Şrift:
Şirvan düzü bir milyard kubmetr şor sudan, dörd milyon tondan çox duzdan təmizlənib
06.05.2021 [10:29] - Xəbərlər, İqtisadiyyat
Baş Şirvan Kollektoru vasitəsilə Şirvan düzü bir milyard kubmetrdən yuxarı şor sudan təmizlənib. Bununla da adı çəkilən düzdə yerləşən torpaq sahələrindən dörd milyon tondan çox duz kənarlaşdırılıb. Hazırda Şirvan düzündə olan kollektor dren şəbəkələrində istismar işləri davam etdirilir.

Baş Şirvan Kollektoru İstismar idarəsi tərəfindən kollektor dren şəbəkələrində lildən təmizləmə və hidrotexniki qurğularda təmir və bərpa işləri davam etdirilir. Baş Şirvan Kollektoru İstismarı idarəsinin baş mühəndisi Kərimov Balaseyid bildirir ki, idarə Şirvan düzündə Ağdaş, Ucar, Göyçay, Kürdəmir, Sabirabad, Hacıaqabul və Səlyan rayonları üzrə 253 min hektar əkin sahəsinə 2399 km klollektor dren şəbəkəsi ilə xidmət göstərir. Kollektor şəbəkələri müxətlif təsnifatlı, magistral, təsərrüfatlar arası, təsərüfatlar daxili, qapalı drenlərdən ibarətdir. Kollektor şəbəkəsi üzərində 2899 ədəd hidrotexniki qurğu, 932 ədəd körpü və 11 ədəd nasosstansiya var. Əsas daşıyıcı kollektor Baş Şirvan kollektoru olmaqla digər drenlər vasitəsi ilə əkin sahələrinin şor suları Xəzər dənizinə axıdılır. Son bir il ərzində Şirvan düzü, 461 940 000 kubmetri nasos stansiyalar vasitəsi ilə olmaqla ümumilikdə 1 142 334 000 kubmetr şor sudan təmizlənib. Nəticədə torpaqlardan 4 450 000 ton duz kənarlaşdırılıb.

Hacıqabul rayonundan olan fermerlər ərazidə yerləşən kollektorların vaxtında təmizlənməsini müsbət qarşılayır.

Fermer Emin Əliyev bildirir ki, Şirvan düzü əsasən suvarılan sahələr olduğu üçün qrunt sularının torpaq qatında yığılma ehtimalı çoxalır. Bunun üçün lazım gəlir ki, kollektor şəbəkələri dərin olsun, qrunt suları sahədən çəkilsin. Nəticədə isə torpaq qatı münbitləşdiyi üçün məhsuldarlıq da yüksək olur.

Uzun illərdir Şirvan düzünün Hacıqabul rayonu ərazisində əkinçiliklə məşğul olan fermer Firuz İbrahimov da kollektor drenlərin önəmli rola malik olduğunu söyləyir. “Bizim əkin sahəmiz K-321 kollektoru ətrafında yerləşir. Şəbəkənin vaxtında təmizlənməsi torpaqları şoranlaşmadan qoruyur. Bu təmizlənmə işləri gecikərsə məhsuldarlığada mənfi təsir göstərə bilər”, - deyə fermer söyləyir.

İdarədən verilən məlumata görə, istismar işləri plan üzrə görülür. Aparılan cari və əsaslı təmir işləri əsasında təkcə 2020-ci ildə 3 ədəd nasosstansiya sazlanıb, 36 ədəd hidrotexniki qurğu və 20 ədəd müxtəlif tipli aqreqat təmir edilib və 557 kilometr kollektor lildən təmizlənib. Cari ildədə magistral kollektor və köməkçi drenlərdə lildən təmizləmə işləri aparılır. Bunun üçün ərazilərə texnikalar cəlb edilib.
Bu xəbər oxucular tərəfindən 916 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed