Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Universitet və nazirliklər Bakıdan köçürülür - MÜTƏXƏSSİS RƏYLƏRİ
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sosial > Universitet və nazirliklər Bakıdan köçürülür - MÜTƏXƏSSİS RƏYLƏRİ

Universitet və nazirliklər Bakıdan köçürülür - MÜTƏXƏSSİS RƏYLƏRİ


Yolu Bakıxanov küçəsi, Mərkəzi Statistika dairəsi, Tibilisi prospekti, 20 Yanvar dairəsi, Zərifə Əliyeva küçəsi, Neftçilər və Azadlıq prospektindən düşənlər gedəcəkləri yerə ən azı bir saat gecikməli olurlar. Günün pik saatlarında isə bu yollar demək olar ki, keçilməz olur. Yağış və qarlı günlərdə isə yollarda vəziyyət dözülməzdir. Ekspertlərin fikrincə, buna səbəb maşınların sayının artması, paytaxtda kütləvi axın və s.dir. Amma həmin maşınlar paytaxtın digər ərazilərində də hərəkət edir, deməli həm də başqa səbəblər var.

Sıxlığın bir səbəbi də ali məktəb, nazirliklər, idarə və müəsisələrin demək olar ki, hamısının paytaxtda yerləşməsidir. Xüsusi memarlıq nümunələri, tarixi abidələri ilə zəngin olan Bakı artıq əvvəlki simasını itirmək üzrədir. Dünyanın bir sıra ölkələrində Bakı kimi şəhərlər xüsusi olaraq mühafizə olunur, orada əlavə tikililərə icazə verilmir. Hətta həmin şəhərlərə yerüstü nəqliyyatın daxil olması qadağandır.

Bizdə isə əks proses gedir, onsuz da geniş olmayan paytaxtın mərkəzi hissəsi yeni tikilən binalarla hər gün bir az da kiçilir. İnzibati binaların isə paytaxtda yerləşməsi sıxlığı daha da artırır. Məsələn, Vergilər, Ekologiya və Təbii Sərvətlər, Ədliyyə nazirliyi, Gömrük komitəsi bundan başqa Bakı Dövlət, Memarlıq və İnşaat, Texniki Universitet təxminən eyni ərazidə bir-birinə yaxın küçələrdə yerləşir ki, bu da Elmlər Akademiyası metrostansiyası ərtafında daim sıxlığın yaranmasına səbəb olur. Üstəlik həmin ərazidə bir neçə orta məktəb də yerləşir.

Təkcə burda yox, digər universitet, nazirlik binalarının yerləşdiyi küçələrdə də oxşar mənzərəni müşahidə etmək olar. Çünki müəllimlər, nazirlik işçiləri, hətta tələbələrin belə əksəriyyətinin şəxsi maşınları var. Bu həm eyni istiqamət üzrə hərəkət edən maşınların sayının artması, həm də onlar üçün əlavə parkinq yeri olmadığına görə yol kənarında saxlanmasına səbəb olur. Bu isə onsuz da geniş olmayan yolların bir az da daralması deməkdir.

Bir müddət əvvəl problemin həlli üçün universitetlərdə dərs saatının dəyişdirilməsi fikri irəli sürüldü. Lakin məlum oldu ki, dərs saatının dəyişdirilməsi bir sıra yeni problemlərə yol aça bilər. Bəs məsələnin daha əsaslı həlli üçün universitet, bəzi nazirliklər və müəssisələrin köçürülməsi mümkündürmü? Bunu ekspertlərlə araşdıracağıq.

Əslində bu yeni bir variant deyil, bəzi universitetlərin rayon mərkəzlərində filialları var, bundan başqa Qafqaz Universiteti, Lomonosov adına Universitetin Bakı filialı mərkəzdən kənarda yerləşməsi yaxşı nümunələrdir. Universitetlərin bölgələrə köçürülməsi həm də həmin rayonların inkişafına da yol aça bilər. Ora intellektual tutumu yüksək olan kontingent aparacaq. Çünki nə qədər məktəb, inzibati bina, idman kompleksləri tikilsə də, onları işlədəcək kadrlar olmadan heç bir işə yaramır.

“Nazirliklərin köçürülməsi siyasi qərar tələb edir”

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri Cahangir Qocayev də mövcud sıxlığın səbəblərin birinin ali təhsil ocaqları, bəzi təsərrüfat subyektlərinin paytaxtda yerləşməsi ilə əlaqədar olduğunu bildirdi. Şöbə müdiri beynəlxalq təcrübələrdə də ali məktəblərin yaşayış massivinin yaxınlığında yerləşməsinin qəbul olunmadığını deyir:

“52 ali məktəbdən 40-dan çoxu Bakıdadır, amma onların bölgələrə köçürülməsi üçün Təhsil Nazirliyi proqram işləyib təqdim etməlidir. Digər tərəfdən şəhərin mərkəzindəki sıxlığın azaldılması üçün elektrik qatarlarından istifadə imkanları nəzərə alınmalıdır. Nazirliklərin köçürülməsi siyasi qərar və bəzi texniki məsələlərin həllini tələb edir. Amma bəzi təsərrüfat subyektləri də “Azərlizinq”, “Azəriqaz”, “Azəravtoyol”, Kənd təsərrüfatını kreditlərlə təmin edən qurum və bu kimi subyektlərin paytaxtda olmasına ehtiyac yoxdur. Çünki bunlar həm də paytaxtda sərnişin axını artırır. Amma bütün bunlar sadəcə mütəxəsis istəyi ilə həll oluna bilməz. Müvafiq nazirliklər proqram hazırlayıb dövlətə təqdim etməlidir”.

Yeni plan

Şöbə müdiri çıxış yollarından da danışdı. O, Qaradağ rayonu ərazisində dəmiryolunun ərtafında onlarla tələbə şəhərciyi salmağın mümkün olduğunu dedi. C.Qocayev hətta bunun zəruri olduğunu bildirdi, çünki bu rayon ərazisində hər hektara bir nəfər düşür, məskunlaşma aşağıdır. Gələcəkdə Qaradağ rayonunun respublikanın sənaye mərkəzi olacağını, Ələtin isə ayrıca bir şəhərə çevrilə biləcəyindən danışan şöbə müdiri Azərbaycan Texniki Universitetini ora köçürməyin mümkün olduğunu bildirdi. O qeyd etdi ki, ali məktəblər əyalətlərin elmi-intellektual səviyyəsinin yüksəldilməsində əvəzsiz rol oynaya bilər. O, problemin tam həlli üçün artıq regionların sosial-iqtisadi inkişafı planının hazırlandığını da bildirdi:

“Plan hazırlanarkən bəzi qurumların, ali təhsil ocaqlarının köçürülməsi məsələsi orada əks olunacaq. Bu sadə bir iş deyil, müəyyən maliyyə də tələb edir. İlk dəfə olaraq Bakının mərkəzinin müfəssəl planlaşdırılması layihəsi hazırlanıb. Böyük Bakının regional inkişaf planı hazırlanır.

Bəzi yüksək mərtəbəli binalar var ki, sıxlığın yaranmasına səbəb olurlar. Bu binaların hamısını sökmək mümkün deyil, ona görə nəqliyyatın məhdudlaşdırılması, yeni nəqliyyat növlərinin tətbiqi, küçələrin genişləndirilməsi prosesin həllində yardımçı ola bilər”.
Hazırda salınan yolların 2030-cu ilə qədər hesablandığını bildirən komitə rəsmisi bunun elə də uzun müddət olmadığı ilə razılaşır.

Ayaqla gəzmək olmayacaq

Memar, şəhərsalma üzrə ekspert Emil Axundovun Bakının özbaşına qaldığını düşünür.

“Paytaxtın hazırkı vəziyyətinə səbəb infrastruktur texnologiyasının pozulmasıdır. Harda gəldi bina tikəndə nəticə belə olacaqdı. Son 10 ildə yavaş-yavaş Bakı şəhərə oxşamağa başlayıb. Ancaq hələ də tarixi binaları söküb yerində heç bir tələblərə cavab verməyən binalar tikirlər. Həmin binaların əksəriyyəti istifadəsizdir. Vəziyyət bu cür davam etsə, növbəti iki ildə Bakıda ayaqla yerimək mümkün olmayacaq. İndi Bakıda yanağı qırmızı bir uşaq tapmaq olmur. Bakılı olaraq deyirəm ki, “Heyif mənim şəhərimdən””.

E.Axundov da mövcud problemin həlli üçün ali məktəb, nazirliklərin köçürülməsinin düzgün qərar olduğunu dedi:

“Bəzi ekspertlər paytaxtın dəyişdirilməsini təklif edirlər, amma bununla razı deyiləm. Bu nə universitetdir ki, onun üç binası var? Həmin obyektlər Şıx adasında Salyan istiqamətində yerləşdirilməlidir. Əfsuslar olsun ki, dəniz kənarında bir metr torpaq belə saxlamayıblar. Bütün bunlar əvvəldən düşünülməli idi. İndi də Bakı çarəsiz bir vəziyyətdə qalıb. Şəhər idarəçiliyi rəhbərliyindəki insanlar şəhərsalma, idarəetmə işini bilməli idilər. Məsələn, Əhmədli Günəşli kimi ərazilərdə sanatoriya, ağ ciyər xəstəlikləri üçün mərkəzlər, uşaq sanatoriya, istirahət obyektləri tikilməli idi.

İndi Bakıda su butkasını belə tikmək olmaz, əlimizi buradan üzməliyik. İdarələr, Nazirliklər, komitələr, ali məktəblər paytaxtdan köçürülməlidir. Paytaxtda muzeylər, tarixi binalar, mədəni ocaqlar olmalıdır, turistlər gəlməlidir”.

Ekspert ali məktəb və digər obyektlərin rayon mərkəzlərinə yox, Bakı ətrafına köçürülməsi lazım olduğunu bildirdi.

“Rayonlara köçürülməsinin tərəfdarı deyiləm. Şəhərətrafı tələbə şəhərcikləri tikilməlidir. Bütün universitetlər şəhərin mərkəzinə toplanıb, hərəkət etmək olmur”

Bölgələr də inkişaf edəcək

Millət vəkili Asim Mollazadə ali məktəblərin, nazirliklərin və bir sıra inzibati binaların bölgələrə köçürülməsini müsbət hal hesab edir.
“Bir neçə beynəlxalq şirkətlərin iştirak etdiyi Böyük Bakının baş planı bu yaxınlarda təsdiqlənməlidir. Bu layihəni, ümumi inkişafı planlı şəkildə zəruri dəyişiklikləri həyata keçirmək olar. Hazırda baş plan mövcud deyil. Baş plan hazırlanandan sonra ali təhsil ocaqları, inzibati binaların hara köçürülməsi ilə bağlı dəqiq fikir demək mümkün olacaq. Bu müəsisələrin bölgələrə köçürülməsi regionların da inkişafına səbəb olacaq”.

“Bu tıxaclar olmayacaqdı”

1995-2005-ci illər Bakının Baş planın müəlliflərindən biri, hazırda Böyük Bakının regionla inkişaf planının şəhər planlaşdırılması üzrə məsləhətçilərdən olan Feyzulla Qasımzadə Memarlıq abidələri ilə zəngin olan qədim Bakının üslubunu qoruyub saxlaması lazım olduğunu vurğuladı

“Təkcə tıxacların azaldılması üçün deyil, memarlıq üslubunu qoruyub saxlaması üçün də bəzi inzibati binaların paytaxtdan köçürülməsinə ehtiyac var. İllər əvvəl Dövlət Neft Akademiyasının paytaxtdan köçürülməsini təklif etmişdim. Bundan başqa məqsədimiz budur ki, metrostansiyaların da sayı artılsın”.

Memar onu da bildird i ki, 2005-ci ilə qədər olan Bakının Baş Planı tam həyata keçsəydi bugünkü tıxaclar yaşanmayacaqdı:

“Həmin planda magistral küçələrin genişləndirilməsi, metroların sayının artırılması, tramvay yollarının inkişafı planlaşdırılmışdı, çünki tarixi şəhərdə mütləq tramvay olmalıdır. Yeni Böyük Bakı Regional inkişaf planında isə bəzi ali məktəb, nazirliklər, inzibati binaların şəhərdən çıxarması nəzərdə tutulub. Hətta mərkəzi hissədə yerüstü nəqliyyatın hərəkətini məhdudlaşdırmağı düşünürük. Layihə gələn il qurtarmalıdır, müddəti isə 2030-cu ilə qədərdir. Bu planın əvvəlkindən fərqi şəhərsalmanı idarəetmə prinsipinə çevirməsidir”.

Mərkəzdən köçürüləcək binaların şəhər ətrafında yerləşdirilməsinə gəldikdə isə F.Qasımzadə buna yetərincə ərazi olduğunu bildirdi. O, bir çox binaların heç bir planlaşmaya əsaslanmadan tikildiyini etiraf etdi. Amma yeni planda həmin binaların sökülməsinə gəldikdə isə bunun böyük xərc tələb etdiyini dedi:

“Bizi ən çox narahat edən şəhərin mərkəzində tarixi binalara uyğun olmayan hündürmərtəbəli binalardır. Onlar şəhərin görünüşünü korlayır. Həmçinin bu binalar arası məsafələr də müəyyən olunmayıb. Tələblərə cavab verməyən binaların sökülməsi mümkündür”.

Bakı elə də böyük şəhər deyil, bir tərəfdən də tikilən binalar onu bir az da kiçildir. Bakı çarəsizdir. Bakı həm də dünyanın nadir şəhərlərindəndir, onu qorumaq üçün binaları nəinki rayon mərkəzinə, hətta kəndlərə də köçürməyə dəyər.

Gülxar Şərif

Geri dön