Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyev: Ermənistandan yaxşı maşa yoxdur
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev: Ermənistandan yaxşı maşa yoxdur

Fərəc Quliyev: Ermənistandan yaxşı maşa yoxdur


Qərb ona qucaq açmış kimi görünsə də, Moskvanın hiddətini üzərinə çəkmək istəmir və İrəvanı hər an kənara itələməyə hazırdır
Ermənistanın Qərblə Rusiya arasında ikili oyun siyasətin növbəti dəfə ifşa olundu. İrəvan Moskva-Brüssel arasında manipulyasiya edə bilmədi. Rusiyadan bütün mənalarda asılı olan ölkə hər bir imkanda Moskvaya arxa çevirir, mövqelərini 90 dərəcə dəyişir, amma işi çətinə düşəndə Rusiyadan, KTMT-dən dəstək istəyir.

Noyabrın əvvəlində Rusiyanın vasitəçiliyi ilə üçtərəfli görüşün keçirilməsindən imtina edən baş nazir Nikol Paşinyanın müəmmalı sərhəd təxribatlarından sonra Brüssel görüşünə razılaşması bu anlamda haqlı suallar doğurmuşdu. Üstəlik, hakim komandada Moskvaya “KTMT-dən və Avrasiya Birliyindən çıxırıq” kimi bəyanatlarla “kəllə atmaq”cəhdləri, o cümlədən sosial şəbəkələrin erməni seqmentində Rusiyanın Gümrüdəki 102-ci bazasının ölkədən çıxarılması barədə çağırışlar diqqət çəkirdi.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan isə “əgər Rusiya və KTMT Azərbaycanla münaqişəni həll etmək imkanları tapmasa Ermənistan digər beynəlxalq tərəfdaşlara müraciət etmək haqqını özündə saxlayır” deyərək, Kremli şantaj edirdi. Təbii ki, bu da Moskvanın səbrini daşırdı.

Bundan başqa, noyabrın 23-də İrəvanda ABŞ səfirliyi qarşısında keçirilmiş aksiyada prezident Co Baydenə ünvanlanmış məktub təqdim olunub. Məktubda təşkilatçılar ABŞ-ı Ermənistana daha aktiv dəstək verməyə çağırıblar və Rusiyadan şikayətləniblər.

Aksiyada səslənən bəzi şüarlara diqqət edək: “Bizim xilasımız Amerika və birləşmiş Qərbdir!”, “Amerika Ermənistana dəstək verə bilər və Rusiya ilə Türkiyənin güclənməsinin qarşısını alar”, “Ruslar burnundan uzağı görə bilmirlər, Amerika isə 100 il əvvəli proqramlaşdırır” və s.

Beləliklə, Ermənistan indi siyasi oriyentasiyası ilə bağlı qəti seçim etmək iqtidarında deyil. Qərb (Avropa Birliyi) ona qucaq açmış kimi görünsə də, Moskvanın hiddətini üzərinə çəkmək istəmir və İrəvanı hər an kənara itələməyə hazırdır. Ermənistanın Rusiyanın orbitindən çıxıb Qərbə meyllənməsi cəhdlərini dəyərləndirən rusiyalı ekspertlər də Paşinyanın çıxılmaz (suqsvanq) vəziyyətdə olduğunu təsdiqləyirlər. Paşinyanın və erməni istebleşmentinin Moskvadan incikliyi olsa da, bunu Qərbə meyllənməklə kompensasiya etmək cəhdləri də uğursuzdur. Qərb Ermənistana görə Rusiya ilə qarşıdumanı dərinləşdirməkdə maraqlı ola bilərmi? Ermənistan “it hürən” tərəflə “işıq gələn” tərəfi müəyyənləşdirəcək, öz seçimi edə biləcək iqtidarındadırmı?

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev bildirdi ki, heç kim Ermənistana görə siyasətini dəyişməz. Partiya sədrinin fikrincə, Ermənistandan yaxşı maşa yoxdur və element kimi istifadə edilir: “Azərbaycan müharibədən qalib çıxan və diktə edən tərəfdir, bizə nə kömək edəcəklər? Ona görə Ermənistan üzərindən manipulyasiyalar edirlər”.

F.Quliyevin sözlərinə görə,
Ermənistanda Sorosun dəstəyi ilə iqtidara gələn qüvvələrdir və Paşinyan qərbyönümlü komanda yaradıb: “Amma Ermənistan MDB-nin, KTMT-nin üzvüdür, rus hərbi bazası Gümrüdə yerləşir, dəmiryollarını Rusiyaya verməyə məcbur olub, yəni tam Rusiyadan asılıdır. Həmçinin müharibədə erməniləri bizim əlimizdən alan, məhvdən xilas edən Rusiya oldu. İndi kim Ermənistana görə Azərbaycanla döyüşəcək?”

F.Quliyev İrəvanın Qərb və Rusiya arasında var-gəl etdiyini düşünür: “Paşinyanın son açıqlamalarına diqqət etmək lazımdır. O, son hadisələrlə Minsk Qrupunun bölgəyə gəlməsi üçün çalışır. Sərhəd təxribatı da yeni vasitəçilər cəlb etməyə hesablanmışdı. Paşinyan hesab edir ki, sonra müşahidəçi olsun, ardınca sülhməramlı yerləşsin və bununla sərhədlərin delimitasiyası uzansın, təmas xətti yaransın. Ona görə Ermənistan üçün vəziyyət mürəkkəbdir və nə zamansa Rusiyanın çöküşü olarsa, onlar Qərbə doğru seçim edə bilərlər”.

Emil SALAMOĞL/“Yeni Müsavat”

Geri dön