Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Satışdakı yeni il oyuncaqlarının 60 faizinin sertifikatı yoxdur
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Satışdakı yeni il oyuncaqlarının 60 faizinin sertifikatı yoxdur

Satışdakı yeni il oyuncaqlarının 60 faizinin sertifikatı yoxdur


Eyyub Hüseynov: “valideynlər daha çox sertifikatlaşdırılmış oyuncaqlar alsın"


Bayram öncəsi bir sıra sahələrdə olduğu kimi, yolka bəzəmək üçün istifadə olunan oyuncaq bazarında da müəyyən canlanma var. Uşaq üçün oyuncaqdan gözəl, maraqlı və əyləncəli başqa bir hədiyyə, əlbəttə ki, ola bilməz. Ancaq bəzən rəngarəng, gözoxşayan oyuncaqlarla uşaqları sevindirmək istəyi mənfi nəticələrə səbəb ola bilir.

Buna görə də "oyuncaqdır" deyib məsələnin üzərindən səthi keçmək düzgün olmaz. Çünki bu gün satışda olan yeni il oyuncaqlarının əksəriyyətinin keyfiyyət göstəriciləri aşağıdır. Bu məsələ dəfələrlə gündəmə gətirilsə də, problemlə mübarizə hələ də müsbət nəticə verməyib. Ekspertlərin bildirdiyinə görə, Azərbaycana idxal olunan oyuncaqların əksəriyyətinin sertifikatı yoxdur və əksəriyyəti Çin istehsalıdır. Qeyd edək ki, hazırda ölkəmizdə realizə edilən oyuncaqların əksəriyyəti Çin, BƏƏ, İran və Türkiyənin ən aşağı keyfiyyətli, bir çox hallarda isə kustar şəraitdə hazırlanan təhlükəli məhsullarıdır. Yeni il bayramı ilə əlaqədar hazırda şəhərin satış mərkəzlərində oyuncaq çeşidlərinin sayı artıb. Metro keçidində, ticarət mərkəzlərində solğun, keyfiyyətsiz oyuncaqları görmək olar. Satıcılardan satdıqları oyuncaqların sertifikatının olub-olmadığını soruşduq. Onların çoxu sertifikatın yoxluğunu, bəziləri isə bu haqda təsəvvürə belə malik olmadıqlarını etiraf etdilər. Ticarətçilər yolka oyuncaqlarını topdansatış mərkəzlərindən alıb üstünə 1-2 manat qoymaqla satdıqlarını dedilər.

Ekspertlərin sözlərinə görə, satışda olan Rusiya, Türkiyə istehsalı olan oyuncaqlar baha olduğundan, hər kəs ala bilmir. Nəticədə kasıb təbəqə Çindən gətirilən rəngarəng oyuncaqları almaqla kifayətlənməli olur.

Xatırladaq ki, bu yaxınlarda Rusiyanın Vladimirsk vilayətində 16 məktəbli zəhərlənib. Məktəblilərin zəhərlənməsinə səbəb Çindən gətirilən oyuncaq olub. Məlumata görə, bir gün öncə uşaqlardan biri Çin istehsalı olan "Asan zarafatlar" seriyasından olan "Bomb Bag" ("Bomba çanta") adlı bir oyuncaq alıb. Oyuncağı öz qabında olduğu kimi məktəbə gətirən məktəbli onu sinifdə açıb. Az sonra şagirdlərin hamısı özünü pis hiss edib. Şiddətli baş ağrısı, ürək bulantısı və başgicəllənmə diaqnozu ilə yerli xəstəxanaya çatdırılan uşaqlara zəhərlənmə diaqnozu qoyulub.

Uşaq Hüquqları Müdafiə Liqasının sədri Yusif Bəkirov məsələ ilə bağlı bildirdi ki, yeni il qabağı satışa çıxarılan oyuncaqların əksəriyyəti uşaqların səhhətinə zərərlidir: "Ola bilsin ki, hansısa oyuncağın sertifikatı olsun, ancaq o zərərlidir. Burda sertifikat məsələsi yetmir. Uşağın sağlamlığından söhbət gedir. Bu sahədə qanunu sərtləşdirmək lazımdır. İstər sertifikatı olsun, istər olmasın, kim uşaqların sağlamlığına ziyan gətirsə, məsuliyyət daşımalıdır. Özü də ağır məsuliyyət. Bunun üçün cinayət işi açılmalıdır, kim gətiribsə, hansı firmadan alıbsa, cinayət törətdiyi üçün məsuliyyətə cəlb olunmalıdır".

Həkim-pediatr Aidə İbadəliyeva da Çin məhsulu olan bəzi yolka oyuncaqlarının uşaqlar üçün zərərli olduğunu təsdiqlədi. Onun sözlərinə görə, bu cür oyuncaqlar sanitar-gigiyenik qaydalara uyğun deyil: "Belə oyuncaqların tərkibində toksiki maddələr, o cümlədən, uşaqlar üçün zərərli olan civə, qurğuşun maddələri var ki, onlar da uşaqların immun sisteminin, mədə- bağırsağın pozulmasına səbəb ola bilir. O cümlədən uşaqlarda allergik xəstəliklər yaradır".

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bizimlə söhbətində bildirdi ki, bu gün satışda yeni il oyuncaqlarının 60 faizinin sertifikatı yoxdur: "Bu oyuncaqlar Nazirlər Kabinetinin 343 saylı qərarına görə məcburi sertifikatlaşdırılan mallar siyahısındadır. Yəni oyuncaqlar bazara daxil olmazdan öncə mütləq yoxlanılmalı və sertifikatlaşdırılmalıdır. Bu gün oyuncaqların 60 faizi sertifikatlaşdırılmır. Çox güman ki, bizim gənc istehlakçılarımız müəyyən təhlükə altındadır. Uşağa oyuncaq alarkən onun qoxusuna və rənginə fikir vermək lazımdır. Oyuncağın rəngi çıxırsa, onu almasınlar və ən əsası, oyuncağın sertifikatını tələb etsinlər".

E.Hüseynovun sözlərinə görə, yeni il ərəfəsində satışa çıxarılan oyuncaqların və bəzək əşyalarının tərkibində ağır metalların qalıqları olur: "Uşaqlar bu oyuncaqlarla daim təmasda olur, hətta onları ağızlarına sürtür. Belə oyuncaqlardan zəhərlənmə halları da baş verə bilər. Bu cür keyfiyyətsiz oyuncaqlar Azərbaycana əsasən Çindən və Türkiyədən gətirilir. Təəssüf ki, hələlik bu oyuncaqların üzərində monitorinq apara bilməmişik. Yaxşı olar ki, valideynlər daha çox sertifikatlaşdırılmış oyuncaqlar alsın".


Günel CƏLİLOVA

Geri dön