Şrift:
Hindistanda COVID-19-a gündəlik yoluxma və ölüm sayında yeni antirekord qeydə alınıb
21.04.2021 [11:05] - Gündəm, Sosial
Hindistanda ötən sutka ərzində COVID-19 infeksiyasına 295 min 41 yoluxma aşkarlanıb.

Hindistanın Federal Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, ötən gün aşkarlanan yoluxmalar pandemiya dövründə Hindistanda qeydə alınan gündəlik ən çox yoluxma sayıdır. Ötən sutka dünyada ən çox yoluxma da məhz Hindistanda qeydə alınıb.

Ümumiyyətlə bir aydan çoxdur ki, Hindistanda sutkalıq yoluxma sayı gündən-günə artır. Son həftədə isə gündəlik yoluxma sayı 200 mindən çox olub.

Ötən gün Hindistanda COVID-19 infeksiyası səbəbindən 2023 ölüm qeydə alınıb ki, bu da pandemiya dövründə gündəlik ən çox ölüm halıdır.

Pandemiyanın 2-ci və daha ağır dalğasının müşahidə olunduğu Hindistanda indiyədək COVID-19 infeksiyasına 15 milyon 616 min yoluxma, bu xəstəlikdən 182 min 553 ölüm qeydə alınıb. Aktiv xəstələrin sayı 2 milyon 157 min nəfərdir.

Baş nazir Narendra Modi televiziya ilə xalqa müraciətində keçən il pandemiyanın birinci dalğasından fərqli olaraq hökumətin indi daha hazırlıqlı olduğunu, kifayət qədər tibbi ləvazimatın tədarük edildiyini bildirib. O, xalqı panikaya düşməməyə, virusa yoluxmamaq üçün qabaqlayıcı tədbirlərə əməl etməyə, ciddi səbəb olmadan evdən çıxmamağa çağırıb.

Baş nazirin arxayınlığına baxmayaraq, mətbuatda son günlər yoluxmaların, paralel olaraq ağır xəstələrin sayının sürətlə çoxalmasının xəstəxanalarda oksigen və müalicə dərmanları çatışmazlığına səbəb olması barədə xəbərlərə rast gəlinir. Hətta paytaxt Dehlinin əsas naziri də bunu etiraf edib.

Qeyd edək ki, Hindistan yoluxanların ümumi sayına görə ABŞ-dan sonra ikinci, ölüm sayına görə isə Birləşmiş Ştatlar, Braziliya və Meksikanın ardından 4-cü sıradadır.
Bu xəbər oxucular tərəfindən 265 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed