Şrift:
Qarabağ Zəfərinə kölgə salmaq istəyənlərin tükənməyən iddiaları - sərt reaksiyalar
04.05.2021 [11:46] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
“Rusiyanın Qarabağı yenidən işğal etməsi” fikrini yayanlar son vaxtlar yenidən fəallaşıblar. Burada Milli Şura və Müsavat Partiyası daha fəal görünür. Hər iki qurumun rəhbərləri deyirlər ki, Rusiyanın işğalçılıq siyasəti Qarabağda davam edir.

İqtidara barışmaz mövqedə dayanmış inkarçı cinah torpaqların azad edilməsini tam və birmənalı gözdən salır, bu faktı gizlətməyə çalışır. Bir sözlə Azərbaycanın qələbəsini danmaqla məşğuldurlar. İqtidar tərəfdarları isə bu iddianı yaxına buraxmır. Azərbaycanın rəsmi siyasəti isə hələlik ermənilərin Azərbaycan qanunları altında yaşamadığı Xankəndi, Xocalı, Xocavəndin bir hissəsində də idarəçiliyimizin reallaşacağını bildirirlər...

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, sabiq deputat Fərəc Quliyevin sözlərinə görə, belə fikirlər o şəxslər tərəfindən irəli sürülür ki, sərbəst mövqeləri yoxdur: “Bəziləri heç bilmir ki, məqsədləri nədir. Vətən müharibəsi günlərində məcburiyyət qarşısında qalıb cəmiyyətə bunun qələbə olduğunu deyirdilər. İndi isə belə mövqe ortaya qoymaqla əslində təkcə uğurlarımıza kölgə salmırlar, nailiyyətlərimizin davamına da mane olmağa çalışırlar. Yaxşı bilirlər ki, indi çox ciddi savaş dönəmidir. Amansız bir savaş gedir. Bu məsələlərdə Azərbaycan tərəfi qardaş ölkə Türkiyə ilə birlikdə bütün basqılara rəğmən heç bir güzəştə getmir. Müharibə günlərində hərbi savaş görünən tərəf idi. Bir yer azad edilirdi, hər kəs bunu görürdü. Siyasi savaşın isə görünməyən tərəfləri var. Əlbəttə, Qarabağdakı rus sülhməramlıları ilə bağlı çox ciddi suallarımız var. Ona görə ölkə prezidenti də, iqtidar nümayəndələri də, deputatlar da, jurnalistlər də bu məsələdən kənarda durmurlar. İradlar bildiririk. İstəyirik ki, sülhməramlılar səlahiyyət çərçivələri daxilində davransınlar. Amma hər kəs yaxşı bilir ki, indiki vaxtda rus sülhməramlılarının Qarabağda olması nə hökumətin, nə də cəmiyyətin günahı deyil. İndiki şərtlər daxilində bu mövcudluq oldu. Biz indi ona çalışırıq ki, onlar bizim işlərə qarışmasınlar, razılaşmanın bütün bəndlərinə əməl olunsun. Xüsusilə, 10 noyabr bəyanatındakı dördüncü bəndə əməl olunmasını daha çox istəyirik.

Fərəc Quliyev: “Kimsə qələbəmizə kölgə sala bilməz”

Bu da erməni silahlılarının ərazilərimizdən çıxarılması ilə bağlıdır. Eyni zamanda, BMT və digər strukturların nəzarəti altında Xankəndindən qovulmuş 12500 və digər ərazilərdən qovulmuş insanlarımız geri qaytarılmalıdır. Bu da mümkünsüz deyil. İradları bir daha deyirəm ki, prezident başda olmaqla hamımız bildiririk. Amma istənilən halda kimsə qələbəmizə kölgə sala bilməz. Biz 44 gün ərzində 30 illik həsrətimizə son qoymuşuq. Bu gün Azərbaycan Ordusu hər şeyi kontrol edib. Amma bütün hallarda ordumuz Xankəndinə, erməni əsilli dinc vətəndaşlarının olduğu ərazilərə tankla, topla girə bilməzdi. Hansı tələnin hazırlandığı məlum idi. Xatırlayırsınızsa, 70-ə qədər xarici jurnalisti orada saxlamışdılar. Mindən çox dinc vətəndaşı da orada saxlamışdılar ki, burada niyyət bəlli idi. PKK və ASALA-nın qalıqları orada jurnalistləri və erməni əsilli azərbaycanlıları öldürməli idilər. Müharibənin getdiyi günlərdə BMT Təhlükəsizlik Şurasında Azərbaycanın məsələsini qoymaq istəyirdirlər. Sadəcə Böyük Britaniya bu məsələyə mane oldu. Biz ora siyasətlə girəcəyik və bunu da bacaracağımıza əminik. Bütün ərazilərimizi tamamilə işğaldan azad edəcəyik. Proses gedir və bir dəqiqə də dayanmır”.

F.Quliyev fikirlərinə bu cür davam etdi: “İndi ən təhlükəli olan odur ki, görülən işlərə rəğmən, Ali Baş Komandan müxtəlif dövlətlərin tör-töküntüləri tərəfindən böhtana məruz qalır. Bir vaxtlar şəhid ailələri ilə dövlət arasında çat yaratmağa çalışdılar, xüsusilə, dəfn mərasimləri ilə bağlı olaraq. Sonradan qazilərlə dövlət arasında çat yaratmaq cəhdlərinin şahidi olduq. İndi də bu cür cəhdlər edirlər. Qələbəmizi gözdən salmaq istəyirlər. Təsəvvür edin ki, Qələbə parkı açdıq, bunu belə gözdən salmağa çalışdılar. Fransa kimi dövlətdə Əlcəzairdə öldürdükləri hərbçilərin kəllə sümüklərini göstərirdilər. Onlar haqqında söz deyə bilməyənlər Azərbaycana hücum edən ermənilərin dəbilqələrinə görə hay-küy salırlar. Bu yanaşmalar qərəzlidir. Sadəcə diqqəti əsas işlərdən kənara yönəltməyə cəhd edirlər. Sülhməramlıların fəaliyyəti cəmiyyətin nəzarəti altında olacaq və qısa zamanda əminəm ki, onların çıxarılmasına nail ola biləcəyik. Bu qüvvələr iqtidara gəlmək üçün bütün yollara əl atmağa çalışacaqlar. Amma heç nəyə nail ola bilməyəcəklər”.

Cavanşir ABBASLI/“Yeni Müsavat”
Bu xəbər oxucular tərəfindən 288 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed