Şrift:
“WorldSkills Azerbaijan” ilə Azərbaycan Texniki Universiteti əməkdaşlıq perspektivlərini müzakirə edib
04.03.2021 [11:59] - Gündəm, Mədəniyyət
“WorldSkills Azerbaijan” (WSA) platformasının nümayəndə heyəti ilə Azərbaycan Texniki Universitetinin rəhbər və müəllim heyəti arasında görüş keçirilib.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib ki, görüş zamanı “WorldSkills” hərəkatının məqsəd və vəzifələri, iki qurumun ortaq məqsədlərinə dair fikir mübadiləsi aparılıb. “Shanghai 2022” bacarıqlar olimpiadası, “WorldSkills Asia” beynəlxalq yarışlarına hazırlıq məqsədilə İKT sahəsi üzrə üç bacarıq istiqaməti – şəbəkə administratorluğu, kibertəhlükəsizlik və veb-texnologiyalar üzrə mütəxəssis bazasının yaradılması üçün növbəti addımlar müəyyən edilib.

Azərbaycan Texniki Universitetinin tədris işləri üzrə prorektoru Nurəli Yusifbəyli “WorldSkills” peşə bacarıqları yarışlarına müsabiqəçilərin yetişdirilməsinin ölkədəki kadr çatışmazlığı probleminə gələcəkdə müsbət təsir edəcəyini bildirib.

Müzakirələr zamanı universitet rəsmiləri əməkdaşlıqda maraqlı olduqlarını və işbirliyinin təhsil sisteminin inkişafına töhfə verəcəyini vurğulayıblar.

Qeyd edək ki, “WSA” peşəkarlığın və bacarıqların inkişafı üçün milli platformadır. “WorldSkills” hərəkatına qoşulmaqla Azərbaycan bacarıqlı gənclərdən dünya standartlarına və əmək bazarının tələbinə uyğun peşəkarlar yetişdirir, eləcə də həmin standartların təhsil sisteminə tətbiqinə xidmət edir. Bununla yanaşı, təşkilat bacarıqlı gənclərə dünyanın ən nüfuzlu peşə yarışlarında iştirak etmək və Azərbaycanı beynəlxalq müstəvidə təmsil etmək imkanı yaradır.
Bu xəbər oxucular tərəfindən 79 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed