Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Tarixi öz qanımla yazacağam” deyən şəhid kəşfiyyatçı-REPORTAJ
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Hərb > “Tarixi öz qanımla yazacağam” deyən şəhid kəşfiyyatçı-REPORTAJ

“Tarixi öz qanımla yazacağam” deyən şəhid kəşfiyyatçı-REPORTAJ


Şəhid Famil Pirvələdov Vətən müharibəsində Füzuli, Cəbrayıl və Hadrut cəbhələrində qəhrəmanlıqla döyüşüb. Qorxmaz döyüşçü göstərdiyi şücaətə görə, ölümündən sonra üç medalla təltif edilib.

Famil Teyfur oğlu Pirvələdov 1995-ci il mayın 30-da Qusar rayonunun Yuxarı Zeyxur kəndində anadan olub. Ailədə iki qardaş, bir bacı olublar. Famil evin sonbeşiyi idi. Uşaq yaşlarından torpağa, Vətənə bağlı olan Famil arzusunda olduğu hərbçi peşəsinə yiyələnib. Müddətdən artıq xidmət edən hərbi qulluqçu Vətən müharibəsinin ilk günlərindən həmlə qruplarında yer alır. Qusarlı kəşfiyyatçı Füzuli, Cəbrayıl, Hadrut istiqamətində gedən əməliyyatlarda düşmənə qan uddurub.

“Famil Füzulinin Seyidəhmədli kəndində şəhid olub. Onun nəşini 10 gün döyüş gedən ərazidən çıxarmaq mümkün olmayıb. Oktyabrın 31-də dəfn etmişik. Bütün şəhidlərə Allah rəhmət eləsin. Qazilərimizə Allahdan şəfa diləyirəm. Oğlumla fəxr edirəm”, - deyə şəhidin atası Teyfur Pirvələdov söyləyib.

Famil Vətən müharibəsi başlamazdan əvvəl evə gəlib, ailəsi ilə halallaşaraq bir neçə aylıq təlimlərə gedəcəyini deyib.

“Arzusu hərbçi olmaq idi. Qardaşı müəllimdir. Famil də yaxşı oxuyurdu. Amma hərbçi olmağı qarşısına məqsəd qoymuşdu. Məktəb vaxtı sinif yoldaşlarının “Xatirə” dəftərlərində də hərbçi olacağını qeyd edib. Vətən müharibəsindən əvvəl, avqust ayında məzuniyyətə gəlmişdi 10 günlük. Bir dəfə nə isə yazı yazırdı. Məndə ona dedim ki, tarixi də qeyd elə. Famil gülərək cavab verdi ki, ana mən tarixi qanımla yazacağam. Müharibə başlayandan sonra da əlaqə saxlayırdıq. Sonuncu dəfə oktyabrın 8-i danışdıq. Səhər tezdən zəng etmişdi. Bildirdi ki, düşmənin üzərinə gedirik. Füzulidə şiddətli döyüşlərdə iştirak edib. Həmin döyüşlərdə də şəhidlik zirvəsinə ucalıb”, - deyə Familin anası Səmayə Pirvələdova söyləyib.

Famil qardaşı ilə danışanda düşmənin döyüş texnikalarını, silah-sursatını qoyub qaçdığını, erməni hərbçilərinin müdafiə mövqelərini yarıb irəlilədiklərini, qələbənin yaxınlaşdığını söyləyib.

“Famil cəsur, qorxmaz döyüşçü olub. Onunla danışanda dedim ki, könüllü yazılıb cəbhəyə gəlməyə hazırlaşıram. O isə gülərək cavab verdi ki, ehtiyac yoxdur, sən gələnədək torpaqlarımızı düşməndən tamamilə azad edəcəyik”,-deyə şəhidin qardaşı Zamiq Pirəliyev söyləyib.

Azərbaycan Ordusunun kiçik çavuşu Famil Pirvələdov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalı ilə təltif edilib.

Geri dön