Şrift:
“Tək millət, tək ürək” Humanitar Platforması çərçivəsində Ucarda şəhid ailələri ziyarət olunub
23.04.2021 [10:56] - Gündəm, Hərb
YAP Səbail rayon təşkilatı, “Tək millət, tək ürək” Humanitar Platforması, Ucar rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun birgə təşkilatçılığı ilə “Şəhid ailələrinə qayğı” davamlı aksiyası çərçivəsində Ucar rayonunun 22 şəhid ailəsi evlərində ziyarət olunub.

YAP Səbail rayon təşkilatındən bildiriblər ki, təşkilatının sədri Şəmsəddin Hacıyev, Ucar Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Mənsur Məmmədov, Milli Məclisin deputatı Ramil Həsən, rayon partiya təşkilatının üzvləri, fəalları, Ucar RİH-in əməkdaşları və gənclər şəhid ailələri ilə səmimi söhbət edib, onların gündəlik qayğıları ilə maraqlanıb, ailələrə Ramazan sovqatı çatdırıb və maddi köməklik göstəriblər. Ziyarət olunan hər bir ailəyə Gəncliyə Yardım Fondu tərəfindən şəhidin adına özəl olaraq hazırlanmış Qurani-Kərim və Azərbaycan-Türkiyə bayraqları suvenir dəsti hədiyyə olunub.

Şəhid ailələri ilə görüşlər zamanı bir daha qeyd olunub ki, Azərbaycan xalqının möhtəşəm tarixi Qarabağ Zəfəri ilə yekunlaşan 44 günlük Vətən müharibəsi müstəqil Azərbaycanın hərb tarixinə qızıl hərflərlə həkk olunan şanlı Qələbə səhifəsidir. Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və torpaqlarımızın işğaldan azad olunması uğrunda qəhrəmancasına döyüşərək həlak olan şəhidlərimizin əbədiyaşar əziz xatirəsi daima yaşayacaq və gələcək nəsillər də bu igidlərimizin şərəfli həyat və döyüş yolunu araşdıracaq, öyrənəcək və örnək götürəcəklər. Xüsusi vurğulanıb ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bilavasitə göstərişi əsasında şəhid və qazi ailələrinə yüksək səviyyədə xüsusi diqqət və qayğı göstərilir, onların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində kompleks və davamlı tədbirlər həyata keçirilir. Bu kontekstdə Ucar rayonunda görülən işlər, şəhid və qazi ailələrinin daim xüsusi diqqət mərkəzində saxlanılması, hər bir şəhidin adının əbədiləşdirilməsi üçün doğulub boya-başa çatdıqları küçədə, kənddə inşa olunan və şəhidlərimizin adını daşıyan bulaqlar və xatirə lövhələri ziyarətçilərdə yüksək təəssürat yaradıb. Ziyarət zamanı diqqət çəkən əsas məqamlardan biri də bu olub ki, şəhid ailələrinin əksəriyyətinin həyətində yeni tikinti işləri aparılır, evlər, həyətlər abadlaşdırılır, bu istiqamətdə bütün məsələlərə xüsusi həssaslıqla yanaşılır, ailələrə lazımi köməklik və dəstək göstərilir.

Səfər çərçivəsində əslən Ucarın Məlikballı kəndindən olan, kənd qəbiristanlığında dəfn olunan və Vətən müharibəsinə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail Rayon İdarəsi tərəfindən çağırılan şəhid İsmayılov Orxan Zöhrab oğlunun ailəsinə də baş çəkilib. Şəhidimizin məzarı ziyarət olunub, ruhuna dualar oxunub. Sonra şəhid ailəsi ilə Məlikballı kəndindəki evlərində görüşən ziyarətçilər ailəyə bir daha yüksək hörmət və ehtiram bildiriblər.

Ziyarət olunan bütün şəhid ailələri onlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.
Bu xəbər oxucular tərəfindən 376 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed