Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Elçibəyin Basqal sirləri - REPORTAJ
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Köşə yazarları, Türkün şanlı tarixi, DAVAMın yazıları > Elçibəyin Basqal sirləri - REPORTAJ

Elçibəyin Basqal sirləri - REPORTAJ


Dudayevə təbrik məktubu da, Milli Məclis ideyası da bu kəndlə bağlı imiş...

Bir payız günüydü. Yaşıl meşəli dağ kəndindəki evlərin birinin eyvanında yaşı 50-ni keçmiş, saçı-saqqalı dağınıq bir kişi dayanmışdı. Xəyallara dalmışdı, gözlərini uzaqlara zilləyib nəsə düşünürdü. Qarşıda gediləsi uzun bir yol gözləyirdi - onu da, millətini də.

O, həyatının məqsədinə çatmışdı. Qırx ilə yaxındı azadlığı uğrunda mübarizə apardığı vətəni cəmi bir həftə idi ki, müstəqilliyini bərpa etmişdi. Bunun doğurduğu sevinc o qədər böyük idi ki, səhhətindəki problemlərin yaratdığı ağrı-acılar eyninə də deyildi. Halbuki sağlıq problemləri kifayət qədər ciddiydi - iki ay əvvəl hökumətə bağlı milis və qoçu dəstələri rəhbərlik etdiyi təşkilatın qərargahına basqın etmiş, onun özü baş və qaraciyər nahiyəsindən zədə almışdı...

Bu dağ kəndi İsmayıllı rayonunun Basqal kəndi, bu adam isə Azərbaycan Xalq Cəbhəsinin (AXC) sədri Əbülfəz Elçibəy idi.

Niyə məhz İsmayıllı?

Məhəmməd Əmin Rəsulzadə ilə Əbülfəz Elçibəyin həyat və fəaliyyətlərini analiz edərkən orada bir sıra oxşarlıqlarla üzləşməli oluruq. Bu oxşarlıqlar təkcə onların hər ikisinin ad və soyadında “Peyğəmbər” mənasını verən sözlərin olması, hər ikisinin Azərbaycandan kənarda və məhz Türkiyədə əbədiyyətə qovuşması deyil. Daha bir oxşarlıq onların hər ikisinin həyatının müəyyən bir dövrünün İsmayıllı rayonu ilə bağlı olmasıdı. Məlum olduğu kimi, Rəsulzadə bolşeviklərin təqibindən yaxa qurtarmaq üçün bir müddət bu rayonun Lahıc kəndində gizlənmək məcburiyyətində qalıb. Elçibəy isə hər anın Azərbaycan üçün tarixi proses sayıldığı bir dövrdə, 1991-ci ildə müəyyən müddət Basqal kəndində yaşamalı olub.

Deyirlər, tarixdə təsadüfi heç nə olmur. Bəs onda Rəsulzadəni də, Elçibəyi də İsmayıllı ilə bağlayan nə olub? İlahi hikmətmi, yoxsa bu torpaqların camaatının Allah və millət sevgisimi? Doğrusunu Ulu Yaradandan başqa kim bilir?..

Bakının istisindən İsmayıllı meşələrinə pənah apardığımız bu yay günlərində Basqala baş çəkmək və Elçibəyin həyatının bu kəndlə bağlı dövrü üzərinə işıq salmaq imkanını əldən vermədik. Bələdçimiz isə milli azadlıq hərəkatının tanınmış fəallarından Həsən Basqal oldu.

Bu da Basqal...

- Kəndin girəcəyində “Hüseyn bulağı” var. Gələrsiniz onun yanına. Bəyin qaldığı evin yiyəsi ilə də danışmışam, bu gecə Bakıdan gələcək.

Vədələşdiyimiz vaxtda “Hüseyn bulağı”nın yanında Həsən Basqalla görüşdük. Hal-əhvaldan sonra gəldiyimiz yolla təxminən yüz metr geri qaytardı bizi. Azca sağa dönüb yuxarı qalxdıq.

Bu da həmin ev... Basqal yolunun sol tərəfində yerləşir. İri darvazadan içəri keçirik. Bizi ev yiyəsi Məmməd Qəhrəmanov qarşılayır. İlk baxışdan diqqətimizi evin və həyətin relyef quruluşu cəlb edir. Maili vəziyyətdə olan həyətin yuxarısında tikilməsi ikimərtəbəli evə möhtəşəm görüntü verir: “Elə bunun nəticəsidir ki, yayda üç ay gəlib burda yaşayıram, kənddə heç kim bilmir ki, mən burdayam, ya Bakıda”. Həsən Basqal onun sözlərinə qüvvət verir: “Əbülfəz bəyi bura gətirməyimizin səbəblərindən biri də məhz bu idi. Yəni onun burda olacağı heç kimin ağlına gəlməzdi”.

Elçibəy Bakını niyə tərk etdi?

Həsən Basqalın dediyinə görə, Elçibəyin Bakıdan Basqala getməsi səhhətindəki problemlərlə əlaqədar olub: “Bildiyiniz kimi, 1991-ci il avqustun 19-da SSRİ-də QKÇP çevrilişi baş verdi. Elçibəyin başçılıq etdiyi AXC ilk gündən bu çevrilişə qarşı çıxdı, Rusiya demokratlarının müdafiəsinə qalxdı. Bu isə QKÇP-ni müdafiə edən o vaxtkı yerli hakimiyyətin xoşuna gəlmədi və avqustun 23-də Xalq Cəbhəsinin Bakıdakı mərkəzi qərargahına basqın oldu. Basqın zamanı Əbülfəz Elçibəy başından və qara ciyərindən zədə aldı”.

Dərhal etibarlı həkimlərin nəzarəti altına alınan AXC sədrinə ciddi müalicə kursu təyin olunur. Lakin həm az qidalanması, həm də dava-dərmana etinasızlığı səbəbindən müalicə o qədər də effektiv olmur: “Əksinə, iştahasızlığı getdikcə artır, hətta son on gündə, ümumiyyətlə, heç nə yemir. Bu səbəbdən həkimlərin və yaxın dostlarının məsləhəti ilə Əbülfəz bəyi bir müddət siyasi proseslərdən uzaq tutmaq qərara alındı. Çətinliklə də olsa, onun özünü buna razı salmaq mümkün oldu”.

Elçibəyi hara aparmaq məsələsində uzun müzakirələrə ehtiyac olmur və Məmməd Qəhrəmanovun Basqaldakı evi üzərində seçim edilir. Bunun üçün zaman da uyğun seçilmişdi - Azərbaycan cəmi bir neçə gün idi ki, müstəqilliyini bərpa etmişdi, hələ cəmiyyətdə bayram əhval-ruhiyyəsi hökm sürürdü. Həsən Basqal: “Açığı, Bəyin Basqala nə vaxt gəldiyini dəqiq xatırlamırıq. O vaxt proseslər o qədər sürətlə cərəyan edirdi ki, hansısa tarixi əbədiləşdirmək adamın ağlının ucundan da keçmirdi. Amma siyasi proseslərin xronologiyası əsasında təxmini deyə bilərəm ki, Əbülfəz bəy Basqala təxminən oktyabrın 24-də gəldi və noyabrın 17-də Bakıya qayıtdı”.

Basqala səfər zamanı Elçibəyi cəmi üç nəfər - Arif Rəhimoğlu, Aydın Kərimov və mühafizəçisi İlqar Qədirquliyev müşayiət edir. Bu yazıya dəxli olmayan daha bir maraqlı məqam - 1992-ci ilin 15 may hadisələri zamanı AXC rəhbərliyinə daxil olan şəxslər və dostları vəziyyət aydınlaşana qədər Elçibəyin təhlükəsizliyinə xüsusi diqqət yetirir. Bu səbəbdən Əbülfəz bəy bir neçə saatlıq Məmməd Qəhrəmanovun Bakıdakı evində saxlanılır.

Fotosuz bir ay

Məmməd Qəhrəmanov deyir ki, Basqalın saf təbiəti elə ilk gündən Elçibəyin səhhətinə müsbət təsir edir: “Çox qısa müddətdə iştahasızlığı aradan qalxdı. Bəy təbiət vurğunu olduğu üçün onu tez-tez Basqalın dağlarına, meşələrinə gəzməyə aparırdıq. Hər gəzintidə çox maraqlı söhbətlərimiz olurdu. İnanın, günlərimiz o qədər maraqlı keçirdi ki, o bir ay müddətində şəkil çəkdirmək belə yadımıza düşmədi”.

Hər səhər Məmməd kişinin evinin həyətini gəzən Elçibəy bəzən ona irad da tuturmuş: “Payız fəsli idi, təbii ki, ağaclar yarpaqlarını tökürdü. Bir də görürdüm ki, Bəy məni səsləyir: “Niyə tənbəllik edib bu yarpaqları yığışdırmırsınız?” Mən də zarafatla cavab verirdim ki, Bəy, təbiəti olduğu kimi sevmək lazımdı”.

Azadlıq yanğısı

Elçibəy qısa müddətdə Basqalın təbiətini də, insanlarını da çox sevir. Məmməd Qəhrəmanovun sözlərinə görə, sağlıq durumunun gözləniləndən sürətlə qaydasına düşməsi və istiqanlı insanları Bəydə Basqala qarşı xüsusi münasibət yaradır: “Bir gün mənə dedi ki, vaxtı gələndə sənə deyəcəm, burdan yer taparsan mənə - ev tikib Basqalda qalacam. Bir dəfə də gördüm ki, yaman fikirli durub, baxışlarını uzaqlara zilləyib. Məni görüb qayıtdı ki, bilirsən nə fikirləşirəm? Kaş azad olaydım, gəlib bax elə Basqalda sadə kəndli həyatı yaşayardım, azad və asudə olardım. İçimə qəribə bir hiss doldu - Azərbaycana azadlıq gətirən kişilərdən birinin özü azadlıq həsrətindəydi”.

Məmməd kişi vədələşdikləri kimi bir neçə ildən sonra Əbülfəz bəyin arzuladığı yerlərin birindən torpaq sahəsi tapır. Lakin əcəl bu arzunun gerçəkləşməsinə imkan vermir.

“Aslanı qəfəsdə saxlamaq olmaz!”

Elçibəyin Basqal həyatı ilə bağlı daha bir maraqlı məqam var - Çeçenistanın müstəqilliyinin elanı və prezident seçilməsi münasibətilə mərhum Cövhər Dudayevə təbrik məktubu məhz buradan göndərilib: “İsmayıllıda Təvəkkül adlı ləzgi bir dostumuz vardı. Bəyin burda olduğunu eşidib qonaq çağırmışdı. Orda Çeçenistan və Dudayevlə bağlı ciddi müzakirələr getdi. Birdən Əbülfəz bəy qayıtdı ki, oğul istəyirəm məktubumu Dudayevə çatdırsın. Məktub bu cümlə ilə başlayırdı: “Aslanı qəfəsdə saxlamaq olmaz!” Təvəkkül məktubu Dudayevə çatdırmağı öz öhdəsinə götürdü. İki gündən sonra məktub artıq Qroznıda keçirilən mitinqdə oxunmuşdu. Dudayev məktubu aparanlarla Bəyə salam və təşəkkürlər göndərmişdi”.

Həsən Basqal isə xatırlayır ki, o vaxtkı Ali Sovetin 50 nəfərlik Milli Məclisə çevrilməsi ideyası da məhz bu kənddə meydana gəlib: “Bir gün Bəy bizə bu ideyasını açıqlayıb dedi ki, cəmiyyətdə tarazlığı bərqərar etmək və kimsənin üstünlük əldə etməməsi üçün Milli Məclis yaradılmalı, o vaxtkı hakimiyyət və müxalifət burada paritet əsasda təmsil olunmalıdır. Çox tezliklə bu ideya reallaşdı. Yadımdadı, o zaman Rusiya televiziyalarının xəbərlər buraxılışlarında bunu “Azərbaycan Xalq Cəbhəsinin konstitusion çevrilişi” kimi təqdim etmişdilər”.

Kənddə qurultay hazırlıqları

Basqala gəlməyin adı istirahət olsa da, Əbülfəz bəy burda da boş oturmur. Basqal kənd məktəbində şagirdlərlə, İsmayıllının mərkəzində rayon sakinləri ilə görüşür. Həsən Basqal deyir ki, onun kənd ziyalıları, xüsusən tarix və ədəbiyyat müəllimləri ilə müzakirələri isə bəzən gecə yarıya qədər uzanırmış: “Təbriz, Şəki və Ordubad şəhərləri ilə yanaşı, Basqal da Azərbaycanda ipəkçiliyin tarixi mərkəzlərindən biri olub. Kəlağayısı ilə məşhur olan kəndimizdə ipək sexləri fəaliyyət göstərib. Basqalın XVI-XVII əsrlərə aid olduğu bildirilən kanalizasiya sisteminin sirrini hələ açan olmayıb. Bəy kənd ziyalıları ilə Basqalın tarixindən tutmuş milli kimliyimizə qədər bir çox məsələlər ətrafında müzakirə aparardı”.

Üstəlik, AXC-nin qarşıdan gələn qurultayı ilə əlaqədar Proqram və Nizamnaməsi üzərində ciddi iş gedirdi. Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Elçibəyin özü, müavinləri Aydın Kərimov və Arif Rəhimoğlu idi. Əslində onların Basqala gəlişinin məqsədi də bu işdə sədrlərinə kömək etmək idi. Məmməd Qəhrəmanov: “Aydın Kərimov və Arif Rəhimoğlu Nizamnaməni Bəyə təhvil verəndə mən də otaqda idim. Bəy sənədi bir az oxuduqdan sonra onları sıxışdırmağa, danlamağa başladı. Onlar gedəndən sonra belə etməsinin səbəbini soruşdum. Maraqlı cavab eşitdim: “Belə edirəm ki, onlar Nizamnamənin hər bir maddəsini incəliklə şərh etməyə hazır olsunlar. Sabah o sənəd qurultayda müzakirə olunanda verilən istənilən suala dolğun cavab verməyi bacarsınlar”.

Hazırda Milli QHT Forumu İdarə Heyətinin sədri və Müstəqil Elmi-Praktik Hüquq Mərkəzinin rəhbəri olan Aydın Kərimov o günləri belə xatırlayır: “Həmin vaxt Basqalda hava çox soyuq idi. Bəy hərdən görüşlərə gedərdi, biz ikimiz isə evdən bayıra demək olar ki, çıxmırdıq. İşimiz həddən artıq çox idi, AXC-nin Proqram və Nizamnaməsini qurultaya qədər hazır etməliydik. Bütün günü mütaliə edir, beynəlxalq təcrübəni öyrənir, müasir ümumbəşəri ideyaları Proqrama daxil edirdik. Sonradan o ideyaların bir çoxu müstəqil Azərbaycanın Konstitusiyasında əksini tapdı”.

A.Kərimovun dediyinə görə, ilk vaxtlar Elçibəyin Basqalda olması çoxlarından gizli saxlanıldığından, ziyarətçiləri o qədər də çox olmayıb: “Lakin Bakıya qayıtmağımıza az qalmış artıq yerimizi təsbit etmişdilər və gəlib-gedənlərin sayı artmışdı. Ziyarətçilər arasında o vaxt İsmayıllıda hakim olan Tahir Kərimli və xalq şairi Bəxtiyar Vahabzadənin oğlu, həmin dövrdə rayon prokuroru olan Azər Vahabzadə də vardı”.

Prezidentin vəfa borcu

Elçibəy Basqalda keçirdiyi günləri həmişə xoş xatirələrlə xatırlarmış - istər prezident olduğu, istər Kələkidə yaşadığı dövrdə, istərsə də Bakıda keçirdiyi ömrünün son illərində. Çox qısa müddətdə Basqalın və onun əhalisinin problemlərinə də yaxından bələd ola bilibmiş. Heç də təsadüfi deyil ki, prezident Elçibəyin imzaladığı ilk sərəncamlardan biri Basqala qaz çəkilməsi barədə olub. Həsən Basqalın dediyinə görə, artıq borular tam çəkilib qurtarmış, bircə kəndə qaz verilməsi qalmışdı...

Yeri gəlmişkən, Basqalın qaz məsələsi bu günədək həll olunmamış qalır.

Son söz yerinə

Bir payız günüydü. Yaşıl meşəli dağ kəndindəki evlərin birinin eyvanında yaşı 50-ni keçmiş, saçı-saqqalı dağınıq bir kişi dayanmışdı. Xəyallara dalmışdı, gözlərini uzaqlara zilləyib nəsə düşünürdü. Qarşıda gediləsi uzun bir yol gözləyirdi - onu da, millətini də.

Kim bilir nələr düşünürdü? 71 ildən sonra müstəqilliyini bərpa edən millətini xoşbəxt etmək üçün hansı planlar qururdu? Hər şeyin istədiyi kimi getməyəcəyini, ömrünün arzularını həyata keçirməyə yetməyəcəyinimi fikirləşirdi? Yoxsa çox sevdiyi

Hər kimsənin var kimsəsi,
Mən kimsənin yox kimsəsi.
Ey kimsəsizlər kimsəsi,
Mən kimsənin ol kimsəsi!

şeirini zümzümə edirdi? Hər halda, doğrusunu Tanrıdan, bir də Basqalın aylı gecələrindən, nurlu sabahlarından başqa bilən yoxdu...

Cavid Cabbaroğlu

Bakı-İsmayıllı-Basqal-Bakı

Geri dön