Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Əgər məqsədimiz dövlətçiliyimizi qorumaqdırsa, demək, yolumuz bir olmalıdır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Diaspor > Əgər məqsədimiz dövlətçiliyimizi qorumaqdırsa, demək, yolumuz bir olmalıdır

Əgər məqsədimiz dövlətçiliyimizi qorumaqdırsa, demək, yolumuz bir olmalıdır


“Xocalı ilə bağlı Stokholmda keçirdiyimiz aksiyada soydaşlarımızın fəaliyyəti yaxşı nəticə verdi”

Əslən Neftçaladan olan Eluca Atalı (Hüseynova Mədinə İxtiyar qızı) hazırda İsveçdəki milli diasporumuzun ən fəal üzvlərindən biridir. Azərbaycanın heç bir təşkilat, partiya, cəmiyyətinin üzvü deyil, amma Azərbaycan yolunda kim təmmənnasız, mütərəqqi iş görürsə, ona yardım etməyi özünün milli borcu hesab edir. Eluca xanım İsveç Qızıl Aypara Cəmiyyətində ideoloq kimi fəaliyyət göstərir. Bundan əlavə İsveç məktəbində müəllim işləyir və ədəbi-bədii yaradıcılıqla məşğul olur.

-Eluca xanım, Xocalı faciəsinin ildönümü ilə bağlı İsveçdə hansı tədbirləri keçiribsiniz?
- 23 fevralda Stokholmda İsveç parlamentinin qarşısında Xocalı soyqırımını aksiya ilə qeyd etdik. 4 şüar-hərəsi 8 metr uzunluğunda ingilis dilində Xocalıya ədalət tələbi, 9 plakat-faciəmizi əks etdirən yazı və şəkillərlə birgə, fotosərgi-qarşısında gül və şamlar, Azərbaycan və bizlə həmrəy olan dövlətlərin bayraqları aksiyada qaldırıldı. Azərbaycan, isveç, ingilis, fransız, fars, ərəb dillərində qətnamə və Ermənistanı ittiham edən fikirlər səsləndirildi. İsveç ictimaiyyətini və şəhərdə qonaq olan turistləri aksiya haqda məlumatlandırmaq üçün xüsusi təbliğat aparıb müxtəlif dillərdə vərəqələr, Xocalı, Qarabağ, Şuşa ilə bağlı məcmuələr payladıq. Tədbirin video lenti isə Azərbaycan və xarici ölkə saytlarında 24 fevraldan etibarən yayımlanır.
-Azərbaycan həqiqətlərinin təbliği üçün İsveçin rəsmi nümayəndələri ilə görüşlər keçirirsinizmi?
-Öz adımdan deməliyəm ki, mənim ən çox təbliğat sahəm Qızıl Ayparada olur. Burda Azərbaycan həqiqətlərindən lazımi qədər danışmışam və dekabrın 12-də AzərTac Xəbər Agentliyinin əməkdaşları ilə birgə Stokholmda Azərbaycanı tanıtım tədbiri keçirdik. Bu haqda mətbuat orqanları da müxtəlif dillərdə məlumatlar verdi. Amma ümumiyyətlə, İsveçdəki Azərbaycan Konqresi, Azərbaycan İsveç Federasiyası daha çox parlament nümayəndələri, rəsmi dövlət orqanları ilə görüşüb Azərbaycan həqiqətlərini yayırlar. Bildiyim qədər, onların dəfələrlə belə görüşü olub.
-İsveç hökuməti bu gün Dağlıq Qarabağ məsələsində hansı mövqedən çıxış edir?
-İsveç hökumətinin Dağlıq Qarabağla bağlı hələki heç bir mövqeyi kütləvi informasiya orqanlarında yayımlanmayıb. Təəssüf ki, bu, belədir. İsveç telekanalları, heyf ki, bir dəfə olsa da, Qarabağ, Xocalı haqda heç nə dilə gətirməyiblər. Bu vaxta qədər keçirtdiyimiz aksiyalara İsveçin bütün telekanallarından, dövlət qəzetlərindən jurnalistləri dəvət edib, aksiya haqda məlumat versək də, “vaxtımız yoxdur” deyib, gəlməkdən imtina ediblər. Qarabağ məsələsinə onlarda olan ikili münasibət təkcə ermənilərin 100 ildir apardıqları “erməni soyqırımı” deyil, həm də Qərbdə olan türkə hələ də birmənalı şəkildə “vəhşi” kimi yanaşmalarıdır. Avropa türk qılıncının zəhmini görüb, unuda bilmir. Sözdə erməni soyqırımı bu gün Qərb ölkələrinə türkü əymək və onu gözükölgəli saxlamaq üçün lazımdır. Bu səbəbdən də İsveç hakim dairələrinin üzdə olmayan siyasətlərində gizli şəkildə bu xətt gedir.
-Bütün İsveçdə yaşayan azərbaycanlıları birləşdirmək baxımından hansı addımları atırsınız?
-“Birlik” qədər sevdiyim söz yoxdur, bu söz bütövlük, sədaqət, inam, fikir, hal və əməl həmahəngliyindən xəbər verir. Çox təəssüf doğurucu haldır ki, bilərəkdən, məqsədli şəkildə xaricdə olan təşkilatların, demək olar, hamısının klonu yaradılıb. Sayıb qan qaraltmaq istəmirəm. Amma indi ki, dərdləşirik, gərək problemimizi deyib, birgə çıxış yolu axtaraq. Həm də axı söhbət birlikdən gedir. Belə bir fikir yaradıblar ki, güneyin dərdi güneylilər üçün, quzeyin dərdi quzeylilər üçün. Murdarcasına bunu təbliğ ediblər, iyrənc haldır, amma bu hal varsa, deməliyik. Nəticədə, təşkilatlar arasında əməl birliyi yaranmır, çünki hal birliyi yoxdur. Birliyin yaranmasından ötrü maariflənmə işi gedir, təbliğat aparırıq. Bizim bir Azərbaycanımız var ikiyə bölünmüş, iki Azərbaycanımız yoxdur. İkiləşən təşkilatların qarşısına şəxsən mən bir azərbaycanlı ziyalısı kimi bu məsələni qoyuram. Bu günlə bağlı ikinci tədbir olmamasına müvəffəq olduq. Əgər hamımız Azərbaycan yolunda iş görürüksə, məqsədimiz dövlətçiliyimizi qorumaqdırsa, demək, yolumuz bir olmalıdır. Bunun üçün mənim ətrafımda olanlar hər hansı bir tədbir təşkil edəndə onu heç bir təşkilat adından yox, sadəcə İsveçdə yaşayan azərbaycanlılar adından işçi qrupu yaradıb, təşkilati işlərimizi həyata keçiririk. İşçi qrupunun vəzifələrini əvvəlcədən kütləvi informasiya orqanlarında yayıb, qapılarımızın hamı üçün açıq olduğunu elan edirik. Əlbəttə, bunun üçün ilk növbədə ürəyinin qapısını gərək kilidləməyəsən.
Misal üçün, elə bu son Xocalı aksiyasını, konkret olaraq deməliyəm. Stokholmda yaşayan soydaşlarımızın fərd olaraq orada fəaliyyət göstərməsi yaxşı nəticə verdi. Keçən il 15 martda Stokholmda Azərbaycan mədəniyyət gecəsini də bu prinsiplə keçirdik, Stokholmda yaşayan azərbaycanlılar adından.
Azərbaycan sevgisi ilə mənfəətpərəstlik bir araya gələndə kentavr yaranır. Belə olanda nəticədə əməl də istənilən bəhrəni vermir.
-İsveçdəki milli dərnəklərimiz arasında vahid koordinasiya əlaqələri varmı, yoxsa hər biri ayrı-ayrılıqda fəaliyyət göstərməyə üstünlük verirlər?
-Bəzi tədbirlərdə bir neçə dərnək birgə işləyə bilir. Əslində İsveçdəki federasiyanın məqsəd-məramı dərnəkləri birləşdirməkdir, yəni onun quruluşu bunu tələb edir. Müstəqil fəaliyyət göstərən dərnəklərimiz də var, misal üçün, Durna dərnəyi. Siyasi məsələlərə qoşulmur. Məramı ana dilini yaşatmaq, təbliğ etmək, mədəni fəaliyyət göstərməkdir.
-Azərbaycan diasporu, yaşadıqları ölkələrin siyasi-ictimai mərkəzlərinə təsir imkanları olsun deyə, hansı tədbirləri görməlidir?
-Birinci növbədə, diaspor nümayəndələri yaşadığı ölkəyə inteqrasiya olunmalı, onun ictimai həyatında fəal olmalı, həmin ölkənin dövlət dilində Azərbaycan həqiqətlərindən bəhs edən və ədəbiyyatımızın dəyərli nümunələrini, eyni zamanda müasir ədəbiyyatımızı tərcümə edib, nəşrinə, təbliğinə nail olmaq lazımdır. Bu, xüsusi proqram əsasında nizamlı olmalıdır. Onda bizi bir millət kimi ciddi qəbul edərlər. Biz hələki buna nail olmamışıq. İsveçdə elə diaspor nümayəndələri var ki, 20 ildir burda yaşayırlar, amma hələ də isveç dilini bilmirlər. Lakin Azərbaycan telekanallarında teleulduz kimi parlayıb, “Azərbaycan həqiqətlərini isveçlilərə çatdırıram” deyir. Soruşmaq lazımdır, sən isveçlilərə hansı dildə çatdırmısan bunu? Belələrinə baxanda xəcalət çəkirəm. Bəzi diaspor təşkilatları Azərbaycan adından alver edirlər. Bu biabırçılığa son qoymaq lazımdır.
Digər tərəfdən, başqa millətlər kimi, bizimkilər də yaşadıqları ölkənin siyasi partiyalarına daxil olmağa səy edib, orada nüfuz qazanaraq Azərbaycan üçün iş görməlidirlər. Xaricdə təhsil alan tələbələri bir araya gətirib, onların vasitəsilə vətənimizin hərtərəfli təbliğatı aparılmalıdır. Gənclər həm enerjili olurlar, həm də onların problemləri işləyən, ailə sahibi olanlardan daha azdır. Yəni, onlar yaşlı nəsil kimi bir o qədər də məişətləşməyiblər.
- Eluca xanım, biz sizi həm də yazıçı, publisist kimi tanıyırıq. Mümkünsə, bədii yaradıcılığınız haqda məlumat verərdiniz.
- Son aylar əsasən əsərlərimin müxtəlif dillərə tərcümə olunması üçün bir neçə tərcüməçi ilə birgə işləməli olmuşam. Bundan savayı yaxın zamanda “Bir udum azadlıq” bədii və “Kərküklülər-təklənmiş türklər” adlı əsasən siyasi məqalələrimdən ibarət kitablarımı oxucu ixtiyarına verəcəm. Hal-hazırda “Ağ gəmi kapitanı” uşaq macəra romanını bitirmək üzrəyəm. Bu dəqiqə isə “Ay mənimlə yatmadı” uşaq hekayəmi isveç dilinə tərcümə edirəm. Qarşıda isə İsveç və Finlandiyada ədəbi görüşlərim gözlənilir.

Fuad HÜSEYNZADƏ

Geri dön