Şrift:
Beynəlxalq Valyuta Fondu və “Moody's” Azərbaycan iqtisadiyyatı üçün nikbin proqnozlar verib
07.04.2021 [11:38] - Gündəm, İqtisadiyyat
Beynəlxalq Valyuta Fondunun (IMF) ənənəvi “Qlobal İqtisadi Mənzərə” hesabatına əsasən, Azərbaycanda iqtisadi artımın 2021-ci ildə 2,3 faiz, 2022-ci ildə isə 1,7 faiz olacağı proqnozlaşdırılır. Qurumun müvafiq proqnozlarına əsasən, işsizlik səviyyəsi də növbəti iki ildə 6 faizdən aşağı olacaq.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ayaz Müseyibovun mövzu ilə bağlı şərhini təqdim edir.

Departament rəhbəri bildirib ki, IMF-nin daha öncə 2020-ci ilin oktyabr ayında açıqladığı hesabata görə, Azərbaycanın 2021-ci il üzrə iqtisadi artım göstəricisi 2 faiz civarında proqnozlaşdırılırdı. Eyni zamanda, fond cari əməliyyatlar balansı üzrə proqnozları da pozitivə doğru yeniləyib. Belə ki, cari əməliyyatlar balansının defisitinin ÜDM-ə nisbəti 2021-ci və 2022-ci illərdə müvafiq qaydada 3,6 və 4,4 faiz olaraq proyeksiyalaşdırılırdısa, yeni hesabatda müvafiq defisit profisitlə əvəz olunmaqla 1,1 və 0,5 faiz ətrafında qiymətləndirilib.

Hesabatın təhlili növbəti iki ildə ölkədə makroqitisadi canlanmanın IMF tərəfindən qeydə alınacağını göstərir. Onu da qeyd edək ki, IMF-nin yanvarın 26-da dünya iqtisadiyyatının gələcəyi ilə bağlı daha öncəki analoji hesabatında da Azərbaycanla bağlı pozitiv siqnalların olacağı bəlli idi.

Qlobal iqtisadiyyat üçün də iqtisadi artım proqnozları artırılıb və 2021-ci ildə 6 faiz, 2022-ci ildə isə 4,4 faiz artım gözlənilir. Qeyd edək ki, daha öncəki hesabatla müqayisədə bu göstəricilər, müvafiq olaraq, 0,8 və 0,2 faiz bəndi daha yüksəkdir.

Beləliklə, 2020-ci ilin dekabr ayından başlayaraq vaksinasiya proseslərinin güclənməsi ilə birgə pandemiyanın bitəcəyi ilə bağlı proqnozlar, ABŞ və Yaponiya kimi böyük iqtisadiyyatlarda ilin sonunda qəbul edilmiş iqtisadi dəstək siyasətləri qlobal iqtisadiyyatın canlanmasını sürətləndirib. Eyni zamanda, Azərbaycan kimi inkişafda olan, gənc iqtisadiyyat ölkələrinin qəbul etdiyi fiskal və monetar antişok tədbirləri də müvafiq proqnozlarda müsbət məqamlar kimi inikasiya olunmaqdadır.

Azərbaycanın iqtisadi artımı və retinqləri ilə bağlı digər mühüm bir məqam da onunla bağlıdır ki, "Moody's" beynəlxalq reytinq agentliyi də ölkəmizin emitentin və üstün hüquqa malik təmin edilməmiş borc üzrə uzunmüddətli reytinqlərini "Ba2" səviyyəsində stabildən pozitivə doğru dəyişib. Pozitiv mənzərə daha çox idarəetmə və siyasət effektivliyinin artırılması ilə bağlıdır və bu ölkənin kredit profilini daha da yaxşılaşdıra bilər. "Moody's"in analitiklərinin mövqeyinə əsasən, monetar və makrosiyasət çərçivəsinin gücləndirilməsi bank və xarici sektorun şoklara qarşı dayanıqlılığını artırmağa, likvidlik və xarici sektorun risklərinin mitiqasiyasına xidmət edəcəkdir. Qeyd edək ki, agentlik daha öncə də “Cənub Qaz Dəhlizi” QSC-nin reytinqini də pozitivə doğru dəyişib.

Hər iki qurumun hesabatında Azərbaycanla bağlı növbəti illərdə iqtisadi artımın baş verməsi ilə bağlı proqnozların pozitivə doğr dəyişilməsi gələcək inkişaf üçün imkanların olduğunu da göstərir. Bu baxımdan, Milli Prioritetlər Sənədi çərçivəsində Azərbaycan iqtisadiyyatının inkişaf yollarının yenidən dizayn edilməsi, işğaldan azad olunmuş torpaqların reinteqrasiyası ilə bağlı yeni investisiya və bərpa siyasəti, dövlət proqramlarının tərtibi və monitorinqi ilə bağlı qaydaların qəbulu, dövlət nəzarətinin təkmilləşdirilməsi və rəqəmsallaşdırılması ilə bağlı müvafiq tədbirlər, ümumilikdə isə strateji idarəetmə siyasəti çərçivəsində iqtisadi addımların realizasiyası bu göstəricilərin daha da yaxşılaşmasına xidmət edəcək.
Bu xəbər oxucular tərəfindən 61 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed