Şrift:
Hər kəs Zəfərimizi əks etdirən Hərbi Qənimətlər Parkını görməyə tələsir
16.04.2021 [11:23] - Gündəm, Sosial
Bu gün hər kəs Vətən müharibəsindəki Zəfərimizin mühüm fraqmentlərini əks etdirən Hərbi Qənimətlər Parkını görmək istəyir.

Belə bir qürurverici və bənzərsiz park Azərbaycanın tarixində olmayıb. Qarabağ uğrunda gedən döyüşlərdə düşməndən əldə edilən hərbi texnikalar, hərbi maşınlar, eləcə də Ermənistana məxsus silah sursat bu parkda nümayiş olunur və Ordumuzun gücünü göstərir.

Ordumuzun qəhrəmanlığının təcəssümü olan bu park Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin təşəbbüsü ilə yaradılıb. Buraya daxil olan zaman insan özünü sanki döyüş zonasında hiss edir.

Aprelin 14-dən vətəndaşların ziyarəti üçün açılan Hərbi Qənimətlər Parkında izdiham yaşanır. Hər kəs parkı ziyarət etmək, hərbi qənimətləri görmək istəyir. Bu məkanın ziyarət olunması pandemiyaya qarşı profilaktik tədbirlərə uyğun olaraq tənzimlənir.

Burada düşməndən hərbi qənimət kimi götürülən 300-dən çox eksponat - hərbi avtomobillər, tanklar, toplar, raket qurğuları, eləcə də silah-sursat və s. nümayiş olunur. Bu məkana üz tutan hər kəs - şəhid ailələrinin üzvləri, qazilər və adi insanlar bildirirlər ki, gördükləri mənzərə onlar üçün qürur mənbəyidir.

Qeyd edək ki, açıq səma altında muzey kimi fəaliyyət göstərən park səhər saat 10-dan axşam saat 19:00-dək açıq olur (kassa saat 18:00-dək), bazar ertəsi isə fəaliyyət göstərmir.

AZƏRTAC parkı ziyarət edənlərdən müsahibələr götürüb.

Paytaxt sakini İsmayıl Babayev: Bu məkanda Ermənistanın sıradan çıxarılmış, qənimət götürülmüş hərbi texnikası sərgilənir. Vətəndaşlarımızın, paytaxtımızın qonaqlarının bu mənzərəni görmək istəyi təbiidir. Biz rəşadətli ordumuzla qürur duyuruq. Azərbaycan əsgəri hər zaman hazır vəziyyətdədir.

Bakı sakini Elbrus Rüstəmov: Bu gün Hərbi Qənimətlər Parkına baxıb sevinirəm. İndi hər bir azərbaycanlı qələbə sevincini qəlbində yaşayır. Ali Baş Komandanımız, Ordumuz, əsgərlərimiz, zabitlərimiz, qazilərimiz sağ olsunlar. Allah şəhidlərimizə qəni-qəni rəhmət etsin ki, onlar bu sevincli günləri xalqımıza yaşatdılar. Vətənimizi - Ağdamı, Şuşanı, Qarabağı azad etdilər. Ona görə bu yaşımda bunu gördümsə Allahıma, millətimə, Ali Baş Komandanıma, hərbçilərimizə minnətdaram. Gələcək nəsillərimiz bunu bilməlidir. Ona görə bu tarixi məkan bizim qələbəmizi illərlə, əsrlərlə yaşadacaq.

Şəhid bacısı Güllü Cəfərova: Bu park bizim qürur yerimizdir. Fəxr edirik ki, belə bir böyük park yaradılıb. Şəhid bacısı kimi deyə bilərəm ki, qardaşımın, şəhidlərimizin qanı yerdə qalmadı. Bütün şəhidlərimizə Allah rəhmət etsin, qazilərimizə cansağlığı versin. Allah Prezidentimizə cansağlığı versin.

Müharibə veteranı Füzuli Mahmudov: Bu məkanı Qarabağımızda döyüşən əsgərlərimizin Zəfəri kimi qiymətləndirirəm. Eyni zamanda, Ali Baş Komandan, Prezident İlham Əliyevə çox təşəkkür edirik ki, belə bir gözəl park yaradılıb. Bu ərazi gələcək nəsillərimizə qələbəmizi daha əyani şəkildə çatdırmaq üçün gözəl məkandır.

Təqaüdçü Bayram Sadıqov: Tanklara baxıram. Rusiyanın ən güclü tanklarıdır. “T-72” tankını, raketləri əgər biz qənimət kimi ələ keçirmişik və ya məhv etmişik. Bu Ermənistan ordusuna çox ağır zərbədir. Bizim əsgər və zabitlərimiz cəsarətlə bu tankları vurdu, məhv etdi. “Dəmir yumruq” ermənilərin başına elə vuruldu ki, bir daha, inşallah, bundan sonra gözlərini aça bilməzlər.

Ülvi Valehov: Cənab Prezidentimiz, Ali Baş Komandanımız sağ olun. Bu günləri bizə yaşatdıqlarına görə şəhidlərimizə, Milli qəhrəmanlarımıza, Azərbaycanın mərd oğullarına təşəkkürümüzü bildiririk.

Asif Xəlfəyev: Parkla bağlı təəssüratlarım çox gözəldir. Qürur hiss duyuruq, fərəhlənirik. Əvəzedilməz hisslərdir. Dövlətimiz, Ali Baş Komandanımız, Ordumuz sağ olsun. Allah şəhidlərimizə rəhmət etsin. Onların sayəsində qürur hissini yaşayırıq. Bu parkı yaradanlar sağ olsunlar. Yaşasın Azərbaycan, Yaşasın Ali Baş Komandanımız, Yaşasın Ordumuz! “Qarabağ Azərbaycandır!”.
Bu xəbər oxucular tərəfindən 338 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed