Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qabil Hüseynli: “Dövlət katibi postunda ermənipərəst Kerri deyil, amerikapərəst Kerri görəcəyik...”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > Qabil Hüseynli: “Dövlət katibi postunda ermənipərəst Kerri deyil, amerikapərəst Kerri görəcəyik...”

Qabil Hüseynli: “Dövlət katibi postunda ermənipərəst Kerri deyil, amerikapərəst Kerri görəcəyik...”


“Birləşmiş Ştatlar Minsk qrupunun üzvü olaraq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün tərəflərə yardımını davam etdirəcək”. Bu barədə Amerikanın yeni dövlət katibi Con Kerri bildirib. Azərbaycanın işğal olunmuş ərazilərində uçuşlara imkan verməyəcəyi haqda bəyanatı ilə bağlı ünvanlanmış suala cavabında Kerri deyib ki, tərəflər bu təhlükəli vəziyyəti diplomatik yolla aydınlaşdırmalıdırlar.

Qeyd edək ki, Con Kerri ABŞ dövlət katibi kimi bu gündən yeni vəzifəsinin icrasına başlayacaq. ABŞ Senatında daha çox ermənipərəst fəaliyyəti ilə xatırladılan C.Kerrinin dövət katibi kimi mühüm postda münaqişə ilə bağlı necə mövqe sərgiləyəcəyi maraq doğurur.

Politoloq Qabil Hüseynli əsgər keçmişi olan, Vyetnam müharibəsinin qəhrəmanlarından sayılan Con Kerrinin Amerikada populyar siyasətçilərdən hesab olunduğunu deyir. Dövlət katibi vəzifəsinin C.Kerinin karyerasında ən yüksək pillə olduğunu qeyd edən Q.Hüseynliyə görə, keçmiş senator və yeni dövlət katibinin ilk vaxtlar müəyyən ideya, fikir büdrəmələrinin olacağını istisna etmir: “Amma çox da uzun olmayan bir müddətdə xarici işlər nazirinin nə demək olduğunu, funksiyalarını və böyük dövlət kimi ABŞ-ın maraqlarının harada olduğunu gözəl başa düşəcək. Ondan sonra əminəm ki, onun açıqlamaları daha ölçülü-biçili olacaq. Məsələn, Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ərazi bütövlüyü məsələsini mütləq vurğulamalı olacaq. Təyyarə uçuşları məsələsində diplomatik çözümdən çox, Azərbaycanın hava məkanının toxunulmazlığını vurğulamalı olacaq. Sual edə bilərsiz niyə? Çünki Kerri nə qədər ermənipərəst olsa da, yeni postunda sırf icraçı funksiyası daşıyan vəzifəni icra edəcək. ABŞ kimi böyük dövlətin xarici siyasətinin müəyyən edilməsində dövlət katibinin rolu böyük deyil. O yalnız formallaşdırılmış, direktiv şəklində qarşısına qoyulmuş məsələləri yerinə yetirməli olacaq. ABŞ xarici siyasətinin bütün məsələlərini hətta prezident Obama da təkbaşına həll eləmir. Bu cür dövlətlərdə ”dərin dövlət" deyilən anlayış var. Bu nöqteyi-nəzərdən Kerri haqqında qəhrəman obrazı düşünənlər yanılırlar. O, “dərin dövlət”in və prezidentinin verdiyi tapşırıqlardan kənara çıxıb ermənipərəst siyasətçi rolunu oynaya bilməz".
Qabil Hüseynlinin sözlərinə görə, son illərdə Amerika ilə Azərbaycan arasında strateji əməkdaşlıq sürətlə dərinləşməkdədir. Bu baxımdan politoloqa görə, hazırda Amerikanın strateji maraqları Azərbaycanla daha yaxşı münasibətlər qurmağı tələb edir. Belə vəziyyətdə dövlət katibinin ermənipərəst olması superdövlətin xarici siyasətinə təsir etməyəcək: “Amerika Azərbaycanla strateji əməkdaşlıq tellərini dərinləşdirmək barədə qərar qəbul edibsə və bununla bağlı dövlət katibinin müavinlərindən birini Azərbaycana göndərərək hərbi-siyasi əməkdaşlığı daha da dərinləşdirmək barədə müqavilə imzalamağı təklif edirsə, bu, o deməkdir ki, regionda Amerikanın daha çox əhəmiyyət verdiyi dövlət Azərbaycandır. Bu prosesdə Kerri axına qarşı üzməyəcək. O, artıq bəlli çərçivəyə salınıb və həmin çərçivədən kənara çıxmağa cürət edə bilməz. Ona görə də ürəyindən nələr keçməsinə baxmayaraq Azərbaycanla bağlı məsələlərdə obyektiv mövqe tutmağa məhkumdur. Əks təqdirdə Amerika siyasətini ciddi iflasa uğrada bilər. Bunu isə ona bağışlamazlar”.

Qabil Hüseynlinin təxminlərinə görə, hazırkı geosiyasi vəziyyət Azərbaycan-Amerika yaxınlaşmasını, əksinə, Ermənistanla münasibətlərin pisləşməsini şərtləndirir: “Əgər Rusiya Ermənistanı sürətlə silahlandırırsa, Suriyada Qərbin maraqlarına zidd olan təhlükəli addımlar atırsa, İranla bağlı məsələlərdə Qərbi, ABŞ-ı şantaj etməyə qalxırsa, o zaman Rusiyanın forpostu və silah deposu funksiyasını yerinə yetirən və Qərbə qarşı mübarizənin əsas detonatorlarından biri olan Ermənistana Kerrinin münasibəti necə ola bilər? Bu gün dünyada intensiv və mürəkkəb proseslər gedir. Bu proseslərdə Qərblə Rusiya arasındakı uçurum daha da dərinləşir. Bütün situasiyalarda da Qərb görür ki, Ermənistan Rusiyanın yanındadır. Təbii ki, belə bir şəraitdə Kerrinin ermənipərəstliyinə, demək olar ki, meydan qalmır. Ona görə də mən güman edirəm ki, dövlət katibi postunda ermənipərəst Kerri deyil, amerikapərəst Kerri görəcəyik ki, bu da Azərbaycan üçün yetərlidir”.

KƏNAN

Geri dön