Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Jurnalist Qulu Kəngərlinin yeni kitabı Daşkənddə Azərbaycan və özbək dillərində nəşr edilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər > Jurnalist Qulu Kəngərlinin yeni kitabı Daşkənddə Azərbaycan və özbək dillərində nəşr edilib

Jurnalist Qulu Kəngərlinin yeni kitabı Daşkənddə Azərbaycan və özbək dillərində nəşr edilib


Orta Asiya və Pakistan üzrə müxbiri Qulu Kəngərlinin “Keçmiş unudulmayanda tarixə dönür” adlı publisistik kitabı Daşkənddəki ”Renessans press” nəşriyyatında nəfis tərtibatla Azərbaycan və özbək dillərində çap edilib.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli kitaba “Ön söz” yazıb. Toplunu özbək dilinə tanınmış jurnalist və tərcüməçi Rüstəm Cabbarov çevirib.

Kitabın Azərbaycan variantının redaktoru Təranə Kazımova, özbək versiyasının redaktorları dosent Gülnaz Səttarova və Şəhla Qasımovadır. 700 səhifəlik kitab üç fəsildən ibarətdir.

Birinci fəsil “Taleyi Mərkəzi Asiya ilə bağlı olan tanınmış Azərbaycan türkləri” adlanır. Bu fəsildə Mərkəzi Asiya ölkələrində yaşamış və yaşayan tanınmış azərbaycanlılar haqqında ayrı-ayrılıqda söhbət açılır, onların həyatı və fəaliyyəti işıqlandırılır. Burada adları bizə bəlli olan soydaşlarımızla yanaşı tanımadığımız, heç vaxt eşitmədiyimiz adlar daha çoxdur. Səmərqənd şəhərində yaşayan, sonra İndoneziyaya gedərək orada müsəlmançılığı yayan Mövlana Malik İbrahim, Azərbaycandan gəlib ömrünü Buxara fəlsəfi mühitinə bağlayan Mövlana Yusif Qarabaği, böyük filosof Mirzəcan Şirazi, tacik mətbuatının Zərdabisi, Buxarada çap edilən ilk tacikdilli “Buxarai Şarif” qəzetinin naşiri və redaktoru Mirzə Cəlal Yusifzadə, Avropada tanınmış bəstəkar, Səmərqənddə doğulan, Fransada məşhurlaşan Əminulla Hüseynov (Andre Osseyn), onun oğlu, məşhur fransız aktyor və rejissoru Rüstəm Hüseynov (Rober Osseyn), Pakistanın azərbaycanlı prezidenti, Qızılbaş nəslindən olan Ağa Məhəmməd Yəhya Xan və digərləri bu qəbildəndir.

Kitabın ikinci fəsli “Günahsız günahkarlar” adlanır. Bu bölmədə Orta Asiyaya sürgün olunan azərbaycanlılar haqqında söhbət açılır, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Tacikistanda yüksək vəzifə tutan, sonra sürgün olunan, min bir əzaba düçar olan soydaşlarımızın acı taleyindən bəhs edilir, ALJİR-ə (Акмолинский лагерь жен изменников родины) və Karlaqa (Kaрагандинский лагерь) sürgün edilən günahsız qadınlarımızın acı taleyindən, məşhur Rəfibəylilər nəslindən Qazaxıstana sürgün olunanların həyatından danışılır.

Tanınmış yazıçı, özbək ədəbiyyatının klassikinə çevrilmiş Maqsud Şeyxzadə, ictimai-siyasi xadim Əli Yusif Yusifzadə, Azərbaycanın və Qazaxıstanın böyük ictimai-siyasi xadimi Əhməd bəy Pepinov, Səmərqənddə ömrünün sonunadək sürgün həyatı yaşayan Qara bəy Qarabəyli, “Qürbətdə günəşi neylərəm” deyə fəryad edən Almas İldırım, Tacikistan KP MK-nın birinci katibi olmuş Mirzə Davud Hüseynov, bu ölkələrdə yüksək vəzifələrdə çalışan Əliheydər Şirvani-Mustafabəyov, Daşkənddə sürgündə olan məşhur xanəndə Cahan Talışinskayanın acı taleyi bu bölmədə işıqlandırılır.

Kitabın “Orta Asiyada teatrın yaranması” fəslində isə Özbəkistanda, Türkmənistanda və Tacikistanda teatrın yaranmasında və inkişafında Azərbaycan rejissorlarının və aktyorlarının rolundan bəhs edilir.

Geri dön