Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İranda 35 milyon türk əsarət altında yaşayır(Müsahibə)
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Müsahibə, Güney Azərbaycan-Təbriz > İranda 35 milyon türk əsarət altında yaşayır(Müsahibə)

İranda 35 milyon türk əsarət altında yaşayır(Müsahibə)


Əmir Mərdani: «Avropa Birliyinin və Avropa Parlamentinin nümayəndələrinə güneyli milli fəallarla bağlı 200 səhifəlik hesabat təqdim etdik»

«Güney Azərbaycanda 2011-ci ildə 310 milli fəal həbs edilib»

Güney Azərbaycanla bağlı həqiqətləri, oradakı siyasi və iqtisadi böhranı, insan haqları pozuntularını beynəlxalq ictimaiyyətə çatdırmaq məqsədilə bir qrup güneyli soydaşımız Avropa Birliyində və Avropa Parlamentində görüşlər keçiriblər. Bu haqda daha ətraflı məlumat almaq məqsədilə görüşdə iştirak edən soydaşlarımızdan biri — Əmir Mərdani ilə həmsöhbət olduq. Lakin öncə müsahibimizin özü ilə yaxından tanış olmaq istədik. Urmiyada doğulan Əmir Mərdani 3 yaşından ailəsilə birgə Təbrizə köçüb, orada boya-başa çatıb.
- Milli mübarizədə iştirakınız necə başladı?
- Universitetdən öncə vebloq yazılarıyla, bildirişlər yaymaqla, divarlara milli şüarlar yazmaqla məşğul idim. Lakin ali məktəbə daxil olandan sonra fəaliyyətim siyasiləşdi. Beləcə 2006-ci ildən Güney Azərbaycan Öyrənci Hərəkatına (AZOH) üzv oldum. Bir neçə dəfə həbs edildim və müəyyən müddət həbsxanada qaldım. İranda həbs ediləndə bilmək olmur ki, nə zaman azadlığa çıxacaqsan. Bir dəfə 4 gün, başqa həbsimdə isə 47 gün təkadamlıq kamerada qaldım. İran belədir, adamın heç ata-anasına belə rəhm edilmir. Məhkəmələrin birində hakim mənə 5 il həbs cəzası verdiyini dedi. Anam bu ədalətsiz qərarı eşidəndə hakimə etiraz etdi. Təsəvvür edin ki, hakim məni azad edib anama 3 ay həbs cəzası verdi. 2008-ci ildə 8 yoldaşımla birgə AZOH-a üzv olmaq ittihamıyla həbs edilib 77 gün təcridxanada saxlanıldım. Məhkəmə 3 il həbs cəzası verdi. 2009-cu ildə İranda keçirilmiş mübahisəli prezident seçkisindən sonra mənə Tehranın Evin zindanına göndəriləcəyimi dedilər. Ancaq Allahın böyük lütfü və yoldaşlarımın yardımıyla İrandan qaça bildim. Artıq 3 ildir İsveçdə siyasi mühacir həyatı yaşayıram.
- Bəs Avropa Birliyində və Avropa Parlamentində görüşləriniz necə baş tutdu?
- Bundan əvvəl İsveç parlamentinin bir neçə üzvü ilə görüşümüz oldu. Sonra Avropa Birliyinə və Avropa Parlamentinə (AP) görüşmək istəyilə müraciət etdik. Bizimlə noyabr ayında görüşməyi təklif etdilər. Beləcə görüşümüz baş tutdu. Güney Azərbaycandan olan bir neçə soydaşımızla birgə Avropa Şurası ilə AB Koordinasiya Komissiyasının sədr müavini İlya Subbotin və Avropa Parlamentində İranla bağlı xüsusi komissiyanın aparıcı üzvlərindən biri olan J. Veidenholzerlə görüşdük. Qeyd edim ki, İlya Subbotinlə görüşümüz Avropa Şurası ilə AB Koordinasiya Komissiyasının ofisində, Veindenholzerlə isə Avropa Parlamentinin binasında baş tutdu.
- Görüş nə vaxt keçirildi?
- İlya Subbotinlə noyabrın 5-də yerli vaxtla saat 14:00-da görüşümüz oldu və bir saat davam etdi. Hoyabrın 8-də isə Veindenholzerlə saat 11:00-da görüşdük.
- Siz görüşdə hansı qurumu təmsil edirdiniz?
- Mən AZOH sözçüsü qismində iştirak etdim. Görüşlərdə İlya Subbotin və Veindenholzerlə yanaşı, onların iki müavini də iştirak edirdi. Güney Azərbaycan heyətində isə Güney Azərbaycan Demokrat Partiyasının (GADP) sözçüsü Mahmud Bilgin, GADP Gənclər Şöbəsinin məsul şəxsi Polad Kərimli, güneyli qadın milli fəal Ayda Bilgin və başqa bir milli fəal da vardı.
- Görüşün məqsədi nə idi?
- Bildiyiniz kimi, İran adlanan ölkədə 35 milyon türk əsarətdədir. Güneydə Azərbaycan türkləri gündən-günə daha çox basqıya məruz qalırlar. Demək olar ki, hər gün hansısa mili fəalın həbs xəbərini alırıq. Güney Azərbaycanda 2011-ci ildə 310 milli fəal həbs edilib. Hesablamalara görə hər 28 saatda bir nəfər həbs edilir. İranın öz rəsmi mənbələrinin verdiyi məlumata görə, 194 milli fəala ümumilikdə 199 il həbs cəzası verilib. Bu, faciə, soyqırımdır. Amma təəssüflər olsun ki, bu acınacaqlı vəziyyətlə bağlı beynəlxalq təşkilatlar o qədər də məlumatlı deyillər. Urmiya gölündəki ekoloji fəlakətlə bağlı nə qədər yazsaq, yenə də azdır. İqtisadi problemlər, işsizlik, yoxsulluğun artması və s. Güney Azərbaycandakı əsas problemlərdəndir. Görüşün məqsədi də elə bu kimi problemlərlə avropalıları tanış etmək idi. Həbsdə olan birisi yalnız o ümidlə yaşayır ki, azadlıqda birisi onu müdafiə və haqlarını tələb edir. Bizim vəzifəmiz də onların haqlarını müdafiə edib hər yerdə onlardan söhbət açmaqdır. Bu məqsədlə də indiyədək bir çox təşkilatlara müraciətlər etmişik. Bundan sonra da görüşlərimiz olacaq.
- Görüş necə keçdi?
- Görüş səmərəli müzakirələrlə keçdi. Onlara tarixi Azərbaycan ərazisinin iki yerə parçalanması və 35 milyondan çox Azərbaycan türkünün İranda yaşaması, eləcə də Urmiya gölünün rejim tərəfindən məqsədli şəkildə, süni maneələrlə qurudulması haqqında danışdıq. Əhər və Vərzigan bölgəsində baş verən zəlzələdən, dövlətin zərərçəkənlərə laqeyd münasibətindən, fəlakət bölgəsinə edilən yardımların qarşısının alınmasından da bəhs etdik. Görüşdə Güney Azərbaycanda son 4 il ərzində insan haqlarının pozulmasına dair hesabat da təqdim etdik. İlya Subbotin və Veidenholzer isə bizi dinlədikdən sonra məsələlərlə bağlı öz fikirlərini bildirdilər. Onlar da qeyd etdilər ki, İranda yaşayan bütün millətlər öz haqlarını əldə etməlidirlər və Güney Azərbaycanın da öz müqəddəratını, gələcəyini seçmə hüququ var: «Bu hər bir millətin ən təbii haqqıdır. Bu haqqı əldə etmək üçün İran rejiminə qarşı bütün mexanizmlərdən istifadə edərək basqı göstərilməlidir». İlya Subbotin hesabatla tanış olandan sonra mili fəallara qarşı təzyiqləri müasir soyqırım adlandırdı. Veidenholzer isə bu məsələni Avropa Parlamentində qaldıracağını dedi. Avropalılar bizə Urmiya gölüylə bağlı çoxlu suallar verdilər. Dedilər ki, bu ekoloji fəlakət yalnız Güney Azərbaycana deyil, bütün dünyaya aiddir. Onlar belə bir mühüm problemin dünya mediasında işıqlandırılmamasından üzüldüklərini dilə gətirdilər. İlya Subbotin dövlətin zəlzələdən zərər çəkənlərə münasibətini və fəlakət bölgəsinə edilən yardımların qarşısının alınmasını da dövlət terrorizmi adlandırdı. Bu haqda daha geniş hesabatın hazırlanmasını və nümayəndəsi olduğu komissiyaya təqdim edilməsini istədi.
- Görüşün nəticəsi necə oldu?
- Hər iki avropalı məsul dəfələrlə qeyd etdilər ki, Güney Azərbaycan məsələsini və görüşdə müzakirə olunan problemləri Avropa Şurasının baş katibinə və Avropa Parlamentinin üzvlərinə çatdıracaqlar. İlya Subbotin bu problemlərin həll olunması və huquqi qiymət verilməsi üçün hesabatı və güneyli milli fəallar tərəfindən hazırlanan broşürü Avropa Birliyinin Koordinasiya Komissiyasına təqdim edəcəyini bildirdi. Veidenholzer isə bizim verdiyimiz hesabatları Avropa Parlamentinə təqdim edəcəyini vurğuladı. Məlumat üçün deyim ki, verdiyimiz güneyli milli fəallar haqqında hesabat 200 səhifədən ibarət idi.

Turqut

Geri dön