Şrift:
Türkiyənin Təbrizdəki baş konsulu Təbriz Azad Universitetində türk dili və ədəbiyyatı ixtisasının açılmasını istəyib
31.07.2019 [09:24] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Türkiyənin Təbrizdəki baş konsulu Hüseyn Güngör Təbriz Azad Universitetində Anadolu türkcəsi və ədəbiyyatı ixtisasının açılmasını istəyib.

O bu təklifi iyulun 29-da Şərqi Azərbaycan Azad Universitetinin rəisi ilə görüşü zamanı dilə gətirib.

Baş konsul deyib: “Təbriz İslami Azad Universitetinin yüksək pillələrində Anadolu türkcəsi və ədəbiyyatı ixtisasının açılması hər iki ölkə əhalisinin bir-birinin mədəniyyəti ilə daha yaxşı tanış olmasına şərait yarada bilər. Hesab eliyirəm ki, dost və qonşu ölkələr kimi İran və Türkiyə əlaqələrinin inkişaf etməsi hər iki ölkənin xeyirinədir.”

Hüseyn Güngör sözlərinin davamında vurğulayıb ki, Təbrizin Azad Universiteti türk dili və ədəbiyyatı ixtisası açmaqla Türkiyə ilə İran Azad Universitetləri arasında körpü rolunu oynaya bilər. Bu istiqamətdə addım atılarsa universitet müəllimləri Başkonsulluqla koordinasiya edilmiş şəkildə tədqiqat aparmaq üçün Türkiyə universitetlərində yollana bilər.

Bundan əvvəl Türkiyənin İrandakı səfirinin təhsil məsələləri üzrə müşaviri Həsən Ekinci Tehran Universitetində Anadolu türkcəsi və ədəbiyyatı ixtisasının açılmasını istəmişdir. Tehran Universitetinin məsulları hələlik irəli sürülən təkliflə bağlı heç bir açıqlama verməyib.
Bu xəbər oxucular tərəfindən 344 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed