Şrift:
Mərənddə insident: Künovkəndi sakinləri mədən talançılarını kənddən qovdu
27.04.2021 [10:53] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Sakinlər ərazidə qanunsuz fəaliyyət göstərən mədən talançılarına etiraz edib.

Künovkəndi əhalisi yolu bağlayıb, mədən hasilatı məqsədilə bölgəyə gətirilən ağır texnikanın kəndə girişinə imkan verməyib.

Məlumata görə, Künovkəndinin sakinlərinin etiraz aksiyasına ətraf kəndlərdən də dəstək gəlib. Polis qüvvələrinin etirazların qarşısını almaqda aciz qalıb.

Aksiya nəticəsində mədən istixracçıları (hasilatçıları) gətirdikləri ağır texnika ilə birlikdə kəndi tərk etməyə məcbur olub.

"Ərk" Azərbaycan İnsan Haqları Cəmiyyəti olayla bağlı video yayıb.

Bu videonun yayılmasından sonra Güney Azərbaycanın sosial media istifadəçiləri "Twitter"də “Azərbaycan mədənlərinin talanmasına son” və “İti qovan kimi” başlığı altında Künovkəndi əhalisinə dəstək kampaniyası başladıblar.

Mədənçilər və onların bölgələrdəki əlaltıları rüşvət qarşılığında Azərbaycan kəndlilərinin münbit torpaqlarını zəbt edir, yeraltı qaynaqları istismar edir, mədənlərdən çıxarılan qiymətli materialları isə fars bölgələrinə göndərirlər.

Qeyd edək ki, Güney Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Tikantəpə, Qaradağ, Heris və digər bölgələrin zəngin yeraltı sərvətləri olsa da, mədənlərin ətrafında yaşayan əhali işsizlik və yoxsulluqdan əziyyət çəkir. Ərazidə ən adi şəhər və kənd infrastrukturları belə yoxdur.

Son günlər milli fəallar tərəfindən sosial mediada “Azərbaycan mədənlərinin talanmasına son” başlığı altında başladılan kampaniya sosial şəbəkə istifadəçilərinin geniş marağına və dəstəyinə səbəb olub.

Bu kampaniya Güney Azərbaycan əhalisini maarifləndirmək və Azərbaycan sərvətlərinin talanmasının qarşısını almaq məqsədi güdür.
Bu xəbər oxucular tərəfindən 271 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed