Şrift:
Ötən gün postlardan icazə almadan keçməyə cəhd göstərən 2450 nəqliyyat vasitəsi geri qaytarılıb
08.01.2021 [11:28] - Gündəm, Hüquq
Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə sərt karantin rejiminin tətbiq edildiyi 5 şəhərin və 12 rayonun giriş və çıxışlarında quraşdırılmış xüsusi postlarda Daxili İşlər Nazirliyinin (DİN) hərbi qulluqçuları və polis əməkdaşları nəzarət-profilaktiki yoxlamaları davam etdirirlər.

DİN-in mətbuat xidmətindən bildiriblər ki, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, bəzi vətəndaşlar tərəfindən sərtləşdirilmiş karantin rejimi qaydalarının və tələblərinin pozulması halları müşahidə olunur.

Belə ki, yanvarın 7-də nəzarət-profilaktik tədbirlər nəticəsində postlardan müvafiq qaydada icazə almadan keçməyə cəhd göstərən 2450 nəqliyyat vasitəsi müəyyən olunaraq geri qaytarılıb.

Qeyd olunan müddətdə ölkə üzrə karantin rejimi qaydalarını pozan 3186 nəfər barəsində inzibati tənbeh, eləcə də 4 nəfər barəsində inzibati həbs tədbiri tətbiq edilib.

Eyni zamanda, ev şəraitində müalicə təyin edilən yeddi nəfər aktiv COVID-19 xəstəsi ictimai yerlərdə müəyyən olunub saxlanılaraq evə qaytarılıblar. Altı nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq araşdırmaları davam etdirilir.

Daxili işlər orqanları tərəfindən əhalinin təhlükəsizliyinin təmin olunması və sağlamlığının qorunması istiqamətində tədbirlər davam etdirilir.

Vətəndaşlardan tətbiq olunan izolyasiya tədbirlərini anlayışla qarşılamaları, karantin rejimi qaydalarına riayət etmələri xahiş olunur.
Bu xəbər oxucular tərəfindən 497 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed