Şrift:
Yaralı yoldaşlarını atəş altından çıxararkən şəhidlik zirvəsinə ucalan Sərhəd Hüseynov
21.04.2021 [11:04] - Xəbərlər, Hərb
Şəhid Sərhəd Hüseynovun 25 yaşı tamam olur. Ailəsi onun cənnətdə qovuşduğu ilk doğum gününü qeyd edir.

Vətən müharibəsində ərazi bütövlüyümüz uğrunda döyüşə atılan, ölümün gözünə dik baxan qəhrəmanlarımızdan biri də Sərhəd Hüseynovdur. O, 1996-cı ilin bu günündə - aprelin 21-də Füzuli rayonunun Yağlavənd kəndində dünyaya göz açıb.

Sərhəd torpaqlarımızın yağılardan azad olunacağı günü səbirsizliklə gözləyirdi. Onun böyüyüb boya-başa çatdığı Yağlavənd kəndi hələ 1994-cü ildə erməni tapdağından azad edilmişdi.

Əmisi Adil Həsənov deyir ki, Sərhədin bir arzusu olub, hərbçi olmaq, torpaqlarımızı işğaldan azad etmək: “O, həqiqi hərbi xidməti bitirdikdən sonra müddətdən artıq xidmətçi olaraq Vətənin keşiyində dayanıb. Ömrünün 6 ilini Vətənə həsr edən Sərhəd ötən il sentyabrın 27-də düşmən hücumunun qarşısının alınması məqsədilə əks hücumda həmlə qrupunun üzvü olaraq döyüşə qatılıb. Onun döyüş yolu da elə ata-baba yurdu olan Füzuli istiqamətindən başlayıb. Üç gün gərgin döyüşlərdə düşmənə ağır zərbələr endirilməsində Sərhəd və döyüşçü yoldaşları şücaət göstəriblər. Sentyabrın 29-da iki yaralı yoldaşını xilas edib, üçüncü yaralını da atəş altından çıxararkən düşmən tərəfindən snayperlə vurulub”.

Şəhid anası Sevda Həsənova övlad itkisinin nə qədər acı olsa da, Sərhədin torpaqlarımızın azad olunması uğrunda şücaəti ilə qürur duyur. O, övladının vətənpərvər oğul olduğunu söyləyir. Sərhəd haqqında qürurla danışan ana bildirir ki, Sərhəd öz arzusuna çatıb, torpaqlarımız yağı düşməndən təmizlənib. Sərhəd və digər şəhidlərimizin qanı yerdə qalmadı, onların ruhu şaddır.

Qardaşının doğum günündə şəhid bacısı Qəribə Umudlunun dilində isə bu sözlər var: “Cənnətdə keçirdiyin ilk doğum günün mübarək, qardaşım! Rahat uyu, uğrunda can verdiyin bu torpaqlar indi azaddır”.

Qeyd edək ki, Sərhəd Hüseynov döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra “Cəsur döyüşçü” və “Vətən uğrunda” medalları ilə təltif olunub.
Bu xəbər oxucular tərəfindən 634 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed