Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Arxangelsk Azərbaycan diasporunun rəhbəri Şuşa səfəri barədə təəssüratlarını bölüşüb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Arxangelsk Azərbaycan diasporunun rəhbəri Şuşa səfəri barədə təəssüratlarını bölüşüb

Arxangelsk Azərbaycan diasporunun rəhbəri Şuşa səfəri barədə təəssüratlarını bölüşüb


Ölkə xaricində yaşayan hər bir azərbaycanlı özünü səngərdə hiss edərək, təpədən dırnağa müsəlləh əsgər olmalı, Qələbəmizin möhkəmlənməsi, ana Vətənimizin çiçəklənməsi üçün çalışmalıdır.

Bu fikirləri söhbətində “Arxangelsk vilayətinin Azərbaycan diasporu” Regional İctimai Təşkilatının İdarə Heyətinin sədri Tərlan Qasımov söyləyib. Həmvətənimiz diaspor nümayəndələrinin bir qrupunun tərkibində Azərbaycanın işğaldan azad olunmuş rayonlarına, o cümlədən Şuşaya səfər edib və öz təəssüratlarını bölüşüb.

“Mən ömrümün 47-ci ilini yaşayıram, bu vaxta qədər belə bir tərəddüd qarşısında qalmamışdım. Bir tərəfdən azad olunmuş torpaqlara qədəm qoymaq mənim üçün sonsuz sevinc idi. Uzun illər müxtəlif millətlərdən olan dostlarımızla söhbətlər əsnasında Qarabağdan söhbət düşəndə başımız aşağı olurdu. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu, qəhrəman oğullarımız torpaqlarımızı azad edib, bizi bu xəcalətdən qurtardı. Kədərlənirdim ona görə ki, Şuşanı, Füzulini xarabazar görmək mənim üçün çox çətin idi. Füzulidə xarabalığa çevrilmiş qəbiristanlıqlar, kəndlər sanki bizdən incik düşmüş dağlar, dərələr, meşələr, bizdən qəribsəmiş kimi duyğulu görünürdü”, - deyə T.Qasımov bildirib.

Soydaşımız qeyd edib ki, işğaldan əvvəl Şuşada olmasa da, Azərbaycan xalqı üçün əziz olan bu məkana qədəm qoyanda özünü yuxudakı kimi hiss edib: “Sanki bir yuxu idi, o yuxunun şirinliyindən ayılmaq istəmirdik. Bir-birini qucaqlayan kim, öpən kim, torpağa sərilib ağlayan kim... Ömrümün yarıdan çoxunu ölkə xaricində yaşamışam, kifayət qədər tolerant adamam, hər millətin yaxşısı, pisi olur. Ancaq bir millətin nümayəndəsi qəbirləri dağıdırsa, o, özü və milləti haqqında tarixdə yaxşı iz qoya bilməz”.

T.Qasımov Şuşa qalasına baxdıqca Azərbaycan əsgərlərinin şücaətinə heyranlığını da gizlətməyib: “Axı bu yüksəkliyə bu əzəmətli keçilməz dağları aşıb bizimkilər necə gəliblər? Bunu ancaq Azərbaycan əsgəri bacarar. Qarşında baş əyirik, Azərbaycan əsgəri! Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı arzulayırıq. Ali Baş Komandanımıza dərin təşəkkürümüzü bildiririk”.

Arxangelsk vilayəti Azərbaycan diasporunun rəhbəri 44 günlük Vətən müharibəsi dövründə diasporumuzun, xaricdə yaşayan hər bir azərbaycanlının ürəyinin Qarabağda vurduğunu da deyib: “Arxangelsk vilayətində fəaliyyət göstərən Azərbaycan diasporunun ofisi sanki hərbi qərargaha bənzəyirdi. Baxmayaraq ki, Azərbaycan ordusu kifayət qədər yüksək səviyyədə təchiz olunmuşdu, Arxangelsk azərbaycanlıları öz köməyini əsirgəmirdi. Diasporumuzun nümayəndələri müharibə dövründə Azərbaycana 20 min dollar yardım göndərdi. Hazırda bir şəhid ailəsi və üç tələbə şəhid övladı tərəfimizdən himayəyə götürülüb. Bu, bizim müqəddəs borcumuzdur”.

“Azərbaycan Prezidenti İlham Əliyev adı tarixdə bir fateh kimi qalacaq. Azərbaycan Liderinin ölkəsi, xalqı üçün etdikləri bu gün də, illər sonra da Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq. Bu gün ölkə xaricində yaşayan hər bir azərbaycanlı özünü səngərdə hiss edərək, təpədən dırnağa müsəlləh əsgər olmalı, Qələbəmizin möhkəmlənməsi, ana Vətənimizin çiçəklənməsi üçün çalışmalıdır”, – deyə Tərlan Qasımov sonda vurğulayıb.

Geri dön