Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ermənistanla Rusiya arasında Qarabağ müzakirələrinin pərdəarxası
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > Ermənistanla Rusiya arasında Qarabağ müzakirələrinin pərdəarxası

Ermənistanla Rusiya arasında Qarabağ müzakirələrinin pərdəarxası


İrəvan Kremldən prezidentlər səviyyəsində üçtərəfli görüşlərin bərpasını xahiş edir; Moskva isə Qarabağda rus sülhməramlılarının yerləşdirilməsi məsələsini gündəmə gətirib...
Erməni mənbələri Ermənistan və Rusiya arasında son aylarda aparılmış Qarabağ müzakirələrinə dair bəzi məlumatları yayıb. Bu məlumatlarda deyilir ki, Ermənistan prezidenti Serj Sərkisyan Azərbaycan ordusunun zabiti Ramil Səfərovun Macarıstandan ekstradisiyası ətrafında qaldırılan hay-küydən sonra “güzəştə getməyə” və Azərbaycanla prezidentlər səviyyəsində görüşləri bərpa etməyə hazırdır. Təbii ki, Rusiyanın vasitəçiliyi altında və Əliyev-Putin-Sərkisyan formatında.

Moskvanın bu istəyə necə münasibət göstərdiyinə dair informasiyalar yoxdur. Bununla belə, Ermənistan xarici işlər naziri Edvard Nalbəndyanın ötən həftə Moskvaya səfəri zamanı Rusiya xarici işlər naziri Sergey Lavrovun tərəfləri danışıqlar masası arxasına qaytarmaq üçün bəzi şərtlər irəli sürdüyü deyilir. Rusiya XİN-ə yaxın ekspert çevrələrindəki məlumatlara əsasən, Moskva yenilənmiş Madrid prinsiplərinə geri qayıtmamağa hazırdır, ancaq onun əvəzində Qarabağda Rusiya sülhməramlı qüvvələrinin yerləşdirilməsini nəzərdə tutan yeni variant təklif edir.
Lakin Rusiya sülhməramlı qüvvələrinin hansı mərhələdə Qarabağa yerləşdirilməsinin nəzərdə tutulduğu aydın deyil. Qarabağa dair sülh təkliflərində beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsi müddəalardan biri kimi yer alıb. Bununla belə, danışıqlarda heç vaxt sülhməramlılarla bağlı detalları, bu qüvvələrin hansı dövlətlər tərəfindən formalaşdırılmalı olduğu barədə müzakirələr aparmağa imkan verə biləcək irəliləmə əldə olunmayıb.
Sülhməramlılar məsələsi münaqişənin nizamlanmasının baza prinsipləri üzrə anlaşmanın əldə olunmasından sonra masa üzərinə qoyula bilərdi və bu, indiyədək baş verməyib. Ona görə də belə ehtimal olunur ki, Rusiyanın təklifi sülhməramlıların münaqişənin həll prinsipləri tam razılaşdırılmadan bölgədə yerləşdirilməsini nəzərdə tuta bilər. Buna da Bakının razılıq verməyəcəyi bəribaşdan aydındır.
Madrid prinsiplərinin yenilənmiş və hər üç həmsədr ölkə tərəfindən işlənmiş variantı 2011-ci ildə tərəflərə təqdim olunub. Ancaq erməni tərəfi bu variantı qəbul etməyib. Ardınca Rusiya təkliflərə öz düzəlişlərini edərək onu yenidən tərəflərə təqdim edib. Bu dəfə Azərbaycan təkliflərin Ermənistanın xeyrinə olduğunu görərək ondan imtina edib. Nəticədə Madrid prinsiplərindən söhbət gedəndə Bakı onun hər üç həmsədr ölkə tərəfindən işlənmiş variantına, İrəvan isə Rusiyanın düzəlişləri ilə tamamlanmış variantına istinad edir.
Ermənistan xarici işlər naziri E.Nalbəndyan Moskvada İTAR-TASS agentliyinə müsahibəsində növbəti dəfə Bakını Madrid prinsiplərini geri çevirməkdə ittiham edərək deyib ki, Azərbaycan sadəcə olaraq Minsk Qrupu həmsədrlərinin təkliflərini rədd etmək xəttini tutub. Hansı ki, bu təkliflər çox illik səylərin nəticəsi olaraq ortaya çıxmışdı. Nalbəndyan bu işdə Rusiyanın “xüsusi əziyyətini” qeyd edib, 2011-ci ilin iyulundakı Kazan görüşünü yada salıb və deyib ki, Azərbaycan tərəfi həmsədrlərin tərəflərlə razılaşdırdığı təkliflərə 10-a qədər əlavə şərt irəli sürməklə vasitəçilərə hörmətsizlik edib. Nalbəndyana görə, Azərbaycan tərəfi həmsədrlərin atəşkəs rejiminin möhkəmləndirilməsinə, snayperlərin təmas xəttindən geri çəkilməsinə və insidentlərin araşdırılması mexanizminə dair təkliflərini də rədd edir.
Erməni mətbuatı isə yazır ki, Nalbəndyan Moskvada prezidentlər arasında görüşlərin bərpası imkanlarını müzakirə edib. Lakin belə görüş baş tutsa da tərəflərin nəyi müzakirə edəcəkləri məlum deyil. Digər tərəfdən, Azərbaycanla Rusiya arasında münasibətlər hazırda yaxşı deyil, Bakı Rusiyadan silah alınmasını dayandırıb, Moskvanın vasitəçilik səylərinə etibar etmir və köməyi Qərbdə axtarır. Erməni müşahidəçilərə görə, mümkündür ki, Rusiya Azərbaycan ətrafında müəyyən manevr imkanları əldə etmək üçün Sərkisyanın yenidən danışıqlar masası arxasına oturmasını istəyəcək.
Bakıda isə münaqişənin nizamlanmasının baza prinsiplərinin razılaşdırılmasına dair az qala 8 il davam edən uğursuz danışıqların təcrübəsinə istinad edərək deyirlər ki, tərəflər birbaşa yekun sülh sazişi üzərində işə başlamalıdır. Bu çağırışı xarici işlər naziri Elmar Məmmədyarov ötən həftə Bakıda keçirdiyi brifinqdə növbəti dəfə səsləndirib. Baza prinsiplərinin razılaşdırılmasını gözləmədən birbaşa böyük sülh sazişi üzərində işləmək prinsipcə əlverişli variantdır. Çünki baza prinsipləri razılaşdırılsa belə sonradan onların hər biri üzrə ayrıca danışıqlar aparmaq lazım gələrdi. Məsələn, erməni qoşunlarının ətraf rayonlardan geri çəkilməsi prinsipi. Nəzəri olaraq tərəflər bu prinsipi razılaşdırsaydılar belə erməni tərəfi qoşunların çıxarılmasının detallarını, qrafikini və mərhələlərini müzakirə etmək üçün vaxtı illərlə uzada bilər. Ancaq Bakının birbaşa böyük sülh sazişi üzərində işə başlamağa dair uğursuz Kazan danışıqlarının ardınca irəli sürdüyü təklifə nə Moskvadan, nə İrəvandan müsbət reaksiya olmayıb. Digər həmsədr ölkələr isə bu təklifə sadəcə olaraq laqeyd qalıblar.
Ermənistanın Rusiyadan üçtərəfli formatda danışıqları bərpa etməyi xahiş etdiyinə dair xəbərlərin gəldiyi bir vaxtda Bakı ABŞ-ın prosesdə təşəbbüsü ələ alması naminə lobbi səyləri göstərir. İsrailə səfər edən Azərbaycan xarici işlər nazirinin bu məsələni Vaşinqtona güclü təsir imkanları olan yəhudi dövləti rəhbərliyi ilə müzakirə etdiyi barədə xəbər vermişik.
Səfərin ardınca Azərbaycanın Vaşinqtondakı səfiri Elin Süleymanov “The Hill” qəzetində məqalə ilə çıxış edərək ABŞ-ı Qarabağ münaqişəsinin nizamlanması üçün yüksək vəzifəli nüfuzlu elçi təyin etməyə çağırmışdı. ABŞ-ın bu çağırışa münasibəti məlum olmasa da rəsmi Vaşinqton münaqişənin hərbi yolla həllinin mümkün olmadığı barədə ənənəvi bəyanatını təkrarlayıb. “Dağlıq Qarabağ münaqişəsi dövründə insanların faciəvi ölümü ondan xəbər verir ki, münaqişənin hərbi yolla həlli yolverilməzdir”, - deyə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi vəzifəsini icra edən Patrik Ventrel Vaşinqtonda keçirilən brifinqdə deyib. “Münaqişənin yalnız uzunmüddətli və sülh yolu ilə həlli regiona sabitlik, çiçəklənmə və sülh gətirə bilər”, - Ventrel qeyd edib. Onun sözlərinə görə, ABŞ ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsidir və sülhün əldə edilməsi üçün münaqişənin hər iki tərəfi ilə işləməyə hələ də qətiyyətlə sadiqdir.

Fərhad MƏMMƏDOV

Geri dön