Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan millisi Stokholmda İsveç yığmasına uduzub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Azərbaycan millisi Stokholmda İsveç yığmasına uduzub

Azərbaycan millisi Stokholmda İsveç yığmasına uduzub


Futbol üzrə Azərbaycan millisi “Avro-2024”ün seçmə mərhələsinin ikinci turunda İsveç yığmasının qonağı olub.

Stokholm şəhərindəki “Friends Arena”da oynanılan matçda İsveç millisinin start heyətində Robin Olsen, Viktor Lindelöf, Hyalmar Ekdal, Linus Valkvist, Qabriel Qudmundsson, Samuel Qustafsson, Mattias Svanberq, Emil Forsberq, Deyan Kuluşevski, Viktor Dyekereş və Aleksander İsak yer alıblar.

Azərbaycan yığmasının heyətində isə meydana Emil Balayev, Bəhlul Mustafazadə, Anton Krivotsyuk, Elvin Cəfərquliyev, Höccət Haqqverdi, Riçard Almeyda, Emin Mahmudov, Aleksey İsayev, Toral Bayramov, Ramil Şeydayev və Renat Dadaşov çıxıblar.

Fransalı qadın baş hakim Stefani Frapparın idarə etdiyi matçda hesabı İsveç millisi açıb. Matçın 38-ci dəqiqəsində Emil Forsberq adını tabloya yazdırıb. Görüşün ilk hissəsi İsveç seçməsinin minimal üstünlüyü ilə yekunlaşıb – 1:0.

İkinci hissədə millimizin müdafiəçisi Bəhlul Mustafazadə avtoqol müəllifi olub. Qarşılaşmanın 65-ci dəqiqəsində futbolçumuz topu öz qapımızdan keçirib. Matçın 79-cu dəqiqəsində Viktor Dyekereş, 88-ci dəqiqədə Yesper Karlsson futbolçularımızı meydanın mərkəzinə dəvət ediblər. Matçda son nöqtəni 89-cu dəqiqədə isveçli futbolçu Antoni Elanqa komandasının böyük hesablı qələbəsinə imza atıb.

Beləliklə, görüş İsveç yığmasının 5:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu matç millimizin Avropa çempionatlarının seçmə mərhələlərində 70-ci oyunu olub. Komandamız qitə çempionatlarında 1994-cü ildə debüt edib. İlk matçını “Avro-1996”nın seçmə mərhələsində keçirən komandamız bu matçadək 69 oyuna çıxıb. Millimizin hesabında 6 qələbə və 10 heç-heçə var. Yığmamız bu müddətdə 53 dəfə uduzub. 42 qol vuran komanda 169 top buraxıb.

F qrupunun ilk turunda hər iki komanda böyük hesabla məğlub olub. Belə ki, Azərbaycan millisi səfərdə Avstriya yığmasına 1:4, İsveç isə doğma meydanda Belçikaya 0:3 hesabı ilə uduzub.

Millimiz növbəti oyununu iyunun 17-də doğma meydanda Estoniya seçməsinə qarşı keçirəcək.

Geri dön