Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan Milli Konservatoriyasında şəhid Toğrul Hacıyevin xatirəsi anılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Mədəniyyət > Azərbaycan Milli Konservatoriyasında şəhid Toğrul Hacıyevin xatirəsi anılıb

Azərbaycan Milli Konservatoriyasında şəhid Toğrul Hacıyevin xatirəsi anılıb


Oktyabrın 8-də Azərbaycan Milli Konservatoriyasında (AMK) konservatoriyanın tələbəsi, şəhid Toğrul Hacıyevin anım tədbir keçirilib.

Tədbirdə Milli Konservatoriyanın rəhbərliyi, professor-müəllim heyəti və şəhidin yaxınları iştirak ediblər.

Əvvəlcə Vətən torpaqları uğurunda candan keçən qəhrəman oğul və qızların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

AMK-nin rektoru, Xalq artisti Siyavuş Kərimi çıxış edərək Toğrul Hacıyevin döyüş yolundan söz açıb, onun konservatoriyada nümunəvi tələbə olduğunu diqqətə çatdırıb.

Rektor vurğulayıb ki, Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi ilə hərb tarixinin yeni və şanlı salnaməsini yazdı. Rəşadətli Ordumuzun şücaəti, Vətən torpaqları uğrunda apardığı ölüm-dirim savaşı sayəsində ərazi bütövlüyümüz bərpa olundu, haqq, ədalət öz yerini tapdı.

Qeyd edib ki, 44 gün ərzində ordumuz illərdir həsrətində olduğumuz işğal altında olan torpaqlarımızı azad edərək, Vətəni bütövləşdirdi, bizə Qələbə sevincini yaşatdı: “Əziz tələbələr, son bir il sizin Zəfər ilinizdir. Vətən müharibəsi torpaqlarımızla yanaşı, bizim qürurumuzu da özümüzə qaytardı. Heç bir müharibə şəhidsiz olmur. Bu müharibədə bizim müəllim və tələbələrimiz də iştirak etdi. Tələbəmiz Toğrul Hacıyev şəhid oldu. O, hamıya nümunə olacaq bir insan idi. Torpağı müdafiə edirsənsə, demək, Vətən var. Toğrul da bunu sübut etdi. Mən onun yaxınlarına, valideynlərinə Allahdan səbir diləyirəm. Toğrul və onun simasında bütün şəhidlərimiz daim qəlbimizdə yaşayacaq”.

Rektor əlavə edib ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Toğrul Hacıyev dövlətimizin başçısının müvafiq Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Şəhidin müəllimləri Xalq artisti Elçin Həşimov və Əməkdar artist Səbuhi Cəfərov çıxış edərək Toğrul Hacıyevlə bağlı xatirələrini bölüşüblər.

Onlar şəhidin ailəsinə başsağlığı verərək, torpaqlarımızın azadlığı uğrunda canından keçən igidlərimizin xatirəsinin daim əziz tutulduğunu bildiriblər.

Şəhidin anası İlhamə Soltanova tədbirin iştirakçılarına və təşkilatçılarına təşəkkür edib.

Tədbir şəhidin vaxtı ilə ifa etdiyi muğam nömrələrinin səsləndirilməsi ilə davam edib.

Qeyd edək ki, əslən Füzulidən olan Toğrul Hacıyev 1996-cı il dekabrın 24-də Bakıda anadan olub. 2016-2019-cu illərdə Azərbaycan Milli Konservatoriyasında tar ixtisası üzrə təhsil alıb, sonra magistraturada təhsilini davam etdirib. Füzuli şəhər 3 nömrəli uşaq musiqi məktəbində tar müəllimi işləyib.

Ata yurdunun və bütövlükdə Qarabağ elinin yağı işğalından azad olunması Toğrulun da arzusu olub. Bu arzu ilə də Vətən müharibəsinə yollanıb. O, 2020-ci il oktyabrın 10-da ata-babalarının doğulduğu Füzuli istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Geri dön