Şrift:
Yüz illik problemin həlli
03.04.2021 [05:17] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Zəngəzur dəhlizi türk dünyasının birləşmə nöqtəsi olacaq


Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) martın 31-də videokonfrans formatında qeyri-formal Zirvə görüşü keçirilməzdən bir gün öncə, Baş katib Bağdad Amreyev Türk Şurasının, türk dünyası birləşmiş dövlətlərini yaratmağı hədəflədiyini bəyan etdi. Türk Şurasının sədri, Azərbaycan Prezidenti İlham Əliyev isə Zirvə görüşündəki çıxışı zamanı türk dünyasının yüz illik probleminin həll olunacağı barədə açıqlama verdi. 44 günlük Vətən Müharibəsi başa çatandan sonra regionda yaranan yeni reallıqlardan, imkanlardan söhbət açan dövlət başçısı bildirdi ki, belə imkanlardan biri və ən vacibi Zəngəzur dəhlizinin açılmasıdır. Bu proses üzərində çox fəal iş aparıldığını diqqətə çatdıran Azərbaycan Prezidenti vurğuladı ki, vaxtilə Zəngəzurun Azərbaycandan alınıb Ermənistana birləşdirilməsi türk dünyasının coğrafi parçalanması idi. Onun sözlərinə görə, Zəngəzur dəhlizinin istifadəyə verilməsi ilə türk dünyası arasında əlaqələr daha da genişlənəcəkdir: "Əgər xəritəyə baxsaq, görərik ki, sanki bizim bədənimizə xəncər saplanmışdır, türk dünyası parçalanmışdır. Qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr üçün əlavə imkanlar yaradacaq. ...Azərbaycan Naxçıvan Muxtar Respublikası vasitəsilə Türkiyə ilə birləşir, Orta Asiya Avropa ilə birləşir”.

Türk Dünyası Baxışı - 2040

Regionda cərəyan edən proseslər, türkdilli ölkələrin dövlət başçılarının səsləndirdiyi bəyanatlar, qarşılıqlı əlaqələr, birgə hərbi təlimlər, inkişaf edən münasibətlər, Türk Şurasının Zirvə görüşündə "Türk Şurası Strateji 2020-2025” və "Türk Dünyası Baxışı - 2040” kimi məsələlərin müzakirəsi onu deməyə əsas verir ki, hər birimizin arzusu, görmək istədiyi Turan tədricən qurulur. Ədalətin, beynəlxalq hüququn deyil, gücün, hegemonluğun şərtləri diktə etdiyi müasir dövrdə Turanın - türk dünyası birləşmiş dövlətlərinin yaradılması tam reallaşacaqmı? Dünyada geosiyasi maraqlarını hər vasitə ilə qorumağa, təmin etməyə həvəsli olan böyük dövlətlər buna imkan verəcəkmi?

Bütün xarici əlaqələrimizi koordinasiya etməliyik

Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev hələ 1998-ci ildə "Yeni dünya düzəni siyasətində Azərbaycanın yeri və rolu” kitabını yazmasına diqqət çəkərək, həmin kitabda Turan Birliyi modelinin yaradılmasının əhəmiyyətindən geniş bəhs etdiyini vurğulayıb. Bildirib ki, söhbət Türkiyə və Azərbaycanla yanaşı, digər türk cümhuriyyətləri məhvərində olan birlikdən gedir: "O zaman olduğu kimi indi də hesab edirəm ki, Avropa evi xristian dəyərlərinə və yunan fəlsəfəsinə söykənir. Açıq-açığına Türkiyəni Avropa İttifaqına buraxmadılar. Nümayişkaranə şəkildə bəyan etdilər ki, sözügedən ittifaq bir xristian klubudur və illərlə Türkiyəni qapıda gözlətdilər. Türkiyə türk dövlətləri ilə birlikdə İslam ənənələrinə, türk mədəniyyətinə söykənən bir ev yaratmalıdır. Bu birlik kiməsə, hansısa dövlətə qarşı yönələn, onu təhdid edən ittifaq deyil. Bu, əməkdaşlıq platformasıdır. Fikrimcə, son zamanlar atılan addımlar nəzərdə tutduqlarımızın çox qısa zamanda gerçəkləşməsinə səbəb olacaq. Hər zaman bu fikirdə olmuşam ki, türk dünyasının vahid tarixini, coğrafiyasını təbliğ edən ədəbiyyatlar olmalıdır. Biz bütün xarici əlaqələrimizi koordinasiya etməliyik. Şükürlər olsun ki, hazırda bu, mövcuddur. Artıq Turan Ordusunun bazaları yaradılmağa başlanılıb. Bunun toxumları səpilib”.

300 milyonluq coğrafi zolaq

Yüz illik problemin həlli












Partiya sədri deyib ki, türkdilli dövlətlər inteqrasiya olunmaq üçün bütün lazımi addımları atırlar: "Şübhə etmirəm ki, bu, çox qısa zamanda baş tutacaq. Bəzən iddialar olur ki, türk dünyasının birliyini, yaxud bütöv Azərbaycan arzusunun reallaşmasını istəmirlər. Bu, tamamilə cəfəngiyatdır. Yeni dünya düzəni quranlar üçün Turanın olması, türkdilli dövlətlərin bir yerdə ciddi əməkdaşlıq platforması yaratması sərfəlidir. Onlar istəyirlər ki, böyük türk zolağı formalaşsın. Hansı ki, 300 milyonluq bu coğrafi zolaq Avropadan başlayır və Çinə qədər uzanır. Bu zolaq Şərq üçbucağını parçalayır, Çinlə Rusiya, İranla Rusiya, ərəb aləmi ilə Rusiya arasında bufer zonalar yaranır. Son zamanlar anqlosakslarla türklərin birgə davranışı onu göstərir ki, türk dövlətlərinin birliyi məsələsində bizə badalaq gəlmək istəyən böyük güc, dövlət yoxdur”.

Heç kim bu ideyaya qarşı çıxa bilməyəcək

F.Quliyev söyləyib ki, əgər türk dövlətləri bir ittifaq, birlik yaratmaq istəsələr, buna heç kim mane olmayacaq: "Hər şey bizim iradəmizdən asılıdır. 44 günlük Vətən Müharibəsindən sonra Türkiyə dünya gücünə çevrilməyə başlayıb. Azərbaycan isə regional gücə çevrilib. Bunu hamı etiraf edir. Perspektivdə Zəngəzur dəhlizi açılmaqla türk dünyasının vahid orqanizm kimi çalışması üçün ilkin addımlar atılacaq. İslamabadda Pakistan, Türkiyə və Azərbaycan arasında imzalanan protokollarda da çox ciddi müddəalar var idi. Mütəmadi xarakter alan Türkiyə-Azərbaycan birgə təlimlərinin ardınca, son dövrlər Özbəkistanla Türkiyənin birgə hərbi təlimlərinin keçirilməsi, Türk Şurasının Zirvə görüşündə verilən mesajlar onu göstərir ki, türk dünyası birləşmiş dövlətlərinin yaradılması ideyası mümkündür. Buna qarşı heç kim çıxa bilməyəcək”.

Rufik İSMAYILOV/kaspi.az
Bu xəbər oxucular tərəfindən 165 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed