Şrift:
“NEQSOL Holding” “YAŞAT” Fonduna 1,2 milyon manat köçürüb
06.01.2021 [11:02] - Gündəm, İqtisadiyyat
“NEQSOL Holding”in qərarı ilə tərkibində olan “Bakcell”, “Nobel Oil Services”, “Norm” və sair şirkətlər Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda mübarizədə yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədi ilə “YAŞAT” Fonduna ümumilikdə 1,2 milyon manat məbləğində vəsait köçürüb.

“YAŞAT” Fondu Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə təsis olunub. Fondun məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılmasıdır. Fondun vəsaitinin yaralıların müalicəsi, onlara və şəhid ailələrinə psixoloji dəstək, habelə məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı xərclərin maliyyələşdirilməsi üçün istifadəsi nəzərdə tutulur. Bundan əlavə, vəsaitin bir hissəsi həmin vətəndaşların təhsil almasına və yaradıcı potensialının inkişafına kömək göstərilməsi və digər sosial ehtiyaclar üçün nəzərdə tutulur.

“NEQSOL Holding” bütün şəhid ailələrinə dərin hüznlə başsağlığı verir və səbr diləyir, yaralıların tezliklə sağalmasını arzu edir.

“NEQSOL Holding” müxtəlif ölkələrdə neft-qaz, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupudur. “NEQSOL Holding” və tərkibindəki şirkətlər korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq müxtəlif tədbirlər və təşəbbüslərini davam etdirir.
Bu xəbər oxucular tərəfindən 327 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed