Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Milli rəqs sənətinin sönməz ulduzu - Xumar Zülfüqarova
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Mədəniyyət > Milli rəqs sənətinin sönməz ulduzu - Xumar Zülfüqarova

Milli rəqs sənətinin sönməz ulduzu - Xumar Zülfüqarova


Bu gün müasir Azərbaycan rəqs sənətinin görkəmli nümayəndəsi, baletmeyster, Xalq artisti Xumar Zülfüqarovanın anadan olmasının 94-cü ildönümü tamam olur.

Milli rəqs adət-ənənələrinin qorunması və təbliği, gənclərə milli rəqsin professional öyrənilməsi hissinin aşılanmasında Xumar Zülfüqarovanın böyük xidmətləri olub.

Xumar Zülfüqarova 1927-ci il noyabrın 15-də Bakı şəhərində anadan olub. O, 1945-cı ildə Bakı Xoreoqrafiya məktəbini bitirib. 1945-1966-cı illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, 1966-1978-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının solisti və bədii rəhbəri, Dövlət Rəqs Ansamblının yaradıcılarından biri, 1978-1988-ci illərdə Azərbaycan Dövlət Qastrol və Konsert üzrə Birliyinin ilk baş baletmeysteri olub. Üzeyir Hacıbəylinin “Koroğlu” operası əsasında rəqs qurub, Qara Qarayevin “Yeddi gözəl” baletində çıxış edib, kinofilmlərdə rol alıb. “Şah İsmayıl”, “Aşıq Qərib”, “Əsli və Kərəm”, “Leyli və Məcnun” operalarında rəqqasə qismində mahircəsinə çıxış edib. Rusiya, İraq, ABŞ və Kanadanın müxtəlif şəhərlərində qastrol səfərlərində olub, Azərbaycan peşəkar rəqs sənət nümunələrini nümayiş və təbliğ edib.

1950-ci ildə Bakı Xoreoqrafiya Məktəbində pedaqoji fəaliyyətə başlayan Xumar Zülfüqarova 60 il ərzində bir neçə nəsil rəqqas və xoreoqraf yetişdirib. Bu gün Azərbaycan səhnəsinin parlaq ulduzlarının bir çoxu, Azərbaycan Respublikasının Xalq və Əməkdar artistləri məhz Xumar Zülfüqarovanın yetirmələridir.

Xumar Zülfüqarovanın xoreoqrafiya və rəqs sənəti sahəsindəki fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib. O, müstəqil Azərbaycanın ali təltiflərindən olan “Şöhrət” ordeninə layiq görülüb.

Xumar Zülfüqarova 2017-ci il iyulun 2-də ömrünün 90-cı ilində vəfat edib.

Görkəmli rəqs ustası, tanınmış baletmeyster və səmimi insan Xumar Zülfüqarovanın əziz xatirəsi xalqımızın qəlbində həmişə yaşayacaq.

Geri dön