Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan son 10 ildə ordu quruculuğu sahəsindəki bütün imkanlarını işğal altındakı ərazilərin azad olunmasına yönəltmişdi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sosial > Azərbaycan son 10 ildə ordu quruculuğu sahəsindəki bütün imkanlarını işğal altındakı ərazilərin azad olunmasına yönəltmişdi

Azərbaycan son 10 ildə ordu quruculuğu sahəsindəki bütün imkanlarını işğal altındakı ərazilərin azad olunmasına yönəltmişdi


Azərbaycan son 10 ildə ordu quruculuğu sahəsində bütün imkan və potensiallarını işğal altındakı ərazilərin azad olunmasına yönəltmişdi. Bu məqsədlə aparıcı dövlətlərlə hərbi, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq edib. Qarabağdakı hərbi əməliyyatlar zamanı uğurlu əks-hücumların aparılması məqsədilə tərəfdaş ölkələrdən, o cümlədən Türkiyə, Rusiya, Belarus, İsrail və Avropanın bir sıra dövlətlərindən silah-sursatlar əldə olunaraq satınalmalar həyata keçirilib. Azərbaycan ölkə daxilində və xaricdə təşkil edilmiş təlimlərdə iştirak edib. Həmçinin tərəfdaş ölkələrlə bir çox təlimlərdə, o cümlədən NATO çərçivəsində beynəlxalq təlimlərdə iştirak edərək ordumuzun imkanlarının yüksəldilməsinə nail olub.

Bu barədə müsahibəsində hərbi ekspert Ədalət Verdiyev deyib.

O qeyd edib ki, Azərbaycan beynəlxalq təhlükəsizlik sahəsində də əməkdaşlıq çərçivəsində dünyanın əks qütblərində dayanan ABŞ və Rusiya kimi qlobal güclərinin görüşlərinin keçirildiyi beynəlxalq platformaya ev sahibliyi edib. Ölkəmiz bu iki ölkənin hərbi rəhbərləri arasında keçirilən yeddi görüşə ev sahibliyi edib. Bu görüşlərin keçirilməsi konfidensiallıq tələb edir. Hər iki tərəfin Azərbaycana bu məsələdə etibar etməsi ölkəmizin beynəlxalq təhlükəsizliyə verdiyi töhfəsi kimi qiymətləndirilir.

Ədalət Verdiyev xatırladıb ki, Azərbaycan 2003-2014-cü illərdə NATO-nun rəhbərliyi ilə Əfqanıstanda həyata keçirilən Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri tərkibində döyüş əməliyyatına hərbi kontingenti ilə töhfə verib. İlkin mərhələdə 22 nəfərdən ibarət olan heyət sonradan 90 nəfərədək artırılıb. 2015-ci ildən başlayaraq Azərbaycan NATO-nun “Qətiyyətli Dəstək” əməliyyatına əhəmiyyətli hərbi, maliyyə, təlim və tranzit məsəllərində töhfə verməkdə davam edib. Belə ki, ölkəmizin 2018-ci ildə əməliyyat missiyasındakı hərbi kontingentinin sayı 94 nəfərdən 120 nəfərədək artırılıb.

Bundan başqa, Azərbaycan 2019-cu ildə NATO-nun İraq Missiyasına töhfə vermək niyyətini bəyan edib və həmin ildə Şimali Atlantika Şurası Azərbaycanı NATO-nun İraq Missiyası üzrə potensial əməliyyat tərəfdaşı kimi tanıyıb. 2019-cu ildən etibarən Azərbaycan Ordusunun iki hərbi müşahidəçisi bir illik rotasiya qaydasında Cənubi Sudan Respublikasında xidməti vəzifələrini yerinə yetirir. Azərbaycan Avropa İttifaqının Ümumi Təhlükəsizlik və Müdafiə Siyasətinin Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlıq etməkdədir.

Hərbi ekspert diqqətə çatdırıb ki, nəticədə döyüşlərə tam hazır vəziyyətdə gələn ordumuz 2016-ci ildə düşmənin təxribatlarına cavab olaraq həm Cocuq Mərcanlı kəndini və ona yaxın yerləşən Lələtəpəni, həm də Talış kəndi ətrafındakı yüksəklikləri düşmən işğalından azad edib. Ardınca isə məhz 2018-ci ildən Naxçıvan istiqamətindəki Günnüt və onun ətrafında yerləşən Xunutdağ və Qızılqaya yüksəkliklərinin azad olunması Azərbaycanın mümkün hərbi əməliyyatlara hazırlıq məqsədi daşıyırdı. Günnüt kəndindən erməni işğalçılarının çıxarılması ilə yanaşı, ordumuz bu yüksəklikləri azad edərək Laçın dəhlizini tam atəş nəzarətinə götürmüşdü. Bundan əvvəl azad edilən Cocuq Mərcanlı ətrafındakı Lələtəpə və Talış yüksəklikləri Azərbaycana Füzuli, Cəbrayıl, Ağdərə və Suqovuşan istiqamətlərində düşmən manevrlərini məhdudlaşdırmağa şərait yaratmışdı.

“Dolayısı ilə Azərbaycan bu əməliyyatlar nəticəsində gələcək mümkün əks-hücum üçün mühüm imkanlar əldə etdi. Sonradan isə 2020-ci ildə Tovuz hadisələri ilə başlayan və sentyabrın 27-də Qarabağ istiqamətində törədilən erməni təxribatları Azərbaycanın Vətən müharibəsinə başlamasına və uğurlu əks-hücum əməliyyatları ilə 44 gün ərzində Şuşa şəhəri də daxil olmaqla, səkkiz rayonun erməni işğalından azad etməsinə gətirib çıxardı. Azərbaycanın Naxçıvan istiqamətində qazandığı Günnüt qələbəsi və azad edilən digər yüksəkliklər böyük Vətən müharibəsində Zəfərin qazanılmasında böyük rol oynadı”, - deyə Ədalət Verdiyev bildirib.

Ekspert vurğulayıb ki, Azərbaycan əldə etdiyi möhtəşəm qələbə sayəsində bir çox nüfuzlu beynəlxalq təşkilatların reytinqlərində də öz mövqeyini kifayət qədər irəliyə doğru dəyişib. Dərc edilən son “Global Fire Power Index”nə görə Azərbaycan 2021-ci ildə 140 ölkə arasında artıq 64-cü yerdə qərarlaşıb. Ermənistan isə bu indeksdə artıq ilk 100-lükdə belə yer almır. Bu isə onu göstərir ki, ordumuzun Vətən müharibəsində düşmən üzərində qələbə çalması, onu darmadağın etməsi artıq beynəlxalq ictimaiyyət tərəfindən də qəbul edilib.

Geri dön