Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyev: “Təbiidir ki, bu cür gedişləri ilə Ermənistan nəsə qazana bilməyəcək və Rusiyanın qəzəbinə tuş gələcək”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev: “Təbiidir ki, bu cür gedişləri ilə Ermənistan nəsə qazana bilməyəcək və Rusiyanın qəzəbinə tuş gələcək”

Fərəc Quliyev: “Təbiidir ki, bu cür gedişləri ilə Ermənistan nəsə qazana bilməyəcək və Rusiyanın qəzəbinə tuş gələcək”


Soçi görüşü bir daha sübut etdi ki, Paşinyan öz əzəli müttəfiqini Qərbə və ABŞ-a satmağa tam hazırdır. Belə ki, Paşinyan növbəti dəfə fərqli yanaşma sərgilədi. Prosesə Qərbi cəlb etmək üçün vaxt qazanmaq məqsədilə 9 noyabr görüşünü sabotaj edən Paşinyan Soçi görüşü ərəfəsində də oxşar addım atdı.

Onun onlayn mətbuat konfransında səsləndirdiyi destruktiv, şovinist fikirlər Soçi danışıqlarının nəticəsiz qalmasına yönəlmiş təxribat və şəxsən Putinin vasitəçiliyinə qarşı hörmətsizlik idi. Amma Paşinyanın bu cəhdi baş tutmadı və Soçidə güzəştə getməyə məcbur oldu. Ermənistan atdığı son addımlarla növbəti dəfə Rusiyaya nümayiş etdirdi ki, öz strateji tərəfdaşına qarşı satqınlıq və riyakarlıq siyasətini davam etdirir. Paşinyanın Şarl Mişelə çağırışları və Avropa vasitəçiliyini gündəmə gətirməsi Moskvaya növbəti siqnal oldu.

Paşinyanın ABŞ-ın təşkil etdiyi “demokratiya sammiti”nə dəvət alması ilə lovğalanması da Rusiyanın diqqətindən yayınmayıb və Moskva baş verənlərin, Ermənistanın hansı niyyət güdməsinin fərqindədir. Çünki bu sammit “Soyuq müharibə”dən sonra Rusiyaya qarşı yaradılan yeni koalisiyadır. Ermənistan isə bu koalisiyada yer alan, KTMT və Avrasiya İqtisadi İttifaqına üzv olan yeganə ölkədir.

Soçi görüşü, eləcə də baş verən proseslər belə nəticəyə gəlməyə əsas verir ki, İrəvanla Moskva arasında bu inamsızlıq mühiti fonunda Azərbaycanın yürütdüyü düşünülmüş siyasət həm Rusiya, həm də Türkiyə ilə etibarlı tərəfdaşlığı sayəsində regionda yeni təhlükəsizlik konturları cızır .

KTMT və Avrasiya İttifaqının yeganə ölkəsi kimi Ermənistanın qlobal anti-Rusiya tədbirində iştirakı Moskva ilə İrəvan arasında soyuqluğa səbəb ola bilərmi?

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, həmin görüş onlayn formada keçiriləcək: “Söhbət hər bir ölkənin Ermənistandan istifadə etməsindən gedir. Kimin imkanı varsa, məğlub durumda olan və özünü bazara çıxaran Ermənistanla alqı-satqıya girir. Ermənistan nə alan, nə də satan tərəfdir. Yalnız özünü satılmaq üçün təşviq edir. Azərbaycan və Türkiyə kimi ölkələrlə belə davrana bilməzlər axı. Bu kimi ölkələrin müstəqil siyasətləri var. Başadüşüləndir ki, bu məsələ Rusiyanın ürəyincə deyil. Amma Moskva da anlayır ki, hamı Ermənistandan maşa kimi istifadə etmək istəyir. Son görüşdə iki daşın arasında Paşinyan yenidən ATƏT Minsk Qrupunun bölgəyə dəvət olunmasından danışdı. Görüşdən əvvəl isə bölgəyə yeni sülhməramlıların cəlbi ilə bağlı taktiki gedişlər etdi. Bir sözlə, iki stulda oturmağa davam edir. Ancaq nəzərə alaq ki, Ermənistanın ipləri daha çox Rusiyanın əlindədir. KTMT-nin üzvüdür, sərhədlərini Rusiya sərhədçiləri qoruyur, iqtisadiyyatı tam olaraq bu ölkədən asılıdır. Təbiidir ki, bu cür gedişləri ilə Ermənistan nəsə qazana bilməyəcək və Rusiyanın qəzəbinə tuş gələcək. Ya da Rusiya məcbur olacaq ki, daha çox basqılarla Ermənistanı yanında saxlamağa nail olsun. Bir sözlə, Ermənistana fayda verən addım deyil”.

Məhəmmədəli QƏRİBLİ/baki-xeber.com

Geri dön