Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bu il Neft Fondunun xərcləri gəlirlərindən çox olacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İqtisadiyyat > Bu il Neft Fondunun xərcləri gəlirlərindən çox olacaq

Bu il Neft Fondunun xərcləri gəlirlərindən çox olacaq


Dünya bazarında neftin qiymətinin düşdüyü bir vaxtda ölkədə «qara qızıl» hasilatı və ixracı da azalır


Azərbaycan Dövlət Neft Fondu (ARDNF) hazırda üç Asiya ölkəsində daşınmaz əmlakın alınması üçün təhlil və araşdırmalar aparır. Fondun icraçı direktoru Şahmar Mövsümovun sözlərinə görə, bu, Çin, Cənubi Koreya və Avstraliyadır. Ötən il ərzində fond 6 ölkədə müvafiq təhlil və araşdırmalar aparıb. Nəticədə, 2012-ci ildə ARDNF London, Paris və Moskvada məcmu dəyəri təxminən 600 mln. ABŞ dolları olan kommersiya daşınmaz əmlaka sərmayə yatırıb(APA).
Hazırda Avropada maliyyə böhranı yaşanır. Asiyada isə əksinə qlobal maliyyə böhranından sonra canlanma baş verir, maliyyə bazarları inkişaf edir. Bu baxımdan ARDNF diqqətini Asiyanın həm qiymətli kağızlar bazarına, həm də daşınmaz əmlak bazarına yönəldib. Artıq Fond tərəfindən Avstraliya, Türkiyə və Rusiyanın qiymətli kağızlar bazarına vəsait yatırılıb. Belə ki, ARDNF Avstraliyada ümumi həcmi 200 mln. Avstraliya dolları, Türkiyədə 800 mln. türk lirəsi, Rusiyada isə 3 mlrd. Rusiya rublu olan istiqrazlara vəsait yatırıb.
ARDNF deyir ki, hazırda Avropada yaşanan maliyyə böhranı fonunda əsas məqsəd pul qazanmaq deyil, əldə etdiyi valyuta ehtiyatlarını qoruyub stabil saxlamaqdır. Fondun rəhbəri Şahmar Mövsümovun sözlərinə görə, indiyədək ARDNF bir dəfə də olsun belə vəsait itkisi ilə üzləşməyib və hətta qlobal maliyyə böhranı dövründə fond az da olsa, gəlir əldə edib: «Bu gün ən vacib məsələ qazanmaq deyil — əldə olunan vəsaiti qoruyub saxlamaqdır ki, bunun da öhdəsindən Fond asanlıqla gəlir». ARDNF-in valyuta ehtiyatları 50%-i ABŞ dollarında, 40%-i avroda, 5%-i ingilis funt sterlinqində, qalan 5%-i isə digər valyutalarda (Avstraliya dolları, Rusiya rublu və türk lirəsi) saxlanılır.
Fondun icraçı direktoru Şaxmar Mövsümov bəyan edib ki, bu ilin sonunda Azərbaycan Dövlət Neft Fondunun qarşısında aktivlərin 2013-cü ilin əvvəlindəki səviyyədə saxlamaq məqsədi qoyulub. Bunun səbəbi Fondun 2013-cü ilin büdcəsinin kəsirli olması ilə bağlıdır. Qeyd edək ki, təsdiq edilmiş proqnozlara əsasən, ARDNF-in 2013-cü il büdcəsinin gəlirləri 11,482 milyard manat, xərcləri 13,403 milyard manat təşkil edir. Bu ilin əvvəlində isə Fondun aktivlərinin həcmi 34,129 mlrd. ABŞ dollarına, aprelin 1-nə isə 34,326 mlrd. dollara bərabər olub.
Bu il Neft Fondunun xərclərinin gəlirlərindən çox olacağı bir dövrdə dünya bazarında «qara qızıl»ın qiyməti 100 dollara düşməklə yanaşı, Azərbaycanda neft hasilatı və ixracı da azalır. Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda magistral neft kəmərləri ilə 10,7 mln. ton və ya ötən ilin eyni dövrü ilə müqayisədə 7% az neft nəql edilib. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, nəqletmənin 76,1%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib və cari ilin yanvar-mart ayları ərzində bu kəmər vasitəsilə 8,1 mln. ton və ya ötən ildəkindən 9% az neft ötürülüb. Səngəçal terminalından BTC kəməri ilə 774,7 min ton tranzit Türkmənistan nefti nəql edilib ki, bu da ötən ilin I rübünə nisbətən 19,5% azdır.
Bununla yanaşı, hesabat dövründə Azərbaycanda magistral qaz kəmərləri ilə 5,4 mlrd. kubmetr və ya ötən ilin yanvar-mart ayları ilə müqayisədə 8,5% az qaz nəql edilib. Nəql edilmiş qazın 17,7%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilmiş və bu kəmər vasitəsilə 962,5 milyon kubmetr qaz ötürülüb. Bu da ötən ilin ilk üç ayına nisbətən 13% azdır.
Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda neft və əmtəəlik təbii qaz hasilatının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə azalıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hesabat dövründə ölkədə 10,8 mln. ton neft və 4,4 mlrd. kubmetr əmtəəlik təbii qaz hasil edilib. Ötən ilin yanvar-mart aylarına nisbətən neft hasilatı 4,4%, əmtəəlik təbii qaz hasilatı isə 4,3% azalıb. Ümumiyyətlə, hesabat dövründə mədənçıxarma bölməsində ötən illə müqayisədə məhsul istehsalı 3,8% azalıb. Qeyd edək ki, 2013-cü ildə Azərbaycanda neft hasilatı 43,2 mln. ton, təbii qaz hasilatı isə 28,8 mlrd. kubmetr səviyyəsində proqnozlaşdırılır. 2012-ci ildə neft hasilatı azalsa da, ARDNŞ-lə bp şirkəti arasında aparılan danışıqlarda neft istehsalının sabitləşdirilməsi ilə bağlı ilkin razılıq əldə edilmişdi. Bununla bağlı proqrama əsasən, 2013-cü ildə «Əsrin müqaviləsi» çərçivəsində neft hasilatı 2012-ci il həddində, yəni 33 mln. ton, 2014-cü ildə isə 35 mln. ton səviyyəsində proqnozlaşdırılır. Sonradan, 2014-2024-cü illərdə neft hasilatının sabit qalması, o cümlədən 2020-ci ilədək ildə 33-34 mln. ton təşkil etməsi nəzərdə tutulur. Heft hasilatının sabitləşməsi ilə bağlı dövlət başçısının tapşırıqlarından sonra bu məsələ Londonda ARDNŞ-in böyük nümayəndə heyəti ilə «BP Global» şirkəti arasında müzakirə edilib. Müzakirələrdə «Əsrin Müqaviləsi»nin Rəhbər Komitəsinin tərkibində yeni alt komitənin yaradılması qərara alınıb. Bu alt komitə müqavilənin operatoru üçün 2013-cü və 2014-cü illər, eləcə də 2014-2024-cü illər üzrə iş proqramı hazırlayacaq. Hər halda neft hasilatında azalma davam edir. 2010-cu ildə «Əsrin müqaviləsi» üzrə 42 milyon ton neft çıxarılmışdı. İndi isə söhbət 33-34 milyon tondan gedir. Məqsəd bundan sonra istehsalı sabit saxlamaq və daha da azalmaya yol verməməkdir. Hasilat azaldığından ixrac da aşağı düşür.
Azərbaycan hökuməti 2013-cü ildə neftin dünya bazarındakı qiymətləri və onun ölkə iqtisadiyyatına təsiri ilə bağlı maksimum ehtiyatlı siyasət yürütmək niyyətindədir. Ölkənin dövlət büdcəsinin gəlirləri isə birbaşa neftin dünya bazarındakı qiymətindən asılıdır. 2013-cü ildə də hökumətin əsas ümid yeri «qara qızıl»dır. Təkcə keçən il Heft Fondundan dövlət büdcəsinə daxilolmalar 10 milyard manat və ya ümumi büdcə daxilolmalarının 60,3%-i qədər olub. Bu il də oxşar tendensiyanın davam edəcəyi gözlənilir.
ARDNF 2013-cü il ərzində də bir sıra layihələrin maliyyələşdirilməsini davam etdirəcək, o cümlədən yeni layihələrə vəsait ayıracaq. Yeni layihələrin misalı olaraq Ş.Mövsümov Azərbaycanın Türkiyədə inşa etdiyi «Star» neft emalı zavodu, TANAP layihəsi, ölkədə yaradılacaq Neft-Qaz və Neft-Kimya Kompleksinin, Xəzər dənizində yeni üzən qurğunun tikintisi kimi layihələrin maliyyələşdirilməsini qeyd edib: «Eyni zamanda, biz qaçqın və məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması və məskunlaşdırılması istiqamətində və «2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı»nın maliyyələşdirilməsini davam etdirəcəyik».


Tərlan

Geri dön