Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Noqaylar: tarixi, aqibəti və ədəbiyyatı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Türkün şanlı tarixi > Noqaylar: tarixi, aqibəti və ədəbiyyatı

Noqaylar: tarixi, aqibəti və ədəbiyyatı


Noqaylar türk xalqlarındandır, özlərini «Qaranoqay» və ya «Noqay-Qaraqaş» adlandırırlar. Araşdırmaçıların fikrincə, noqay xalqı türk boyları olan oğuz, qıpçaqların və monqolların qarışması nəticəsində XV əsrdə Volqa, Emba və İrtış çayları ərazisində formalaşıb.

Etnosun adı «Noqay» adından götürülüb (XIII əsr). Noqay Qızıl Orda dövlətinə qarşı üsyançılardan biri olub. Noqay adına tarixdə ilk dəfə orta əsrlərdə, Monqol imperiyasının dağılmasından sonra rast gəlinir. Qızıl Orda imperatorluğunun dağılmasından sonra yaranan kiçik xanlıqlar (Qazan, Krım, Sibir və digər) arasında Noqay xanlığı da var idi. Noqaylar qırğız tayfaları arasında da mövcuddurlar. Antropoloji baxımdan kiçik güney Sibir irqinə aiddirlər; bu, monqoloid və avropoid arasında keçid sayılır. Monqoloid xüsusiyyətləri noqayları öz ətraflarından kəskin fərqləndirir. Noqaylar Qara dənizdən Aral dənizinə qədər olan ərazilərdə yaşayırdılar. Hazırda əsasən Quzey Qafqazda — Dağıstan, Stavropol, Qaraçay-Çərkəz, Həştərxan (Astraxan) bölgələrində və Çeçenistan ərazilərində, eləcə də Türkiyə və Rumıniya ərazilərində də yaşayırlar. Rusiyanın Moskva və Sankt-Peterburq kimi böyük şəhərlərində noqay diasporları fəaliyyət göstərir.
Qaraçay-Çərkəz Respublikasında (Rusiya Federasiyası) noqayların milli rayonlarının yaradılması haqqında qərar 2005-ci ilin yayında verilib, 2006-cı il referendumunda təsdiqlənib. Qaraçay-Çərkəz Muxtar Respublikasında yaşayan beş çoxsaylı xalqlardan biri də noqaylardır. Qızıl Orda dövlətinin süqutundan sonra noqaylar aşağı Volqa ərazilərində yaşayırdılar. XVII əsrdə kalmıkların doğudan yürüşü noqayları quzey Qafqaz, Krım ərazilərinə çəkilməsinə səbəb oldu. Noqayların digər hissəsi Aral dənizinin güney hissələrinə köç edərək qaraqalpaqların əsasını qoydular. Öz ata torpaqlarında qalmağı üstün tutan Noqaylar isə Kiçik Juzun tərkibinə qoşularaq özlərini «kazak» adlandırmağa başladılar. 1728-ci ildə Noqayların bir hissəsi Qara dənizin quzey bölgələrinə köç edərək orada Osmanlılardan asılılığı qəbul etdilər. Rusların həmin ərazilərə yürüşündən sonra isə (1771) Noqaylar Kubana köçürüldülər. 1783-cü ildə II Yekaterina Qara dəniz ətrafı dövlətlərin işğalı, əhalisinin isə Ural ətrafına köçürülməsi haqda fərman verdi. Deportasiya cəhdləri noqaylar arasında yeni etiraz dalğası yaratdı. Noqayların üzərinə Suvorovun başçılığı altında qoşun göndərildi. 1812-ci ildə Qara dənizin quzey bölgələri Rusiyaya qatıldı. Bundan sonra yerli xalqların Osmanlı imperatorluğu ərazisinə kütləvi axını başladı. 1853-56-cı il Krım müharibəsindən sonra noqayları yenidən Osmanlıya meyllilikdə təqsirləndirdilər. On minlərcə əhali zorla köçürüldü. Bundan sonra Qara dəniz ətrafında az sayda qalan noqaylar krım tatarlarının tərkibinə qatıldılar, əsas deportasiya olunmuş hissə isə Anadolu türkləri tərəfindən getdikcə assimilyasiyaya uğradılar. XX əsrin ortalarında noqaylar yalnız Dağıstan, Çeçenistan və Stavropol bölgələri arasında bölüşdürülmüş Noqay düzündə yaşamağa başladılar.

Araşdırmaçı Əli Şamil bildirir ki, noqaylar ədəbiyyat tarixlərini miladi V-X yüzildə yazılmış Orxon-Yenisey qəbirüstü abidələrindən, Mahmud Kaşğarlının «Divani-lüğat it-türk»ündən (XI yüzillik), Yusif Balasaqunlunun «Kutadqu biliq»indən, Əhməd Yəsəvinin «Hikmətlər»indən (XII yüzillik), Süleyman Bakırkanlının (XII yüzillik), Əhməd Yügnəkinin (XIII yüzillik), Rabğuzinin (XIV yüzillik) yaradıcılığından, «Nahsül feradis» kimi əsərlərdən başlayırlar. Hətta bəzi araşdırıcılar bu siyahını daha da genişləndirərək Xarəzminin «Məhəbbətnamə»sini, Qütbünün «Nusrevü Şirin»inini, «Kodeks kumanikus»u və b. əsərləri də buraya daxil edirlər: «Sovet ədəbiyyatşünasları noqay yazılı ədəbiyyatının XIV yüzildən başladığı fikrindədirlər. Sıbra Jırayı noqay şairlərinin babası hesab edirlər. Onun adına nadir hallarda «Şopbaşlı» epiteti əlavə edilməz: bu da «zərif başlı» deməkdir. XIV əsrin sonlarında yarandığı güman edilən, dastanlarda 180 yaşlı qoca kimi tanıdılan və şeirləri dillər əzbəri olan şairin xalq arasında nüfuzu olduqca böyükdür. Bu cür öygülər onu «Kitabi-Dədə Qorqud»dakı ozan Qorquda bənzədir. XIV yüzildə bədii sözün görkəmli ustası olan Sıbra noqay tayfalarının müstəqil dövlət yaratmaq uğrunda Qızıl Orda xanları ilə mübarizəsinin tərəfdarı kimi tanınır. Sıbra çoxlu xalq mahnılarının yaradıcısı sayılır. Lakin bizim günlərə onlardan yalnız bir neçə poetik monoloq (tolkau) gəlib çatıb. Xalq yaddaşında onun adı ilə bağlı olan bu monoloqlarda yazar Toxtamış xanın və onun sələflərinin siyasətini tənqid edir. O, noqay tayfa başçılarının ağıllı tədbirlərini rəğbətlə qarşılayır və onların tərəfində olduğunu açıq söyləyir. Çünki onlar xalqı incidən Qızıl Orda xanlarının özbaşınalıqlarına qarşı çıxış edirdilər. Sıbranın xalq arasında geniş tanınması məhz bunda irəli gəlir. Sıbradan sonrakı yüzillərdə yaşayan noqay şairləri onu poetik sözün banisi kimi təsvir edirlər. Sıbradan sonra Parızdak Şaban ulunu bu ədəbiyyatın böyük siması sayırlar. XV yüzildə yaşamış Şal Kiyiz Tileniş ulu, XVI yüzildə yaşamış Asan Kaykılı, Dosmambet Azaylı, Jirenşe Şeşen, XVII yüzildə yaşamış Kazı Tuman Suyunişi ulu və başqalarının yaradıcılımında doğrunun yalan, haqqın, həqiqətin zülm üzərində qələbəsi, sevgi aparıcı mövzudur. Şal Kiyiz Tileniş ulunun şeirlərindəki axıcılıq, dilin şirinliyi, Asan Kaykılının poeziyasındakı dərin fəlsəfi fikir yalnız çağdaşlarını deyil, sonrakı nəsilləri, noqaylara qonaq olmuş səyyahları da heyrətə salmışdı».
Noqaylar islamı qəbul etdikdən sonra XVIII yüzildən uyğur əlifbası ilə yanaşı ərəb əlifbasından da istifadə ediblər. Ərəb əlifbası ilə yazılarda saitlərin olmaması və türk dillərindəki bəzi samitlərin ərəb əlifbasında bir neçə hərflə yazılması bugünkü araşdırıcıya klassiklərin əsərlərini çağdaş yazı qaydalarına uyğun oxumağa imkan vermir: «Son yüzillərdə noqayların Həştərxanda, Kuban çöllərində, Bucaqda, Quzey Qafqazda, Krımda və Türkiyədə dağınıq halda yaşamaları, onlar arasında sıx əlaqənin olmaması ədəbi dilin formalaşmasına mənfi təsir göstərib. Bu kimi çətinliklərə və məcburi köçlərə, savaşlara, həbs və sürgünlərə baxmayaraq Fəxrəddin Abuşahman ulu (1808-1883), Sadıkbay Alkaydar (1811-1876), Abdulhalık Abdulraşid ulu (1858-1913), Aslan Şaban ulu (1858-1912), Baymırza Manap ulu (1888-1918), Acı Molla Noğman ulu (1884-1930), Taram Qumuq ulu, Menkilişeyh İsmail ulu, Abdulkadır Bekbay ulu kimi ənənəvi poeziyanı davam etdirib yırlau (şeir), destan (poema), tolkau (monoloq), maktau (oda), munklau (ağı) və başqa janrlarda yaradıcılıqlarını davam etdirən sənətkarlar yeni noqay ədəbiyyatının formalaşması üçün zəngin bir baza yaradıblar.

Araşdırmaçı Əli Şamil bildirir ki, Abdurrahman Ömərov (1867-1933) mədrəsələr üçün dərs kitablarını redaktə və nəşr edir, siyasi və ədəbi qəzet və jurnallara maarifçilik ruhunda məqalələr yazır, folklor nümunələri toplayaraq çap etdirirdi: «Onun 1913-cü ildə nəşr etdirdiyi «Noqay jırları» kitabına yazdığı ön söz bu gün də elmi əhəmiyyətini itirməyib. Həbibulla Ömərov, Nəsib Mevluberdiyev, Abdurrahman Əliyev, Əli Hosayev, Kurbanəli Erembetov kimi maarifçi aydınlar 1914-cü ilədək Həştərxanda «Toy», «İslah» və «Maarif» adlı jurnallar nəşr ediblər. Siyasi baxışlarına görə çar məmurları bu jurnalları qapadıb, onları nəşr edənləri sürgünə göndəriblər. Birinci Dünya Savaşı, 1917-ci ildə baş verən fevral və oktyabr devrimləri, vətəndaş savaşları noqay ədəbiyyatının da inkişafına olduqca mənfi təsir göstərmişdi. Vətəndaş savaşı başa çatdıqdan sonra bolşeviklər öz ideyalarını xalq arasında geniş yaymaq üçün azsaylı xalqların dillərində məktəblər açılmasına, dərsliklər yaradılmasına, qəzet-jurnal buraxılmasına da diqqəti artırmışdılar. Sovetlər Birliyində gedən ideoloji mübarizə noqay ədəbiyyatından da yan keçmədi. Xalqın dastanlar söyləyən, özü də yeni dastanlar qoşan Acı Molla Noğman ulu Sovet hökumətinin tərənnümçüsünə çevrildi. Çağdaş noqay ədəbiyyatının inkişafında və formalaşmasında Abdulhamid Canıbəyovun (1879-1955) xidməti böyük idi. O, etnoqrafik və tarixi materiallar toplamaqla, nəşriyyat işi və pedaqoji fəaliyyətlə məşğul olurdu. 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultayın iştirakçısı olmaq onu yaradıcılığa daha da həvəsləndirdi. Milli məsələyə diqqətini artırdı və türk xalqlarının latın qrafikalı vahid əlifbasının yaradılması uğrunda çalışan aydınların sırasına qoşdu. Ədəbiyyata yeni gələn Musa Kurmanaliyev (1894-1972) və Zeit Kaybəliyev (1898-1979) kimi gənclər sinfi mübarizəni aparıcı mövzuya çevirməyə, ənənəvi poeziyanı yeniləşdirməyə çalışırdılar. Bununla yanaşı Basir Abdulin 1932-ci ildə yazdığı «Düşmən yenildi», «Batrak», 1934-cü ildə yazdığı «Əməyin yendiyi zaman», Hasan Bulatıkov 1936-cı ildə yazdığı «Fatimat» pyesləri ilə noqay ədəbiyyatında dramçılığın əsasını qoyurlar. Basir Mesid ulu Abdulin (1892, Həşdərxan vilayətinin Tiyek kəndi-1937). İlk təhsilini mollaxanada alan Basir sonralar Həşdərxan və Kazan şəhərlərində mədrəsə təhsili görmüşdü. Ərəb, rus və türk dillərini bilən ədib xalqının tarixini və folklorunu öyrənməyə də həvəs göstərmişdi. Öyrəndiklərindən sonralar bədii əsərlərdə geniş istifadə etmişdi. Sosializmin tərənnümçüsü kimi tanınmasına baxmayaraq 1937-ci ilin irticasından o da qurtara bilməmişdi. Yalnız B.M.Abdulin və H.Ş.Bulatıkov deyil, onlarla aydın, yazıçı həbs edilir və güllələnir. Sağ qalanlar qorxu içərisində yaşadıqlarından cəsarətlə ədəbi axtarışlara girişmir, kommunist partiyasının qərar və göstərişlərini, rəhbər partiya işçilərinin məruzə və çıxışlarını bədii şəkildə xalqa çatdırmaqla yetərlənirlər.

Sosializm quruculuğunun ilk illərində ədəbiyyatla məşğul olanların yazdıqlarından çox, onların tərcümeyi-hallarına diqqət yetirilirdi. Kasıb ailədən olan gənclərə daha geniş imkanlar açır, onları yazıb-yaratmağa həvəsləndirir, əsərlərini nəşr edir, pyeslərini səhnələşdirirdilər. Kasıb ailədə doğulub ədəbiyyata gələn gənclərdən biri də Fazil Apas ulu Abdulcəlilov idi. II Dünya Savaşının başlanması da ədəbiyyatda bədii dəyərlərin arxa plana keçməsinə, publisistikanın qabarmasına şərait yaradır. 1941-1950-ci illərdə yazılan şeir, hekayə, roman və pyeslər bədii cəhətdən zəif olub qəzet və jurnal məqalələrini xatırladır. 50-ci illərdən sonra faşist Almaniyası üzərində Sovetlər Birliyinin qələbəsi ədəbiyyatın əsas mövzusuna çevrilir. Fazil Abdulcəlilovun «Güclülər ailəsi» (1950), Suyun Qarayevin «Tazasu sərgisi» (1965), «Durnacık» (1974) və b. noqay ədəbiyyatının savaş mövzusunda ən yaxşı əsərləri sayılır».

Sovetlər dönəmində Noqayların ədəbi və elmi mərkəzləri Karaçay-Çərkəz Muxtar Vilayətində və Dağıstan Muxtar Respublikasında fəaliyyətə başladı. Karaçay-Çərkəzdə Fazil Abdulcəlilov (1913-74), Salechgan Zalyandin (1924-73), Söyün Qarayev (1927-2001), Maqomet Kirimov (1927), Canbolad Türkmenov (1935), Askerbiy Kireyev (1938), Gülcamal Mirzayeva(1940), Keldixan Kumratova (1944-2003), Dağıstanda isə Musa Kurmanalıyev (1894-1972), Zeit Kaybalıyev(1898-1979), Kuruptursun Orazbayev(1924-90), Qamzat Asıgeldiyev (1939-66), Anvarbek Kultayev (1941), Kadriya Temurbulatova (1948-78) və b. yazıçı və şairlər yazıb-yaradıb və yaradırlar.

Ə.Şamil daha sonra bildirir ki, 1960-cı illərdə Sovet ədəbiyyatında baş verən dəyişiklik noqay ədəbiyyatından da yan keçə bilməzdi. Ədəbiyyatda «60-cı illər nəsli» deyə bir ifadə işlədilməyə başladı. Bu nəslin nümayəndələri 20-50-ci illərin ədəbi simaları kimi ideologiyaya daha çox önəm vermir, sənətkarlığı önə çəkir, bədii təsvir vasitələrinə üstünlük verirdilər. Bekbiyke Kulunchakova (1946), Valeri Kazakov (1948), İsa Qarayev (1949) və b. yeni nəsil peşəkar şair və yazıçıların meydana çıxması ədəbiyyata marağı artırdı. İ.Qarayevin yaradıcılığı çağdaş problemlərə yönəlib, insanın gündəlik qayğıları yazıçının əsas mövzusudur: «Onun qəhrəmanları insanlıq ləyaqəti, mənəvi borc, sevgi və ləyaqət haqqında düşünür. Yazıçı keçmişdən mənəvi dəyərləri alaraq gələcəklə birləşdirməyə çalışır. İ.Qarayevin yaradıcılıq axtarışları bədii cəhətdən də dolğundur. İsa Söyün ulu Qarayev noqay ədəbiyyatında araşdırıcı ədib kimi tanınır. Atası Söyün Qarayev noqay ədəbiyyatının görkəmli simalarındandır. 1975-ci ildə «Xurcun», «Berdazi», 1985-ci ildə «Qarmanıstika», «Dünya ömürlü senin gözlerinde» «Reklama» povestlərini, 1982-ci ildə «Vağzal», 1989-cu ildə «Sülder» romanlarını nəşr etdirib. «Sülder» romanını ikinci cildi 1991-ci ildə oxucuların mühakiməsinə verilib. 1970-1990-cı illərdə sosial-əxlaqi problemlər (Murat Kirimov) gündəmə gətirilir, epik və lirik xalq dastanları əsasında pyeslər (Askerbiy Kireyev) yazır».

Sovetlər Birliyinin çöküşündən yararlanan noqaylar coğrafi olaraq «dağılmış» soydaşlarının ictimai və ədəbi qüvvələrini birləşdirməyə çalışırlar: «Bu məqsədlə 1989-cu ildə Rusiya Yazıçılar İttifaqının Noqay Yazıçılar Birliyi yanında «Birlik» ictimai-siyasi təşkilatı yaradılır. Lakin bu təşkilat hələ də xalqın tam istəyincə işləyə bilmir. Bütün bunlara baxmayaraq noqay ədəbiyyatında sürətli bir yeniləşmə gedir. Bu yeniləşmə tarixə obyektiv yanaşma, milli miraslara yiyə çıxma, milli özünüdərk, qapalı Sovet məkanından çıxıb çoxçalarlı dünya sivilizasiyasına canatma şəklində özünü göstərir».

Uğur

Geri dön