Şrift:
“Qarabağ Azərbaycandır!” adlı tədbir təşkil edilib
23.12.2020 [11:14] - Gündəm, Mədəniyyət
Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin və “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Qarabağ Azərbaycandır” adlı tədbir keçirilib.

Universitetdən bildirilib ki, professor-müəllim heyətinin və tələbələrin iştirakı ilə keçirilən tədbirdə öncə Vətən müharibəsində qazandığımız şanlı qələbəyə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Giriş sözü ilə çıxış edən BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov tədbir iştirakçılarına qələbə münasibətilə təbriklərini çatdırıb. Vurğulayıb ki, illər ötdükcə bu qələbənin şərəfinə əsərlər yazılacaq, uzun əsrlər bu şanlı zəfərdən bəhs olunacaq. Bugünkü tədbirdə tələbələr arasında keçirilmiş “Qarabağ Azərbaycandır!” mövzusunda esse müsabiqəsinin nəticələrinin elan olunacağını bildirərək müsabiqə qaliblərini öncədən təbrik edib.

Sonra tədbir Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı vəzifəsini icra edən Ələmdar Cabbarlının moderatorluğu ilə davam etdirilib. Əməkdar jurnalist Elşad Eyvazlı “Vətən müharibəsi və media”, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədr müavini, ADA Universitetinin professoru Gülməmməd Məmmədov “Qarabağ milli sərvətimizdir”, Kitabxanaçılıq-informasiya fakültəsinin dosenti Rəşad Qardaşov “Qarabağ milli simvolumuzdur” mövzularında məruzə ediblər.

Tədbirə Tatarıstandan qoşulmuş tanınmış tatar şairəsi Gülnur Kurbanova zəfər münasibətilə xalqımızı təbrik edib, qələbə ruhlu şeirini oxuyub. 2014-cü ildə dostları Həsən Həsənov və Şahbaz Quliyevlə öz doğmalarının məzarını ziyarət etməyə gedərkən girov götürülən və bu günlərdə möhtərəm Prezidentimizin qətiyyəti sayəsində girovluqdan azad edilən Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov da tədbirə qoşulub, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə qazandığımız şanlı qələbədən danışıb.

Sonra “Qarabağ Azərbaycandır!” mövzusunda esse müsabiqəsinin nəticələri elan edilib, qalib gəlmiş esselər səsləndirilib. Kitabxanaçılıq-informasiya fakültəsinin tələbələri Nərmin İsgəndərli I, Fidan Həsənova II, Fidan Əbilova isə III yerə layiq görülüb.

Sonda çıxış edən “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov yüksək təşkilatçılığa görə BDU rəhbərliyinə birliyin sədri Qənbər Şəmşiroğlunun adından təşəkkürünü bildirib, Ali Baş Komandanımızın rəhbərliyi ilə əldə edilmiş zəfərin xalqımızın tarixində ən böyük qələbə olduğunu vurğulayıb. Müsabiqədə qalib gələn tələbələri təbrik edən Həbib Misirov bildirib ki, qaliblərə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi tərəfindən pul mükafatı, diplom və digər hədiyyələr təqdim olunacaq.

Mərasim tələbələr tərəfindən hazırlanmış bədii hissə ilə başa çatıb.
Bu xəbər oxucular tərəfindən 121 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed