Şrift:
Beynəlxalq Olimpiya Komitəsi fövqəladə vəziyyətin Oyunlara təsirinin olmayacağını bəyan edib
22.04.2021 [10:15] - Gündəm, İdman
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax Tokioda fövqəladə vəziyyət rejiminin tətbiqinin Olimpiadaya təsir etməyəcəyini deyib.

Bu barədə BOK prezidenti qurumun icraiyyə komitəsinin aprelin 21-də keçirilən qapalı iclasından sonra təşkil edilən mətbuat konfransı zamanı bəyan edib.

Xəbər verdiyimiz kimi, Yaponiya hökuməti koronavirusun yayılmasının qarşısını almaq məqsədilə Tokio da daxil olmaqla yenidən dörd prefekturada fövqəladə vəziyyət rejimi elan etmək imkanlarını araşdırır. Bu barədə rəsmi qərarın cümə günü mütəxəssislərlə məsləhətləşmələrdən sonra qəbul ediləcəyi planlaşdırılır.

Vəziyyəti şərh edən T.Bax deyib: “Başa düşürük ki, bu, yoluxmanın qarşısını almağa çalışan hökumət tərəfindən “Qızıl həftə” ilə əlaqədar qabaqlayıcı tədbir kimi həyata keçiriləcək”. Komitə prezidenti bildirib ki, bu addım iyulda başlayacaq Olimpiada ilə əlaqədar deyil və Yaponiyada qarşıdan gələn bayramlara görə atılır.

T.Bax fikrini Oyunlar zamanı həyata keçirilməsi nəzərdə tutulan və BOK, Tokio Olimpiya və Paralimpiya Oyunları üzrə təşkilat komitəsi və digər təşkilatların birlikdə hazırladığı “Qaydalar toplusu” ilə əsaslandırmağa çalışıb. Həmin toplunun yenidən işlənmiş variantının gələn həftə dərc ediləcəyi gözlənilir.

Oyunların və Atletlər kəndinin təhlükəsiz olacağına əminliyini bildirən BOK prezidenti burada virus testlərinin aparılacağını, insanların hərəkətində məhdudiyyətlərin tətbiq olunacağını, xaricdən gəlmiş idmançıların və rəsmi şəxslərin peyvəndlənəcəyini əsas gətirib.

Qeyd edək ki, T.Bax gələn ay məşəl estafetinin Hiroşimada başlaması ilə əlaqədar Yaponiyaya səfər edəcək.

Mətbuat konfransı zamanı həmin səfərin planlaşdırıldığını təsdiq edən BOK prezidenti onun təfərrüatları barədə məlumat verməyib.
Bu xəbər oxucular tərəfindən 409 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed