə bilərəm. 2016-cı ilin Aprel döyüşləri ordumuzun gücü ilə yanaşı, xalqımızın birliyini də bir daha dünyaya nümayiş etdirdi. Həmin ərəfədə orduya könüllü getmək istəyən yüzlərlə insan var idi. Kimisi əsgərlərimizə isti geyim, kimisi yemək aparmaq istəyirdi. “ASAN könüllüləri” əsgərlərimizə mənəvi dəstək verməsi məqsədilə “ASAN Xidmət” mərkəzlərində “Əsgərə Məktub” köşkləri yaratdılar.

Dövlətimiz tərəfindən hər cür maddi-texniki resurslarla təmin olunmuş Azərbaycan əsgərinə ən böyük ehtiyacı olan mənəvi dəstəyi vətəndaşlarımızın ünvanladığı məktublarla çatdırdıq.

Xalqımızın birliyini simvolizə edən toplanan bütün məktublar cəbhə bölgəsində döyüşən əsgərlərimizə çatdırılır. “ASAN Xidmət” mərkəzlərində ayrılmış xüsusi məntəqələrə yaxınlaşaraq hər bir Azərbaycan vətəndaşı əsgərlərimizə məktub yaza bilər.

Layihə çərçivəsində indiyədək 90 mindən çox məktub ölkənin dörd bir yanında xidmət edən Azərbaycan əsgərlərinə çatdırılıb. Belə ki, mütəmadi olaraq sərhəddə vətənimizin keşiyin çəkən əsgərlərimizə vətəndaşlarımızın ünvanladığı təşəkkür məktubları çatdırılır.

Eyni zamanda, proqram çərçivəsində 26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə “ASAN könüllüləri”nin Qarabağ qaziləri ilə onlayn görüşü təşkil edilib.

Prezident İlham Əliyev tərəfindən bu ilin “Könüllülər ili” elan olunması gəncləri, ən əsas da könüllüləri çox sevindirdi. Lakin dünyanı cənginə alan koronavirus bəlasının ölkəmizdə də aşkarlanması hər kəsi məyus etdi. Buna baxmayaraq, hökumətin həyata keçirdiyi koronavirusla mübarizə tədbirlərində könüllülərin fəal iştirak etməsi, öz missiyalarını layiqincə yerinə yetirmələri onu göstərir ki, onlar həqiqətən də bu ili tam könüldən yaşayırlar”.

Geri dön