Şrift:
Fərəc Quliyev: Zəngəzur dəhlizi mütləq açılmalıdır
04.05.2021 [11:55] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
“Vətən müharibəsindən sonrakı dövrdə Azərbaycan apardığı bərpa-quruculuq işlərinə paralel olaraq regional əməkdaşlığı da təmin etmək niyyətindədir”. Bu fikirləri qəzetimizə açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev deyib.

F.Quliyevin sözlərinə görə, Azərbaycan bütün region ölkələrinin gələcəyində mühüm rol oynaya biləcək addımlar atmaqdadır: “Çünki ölkələr arasında iqtisadi əməkdaşlıq mühitinin yaradılması regionda dayanıqlı sülhün təmin edilməsinin zəmanətidir. Azərbaycan Prezidenti İlham Əliyevin bu istiqamətdə yürütdüyü siyasət regionda sabitliyə və əməkdaşlığa hesablanıb. Təəssüflər olsun ki, Ermənistanda olan revanşist qüvvələr regionun perspektiv inkişafı üçün əsas nəqliyyat-kommunikasiya xətlərinin bərpasını özündə ehtiva edən Zəngəzur dəhlizinin reallaşmasına da mane olmaq istəyirlər. Halbuki bu dəhlizin açılmasına ən çox ehtiyac duyan ölkələrdən biri Ermənistanın özüdür”.

Partiya sədri deyib ki, bütün maneələrə baxmayaraq, müharibənin başa çatmasını şərtləndirən sənədə əsasən, Zəngəzur dəhlizi mütləq açılmalıdır: “Dövlət başçısı milli, tarixi və gələcək maraqlarımıza tam cavab verən Zəngəzur dəhlizinin yaradılmasının vacibliyini dəfələrlə qeyd edib. Bu məsələdə də cənab Prezident Azərbaycanın qəti siyasi iradəsini ifadə edir. Dövlət başçısının dediyi kimi, Ermənistan bunu istəsə də, istəməsə də Zəngəzur dəhlizi açılacaq”.

Qaşqay RAMAZANOV/YeniAzərbaycan
Bu xəbər oxucular tərəfindən 651 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed