Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Həkim Cəfər Quliyevin vəfatı ilə bağlı Fərəc Quliyevə BAŞSAĞLIĞI
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasi partiyalar, Özəl xəbər, Fərəc Quliyev > Həkim Cəfər Quliyevin vəfatı ilə bağlı Fərəc Quliyevə BAŞSAĞLIĞI

Həkim Cəfər Quliyevin vəfatı ilə bağlı Fərəc Quliyevə BAŞSAĞLIĞI


Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, İstiqlalçı deputat Fərəc Quliyevin əmisi Ali dərəcəli həkim-cərrah, "Şöhrət" ordenli loğman HACI CƏFƏR MƏŞƏDİ ƏSƏD OĞLU QULİYEV avqustun 12-dən 13-nə keçən gecə dünyasını dəyişmişdir. Milli Dirçəliş Hərəkatı Partiyası üzvləri adından keçirdiyimiz kədər hissini bildirməklə, mərhumun bütün doğmalarına dərin hüzünlə başsağlığı verir, Allahdan mərhuma rəhmət, ruhunun şad, məkanının Cənnət olmasını diləyirik!

Hacı Cəfər Məşədi Əsəd oğlu Quliyev 31 dekabr 1934-cü ildə Or­du­bad rayonunun Üstüpü (Üstü­pir) kəndinə dünyaya göz açıb. Doğma kəndində 7 illik məktəbi bitirdikdən sonra, Ordubad şə­hərində M.T.Sidqi adına 1 saylı orta məktəbi bitirib. Həmin il ordu sıralarına çağrılıb. 1954-cü ildən 1957-ci ilə qədər Uk­rayna Respublikasında əsgəri xidmət borcunu yerinə yetirib. 1958-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnsti­tutunun müalicə-profilaktika fakültəsinə daxil olub. Təhsil ala-ala axşamlar keçmiş Semaşko adına xəstəxananın cərrahiyyə şöbəsində feldşer kimi çalışıb.

Azərbaycan Nazirlər Sovetinin və Mərkəzi Komitənin qərarı ilə 1963-1964-cü illərdə yay mövsümü zamanı Azərbay­candan Şimali Qazaxıstana gedən 575 nəfər tələbə inşaat dəstəsinin komandiri və baş həkimi təyin edilib. Şimali Qa­za­xıstanın Selinoqrad vi­layətində xəs­təxanalar, məktəblər, yaşayış binaları və uşaq bağçalarının tikintisinə rəhbərlik edib. 1963-cü ildə kombaynçı Anatoli adlı bir oğlan kombaynın altına düşüb ağır xəsarət almışdı. Cəfər həkim elə səhra şəraitində özündən xəstəyə qan köçürüb, onun üzərində ağır cərra­hiyyə əməliyyatı aparmış, özündən silos etmişdi. Bu barədə "Komsomolskaya pravda" qəzetində "Spasibo za sına" adlı məqalə dərc edilmiş və rəhbərlik tərəfindən böyüyüb boya-başa çatdığı Ordubadın Üstüpü kəndinə - valideyinlərinə göndərilmişdi.

O, 1965-ci ildən taleyini Sumqayıt şəhəri ilə bağlamışdır. Əvvəlcə Azərbaycan Boru-Prokat Zavodunun tibb bölməsində cərrah işləmiş, sonra isə 1№-li xəstəxanada həkim-cərrah kimi ad-san qazanmışdır. 1981-ci ildən son illərə qədər Sumqayıt şəhər TTY Xəs­təxanasının Cərrahiyyə şöbəsinin müdiri vəzifəsində çalışmışdır.
Sumqayıtda tibb işçilərindən ibarət "Loğman" ansamblı yaratmış və 8 il bu ansambl respublikamızda şan-şöhrət tapmışdı. Yüzlərlə cərrahiyyə əməliyyatını müxtəlif dillərdə lentə köçürülmüş musiqi sədaları altında keçirmişdir. 1983-cü ildə SSRİ səhiyyə əlaçısı adına layiq görülmüşdür. Azərbaycan Respublikasının yüksək dərəcəli cərrahıdır.
İşlədiyi TTY Xəstəxanasının həyətində öz şəxsi vəsaiti hesabına Vaqif Qəhrəmanovla birgə 5 otaqdan ibarət eksperimental laboratoriya tikdirmiş, bu laboratoriyada tibb institutunun tələbələrinə və təzə işə başlamış cərrahlara müxtəlif heyvanlar üzərində cərrahi əməliyyatlar aparılması öyrədilmişdir. Fəaliyyət göstərdiyi 15 il ərzində bu laboratoriyada 3 elmi praktiki iş hazırlanmış, onun ikisi TTY Xəstəxanasında tətbiq edilmişdir.
Qardaşı İbrahimlə birlikdə öz hesablarına "Novun­dərə" bulağından doğma kəndlərinə su çəkdirmiş, kəndin bütün məhəllələri, xəstəxana, məktəb, qəbiristanlıq, pir su ilə təchiz edilmişdir.

Cəfər həkim Quliyev 1997-ci ildə Həcc ziyarətində olmuş, qayıdandan sonra 11-ci mikrorayondan şəhər qəbiristanlığına yol çəkdirmişdir. Cəfər həkim 2 dəfə şəhər Xalq Deputatları Sovetinin deputatı seçilmişdir. Uzun illər boyu xalqımızın böyük şairi M.Arazla ailəvi dostluq etmişdir. Məmməd Araza həsr edilmiş "Haqqın var yaşamağa", "Bu da belə bir ömürdü", akademik Rəhim Rəhimov haqqında yazılmış "Ordubaddan doğan günəş", tanınmış cərrah İzzət Sadıxova həsr edilmiş "Burdan bir loğman köçdü" və Tüstü də var ocaq söndürür" kitablarının müəllifi idi.

Cəfər həkim çoxsaylı elmi məqalələrin müəllifi idi. Təmənnasız cərrah kimi şöhrət tapmış bu insan Sumqayıt Səhiyyə İşçiləri Ağsaqqallar Şurasının sədri, Respublika əhəmiyyətli əmək veteranı, Azərbaycan Respublikasının yüksək dərəcəli cərrahı, Azərbaycan təbabətinə yeniliklər bəxş edən həkim idi. Onun "Ordubadium" və "Zümrüd" məlhəmləri öz şəfalı işini görmüşdür. Öd kisəsi çıxarılanda öz xırda kəsiyini əlavə edərək Appendsitomiya əməliyyatının aparması təklifini irəli sürmüş və bu təklif qəbul olunmuşdu.

O dünyada bir neçə həkimdən biri idi ki, özü-öz üzərində sağ tərəfi boğulmuş qasıq yırtığı əməliyyatını aparmışdır.

Ölkə başçısı tərəfindən 2004-cü ilin dekabr ayında Hacı Cəfər həkim Quliyev "Şöhrət" ordeni ilə təltif olunmuşdur.

Hacı Cəfər həkim Quliyev Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazı­çılar Birliyinin üzvü idi.

Geri dön