Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Sərhədlərin delimitasiyası ilə bağlı Minsk qrupuna mandat verilməyib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Sərhədlərin delimitasiyası ilə bağlı Minsk qrupuna mandat verilməyib

Sərhədlərin delimitasiyası ilə bağlı Minsk qrupuna mandat verilməyib


Partiya sədri: «Sərhədlərlə bağlı mövcud olan qeyri-müəyyənlik hər dəqiqə alovlanmaya səbəb ola bilər»

«Prezident İlham Əliyevin Ağdama səfəri zamanı səsləndirdiyi fikirlər dünyaya, o cümlədən aqressor dövlətlərə, eləcə də daxili ictimaiyyətə ünvanlanmış vacib mesajlar idi. Dövlət başçısı yenidən Qarabağ məsələsinə toxunaraq zamanında münaqişənin həlli ilə bağlı vasitəçilik funksiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun Ermənistana qarşı dəstəkçi mövqeyinin, prosesləri bu nöqtəyə gətirdiyinə işarə verdi».

Bunu «Azad Azərbaycan»a Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin də qeyd etdiyi ki, Azərbaycan münaqişənin sülh və diplomatik üsullarla həll olunması üçün bütün lazımi addımları atmışdı: "Azərbaycan çalışırdı ki, münaqişəni sülh yolu ilə həll etsin. Ölkəmizin vətəndaşları yaxşı bilirlər ki, sülh danışıqları, sadəcə olaraq, status-kvonun əbədi olmasına istiqamətləndirilmişdi. Əfsuslar olsun ki, bu məsələ ilə məşğul olan vasitəçilər 30 ilə yaxın davam edən danışıqlar müddətində aqressora – işğalçıya təzyiq göstərmədilər, onları məcbur etmədilər, onlara sanksiyalar tətbiq etmədilər. Açıq-aydın demədilər ki, işğalçı qüvvələr Azərbaycan torpağından çıxmalıdır”, - deyə Prezident bildirdi. Bu gün də ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin mövcud prosesə ikili standartlardan yanaşdığı görünür. Xüsusilə də sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı gedən proseslərdə Azərbaycana qarşı qərəzli mövqe nümayiş olunur. İşğalçı Ermənistan isə bu və ya digər formada müdafiə olunur ki, əslində bu amilin özü də zamanında vasitəçi missiyası göstərən dövlətlərin əsl mahiyyətini göstərir».

Partiya sədri bildirib ki, Prezidentin həmin çağırışının içərisində bir neçə vacib məqamlar var: "Artıq münaqişə bitib, artıq kiminsə bura arxa bağçadan gəlmək istəklərinin qarşısı alınıb. Biz hərbi yolla məsələni həll etmişik. Düzdür, istəyirdik ki, dinc yolla olsun, bunun üçün aqressorlara zaman tanımışdıq. 30 il müddətində bu məsələni vasitəçilər həll edə bilmədi, özümüz torpaqlarımızı beynəlxalq konvensiyalara, Azərbaycan Konstitusiyasına uyğun olaraq həll etdik. ATƏT-in Minsk qrupunda olan dövlətlər əgər yenidən desə ki, bu münaqişə həll olunmayıb, bizə ehtiyac var, artıq bu mümkün deyil. Sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı prosesə burunlarını soxurlar. Heç kim sərhədlərin delimitasiyası ilə bağlı ATƏT-in Minsk qrupuna mandat verməyib. O vaxt mövcud olan münaqişə ilə bağlı onlara mandat verilmişdi, bu da uğursuz oldu”.

F.Quliyev əlavə edib ki, ATƏT-in Minsk qrupu Azərbaycanla bağlı iradlara səbəb olan müxtəlif çağırışlar edirlər: «Heç vaxt Ermənistana işğal etdiyi torpaqları tərk etməklə bağlı çağırış edən olmadı, indi də yoxdur. Bu gün Azərbaycan əraziləri, Minsk qrupunun həmsədr dövlətlərinin də tanıdığı, BMT-nin 4 qətnaməsində göstərilən, Azərbaycan BMT-yə daxil olanda müəyyənləşən sərhədlərini tanıyan dövlətlər bilirlər ki, Ermənistan ordusu Qazaxın 7 kəndində və Naxçıvanın Kərki kəndindədirlər».

Partiya sədri bildirib ki, erməni əsilli Qarabağda yaşayan azərbaycanlılar Naxçıvanın Kərki və Qazaxın 7 kəndinin müqəddəratını həll edir? Təbii ki, yox, orada olan Ermənistan ordusudur: «Həmsədr dövlətlər onların oradan çıxması üçün heç bir çağırış etməyiblər. Amma Azərbaycan öz sərhədlərinin delimitasiyası ilə bağlı işlər görəndə bəyanat verirlər ki, ordu geri çəkilsin. Ancaq bu çağırış ermənilərə də olmalıdır. Söhbət ondan gedir ki, bu gün də yenidən seleksiya siyasəti yürüdülürsə, Azərbaycana baxışlarda ədalətsiz mövqe varsa, rəsmi Bakı heç kimə fikir vermədən beynəlxalq konvensiyalara və daxili qanunlara əsaslanaraq öz işini görməlidir və görəcəkdir. Heç kim bizim işimizə müdaxilə edə bilməz».

F.Quliyev qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri əgər bölgədə sabitlik və davamlı sülh istəyirlərsə, Azərbaycanın sərhədlərinin delimitasiya və demarkasiyasına töhfə verməlidirlər: "Sərhədlərlə bağlı mövcud olan qeyri-müəyyənlik hər dəqiqə alovlanmaya səbəb ola bilər. Biz bunun olmaması üçün sərhədləri müəyyənləşdiririk, onlar isə mane olurlar. Bizdən ordunu geri çəkməyi tələb edirlər, özləri prosesə daxil olmaq istəyirlər. Sülh və sabitliyin təşviq olunması, aqressor olmuş Ermənistanın cəzalandırılması əvəzinə ermənilərə təxribatçı davranışlar üçün stimul verirlər. Bütün bunlar Prezident İlham Əliyevin çağırışında görünürdü. Hesab edirəm ki, Prezidentin milli iradəyə söykənərək, milli fikri ifadə edərək bəyan etdiyi fikirlər milli mövqeyimizdir və təbii olaraq dəstəkləməliyik”.

Bilman İSAQ/gunaz.az

Geri dön