Şrift:
İranın vaz keçmədiyi “erməni sevgisi”
05.05.2021 [16:27] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Xankəndindəki separatçılara “humanitar yardım”, yoxsa silah göndərilib?

Sosial şəbəkələrin İran seqmentində bu ölkənin Ermənistan vasitəsilə Qarabağa “yardım”ların çatdırılmasını əks etdirən qalmaqallı görüntülər yayılıb. Bununla bağlı video “Azad İran” “Teleqram” kanalında paylaşılıb. Bu yüklərin Ermənistandan keçərək, Rusiya sülhməramlılarının nəzarətində olan Azərbaycan ərazilərinə aparıldığı bildirilib.

Məlumatda qeyd edilib ki, həmin yük avtomobillərində benzin, qaz, bitum, eləcə də qida, geyim məhsulları, tikinti malları qanunsuz daşınır. Bundan başqa, bildirilir ki, həmin avtomobillərlə əraziyə külli miqdarda narkotik daşınır. İran hansı haqla bu “yardım”ları Azərbaycan ərazisinə çatdırır, rusiyalı sülhməramlılar isə hansı haqla qaçaqmalçılığa göz yumur?

Qeyd edək ki, bugünlərdə İranda “erməni soyqırımı” və separatçılara dəstək törəni də keçirilmişdi. İşğal dövründə iranlıların sərhədə yaxın bölgələrdəki ərazilərimizdə torpaqları “icarəyə götürməsi” orada əkin-biçinlə məşğul olması da yeni fakt deyil. Azərbaycan Prezidenti bir neçə dəfə İranla sərhədi “dost ölkə sərhədi” adlandırıb. İran isə sanki hər fürsətdə Azərbaycanla münasibətlərinə kölgə salmaq üçün addımlar atır.

Mümkündür ki, yayılmış videolar təxribat da olsun, o halda İran tərəfi bunu rəsmi təkzib etməlidir. Faktlar təsdiqlənərsə isə Azərbaycan sərt reaksiyasını göstərməlidir.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Yeni Müsavat”a bildirdi ki, əgər həqiqətən Qarabağdakı erməni əhaliyə humanitar yardım etmək niyyəti varsa, humanitar yardım razılaşdırılmaqla və Azərbaycan üzərindən həyata keçirilməklə edilməlidir: “Xankəndi Azərbaycan ərazisidir, orada yaşayanlar da erməni mənşəli Azərbaycan vətəndaşlarıdırsa, onlara humanitar yardım göndərilməsi Azərbaycan dövləti ilə razılaşdırılmalıdır. Lakin göründüyü kimi, İran yükləri Ermənistan ərazisindən keçməklə oradan Laçın dəhlizi vasitəsilə Xankəndinə göndərib. İran tərəfi müharibə dövründə də 400 ton və 500 ton silah-sursatın ermənilərə keçirilməsini təmin etmişdi. İslam dövləti olmayan Gürcüstan müharibə dövründə öz hava məkanını bağladı və silah-sursat göndərilməsinə icazə vermədi. Amma özünü İslam dünyasının təəssübkeşi kimi qələmə verən İran hərbi sursatı, texnikanı müharibə dövründə Ermənistana daşıdı. Bu, ilk hal deyil, İran həmişə ermənilərə hər cür dəstək verib. 1990-cı illərdə ermənilərin işğal etdiyi Azərbaycan rayonlarını, kəndlərini işğal dövründə İran tərəfi söküb daşıyıb. Ermənilər dağıtdığını dağıdırdı, qalanlarını İran vətəndaşları ermənilərlə razılaşaraq söküb daşıyırdılar. Bütün dövrlərdə İran tərəfindən erməni separatçı rejiminə və Ermənistana dəstək olub.

Mən İranın bu cür hərəkətlərinə göz yumulmasının tərəfdarı deyiləm. Azərbaycan bu məsələ ilə bağlı İrana rəsmi nota verməlidir. Azərbaycan XİN rəsmi şəkildə münasibət bildirməlidir. Bütün media orqanlarımız, jurnalistlərimiz bu məsələnin üzərinə getməlidir. Yəni bu məsələni boşuna buraxmaq olmaz. Məsələyə Güney Azərbaycandakı soydaşlarımız da reaksiya verməlidirlər. Mən buradan soydaşlarımıza səslənirəm, necə ki, Vətən müharibəsi başlayanda bir dəfə İrandan ermənilərə göndərilən hərbi yardımların qarşısını kəsdilər, indi də İran hökumətinə ermənilərə dəstək verməsinə “dur” deməyi bacarmaq lazımdır. Güney Azərbaycandakı fəallarımız da sözünü deməlidir".

F.Quliyev onu da vurğuladı ki, İrandan Ermənistan vasitəsilə Qarabağa göndərilən həmin yük maşınlarında əslində humanitar yardım deyil, silah, hərbi vasitələr daşınması da istisna deyil: “İstisna deyil ki, humanitar yardım adı altında o yüklərin ən azından bir qismi silahdır. Əslində göndərilən bituim və digər yanacaq məhsulları da strateji məhsullar sayılır. Azərbaycanın qanunlarına tabe olmayan və hələ də separatçılıqdan əl çəkməyən ermənilərin dirçəldilməsi üçün addımlar atılırsa, o məhsulun nə təyinatlı olmasının o qədər də əhəmiyyəti yoxdur. Fakt budur ki, Azərbaycan qanunları pozulur, Azərbaycanın razılığı olmadan onun ərazisinə başqa bir ölkə yük göndərir. Özü də həmin yüklər separatçılara göndərilir”.

Sabiq deputat dedi ki, bu məsələdə Rusiya sülhməramlılarının da əli var: “Rusiya sülhməramlılarının icazəsi olmadan Laçın dəhlizindən heç bir yük Qarabağa keçirilə bilməz. Videodan görünür ki, İranın həmin yük karvanı Laçın dəhlizindəki sülhməramlıların postlarında demək olar yoxlanılmadan buraxılır. Bu da bir daha təsdiq edir ki, məsələ Rusiya ilə razılaşdırılıb. Burada da Azərbaycan qanunları pozulub. İran və Rusiyanın bu davranışı nə sülhə, nə əməkdaşlığa xidmət edir. Bu, destruktiv qüvvələrin güclənməsinə və bölgədə yeni qarışıqlığın yaranmasına xidmət edir”.

Etibar SEYİDAĞA/“Yeni Müsavat”
Bu xəbər oxucular tərəfindən 419 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed