Şrift:
Amerikanın İran siyasəti dəyişir?: “Artıq dərk edirlər ki, İran təkcə fars deyil”-İstiqlalçı millət vəkili
07.05.2021 [17:44] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Xəbər verildiyi kimi Amerikanın nüfuzlu araşdırma qurumu olan Demokratiyanı Müdafiə Mərkəzində (FDD) “İran yalnız Fars deyil: İslam Respublikasında etnik siyasət” mövzusunda müzakirə keçirilib.
Müzakirədə Harvard Universitetinin “Kennedi” Kollecinin Kaspin Tədqiqat Proqramının tədqiqat direktoru və İranla bağlı tədqiqatçı Brenda Şaffer, FDD-nin Araşdırma üzrə vitse-prezidenti Jonathan Schanzer, CIA (Mərkəzi Kəşfiyyat Agentliyinin) Əməliyyat Müdirliyində mütəxəssis olaraq calışmış Reuel Marc Gerecht və mərkəzi ofisi ABŞ-da yerləşən Günaz.Tv-nin rəhbəri Əhməd Obalı iştirak edib.

Müzakirədə gəlinən nəticə bu olub ki, İranda əhalinin əksəriyyəti qeyri-farslardır və İrana yönəlik siyasət dəyişməlidir. İranla bağlı məsələdə qərarlar qeyri-fars millətlərini, əsasən də azərbaycanlıları nəzərə alaraq verilməlidir.

Bu müzakirə və alınan qərarlar Amerikada İrana, İran cəmiyyətinə baxışı dəyişəcəkmi?


Milli Dirçəliş Hərəkatı Partiyasının başqanı, iqtiqlalçı millət vəkili Fərəc Quliyev Günaz.TV-yə açıqlamasında bildirib ki, Qərbdə İrana ənənəvi yanaşma dəyişməkdədir:

“İranın bölgədə sabitliyə xidmət edən bir əraziyə çevrilməsi üçün demokratiya üstün vəziyyətə gətirilməlidir. İran bir imperiyadı, ona yanaşma dəyişməlidir. 1975-ci ildə qəbul olunan konvensiyaya görə əsarətdə olan xalqlar daha imperiyaya tabe olmamalıdırlar. Onlar əvvəlki status-kvolarına qayıtmalı və öz dövlətləri olmalıdır. Bu hüquq daha çox Azərbaycan türklərinə aiddir. Orada bəluclar, türkmənlər, ərəblər də var. Onların da öz istəkləri var. İranla bağlı müxtəlif planlar olub.

Amma sonda düşünüblər ki, ərazidə sabitlik olsun. Ancaq bir şey unudulmamalıdır ki, İran nüvə silahına iddialı olan dövlət kimi sabitliyə təhlükə mənbəyidir. Brenda Şaffer İranla bağlı sanballı mütəxəssisdir. Maraqlı araşdırmaları var. Müzakirədən gəlinən nəticə odur ki, İranda Azərbaycan türklərinin haqqı tanınmalıdır.

Qərb qeyri-fars millətləri, özəlliklə azərbaycanlılarla işləməlidir. Azərbaycan türklərinin məsələsinə BMT-də dəfələrlə baxılıb. Bizim o məsələdə haqlı olduğumuz ortaya çıxıb. İrana təzyiqlər məsələsində milli azlıqlar problem ayrıca qoyulmalıdır. Bir vaxtlar İran ətrafında hesablama aparılmışdı ki, İran ətrafında olan dövlətlərin təhlükəsizliyini təmin etmək üçün çəkilən xərclər bir neçə dövləti saxlamaq üçün ayrılan vəsasitdən çoxdur. İsrailin qorunması və ərəb dövlətlərinin təhlükəsizliyinin təmin olunması məsələlərini nəzərdə tuturam”.

F.Quliyev deyib ki, İran təhlükəsindən qurtulmağın sadə yolu var: “Bölgə sabit əraziyə çevrilməlidir. Bunun yolu da İranda ədalətli status-kvonun yaradılmasıdır. Azərbaycan türkünün maraqları önə çəkilməlidir. Yol budur, başqa variant yoxdur. İranda farsların hegemonluğu saxlanılacaqsa, şəkil dəyişib, mahiyyət qalacaqsa nəticə ədalətli olmayacaq. Buna qədər qeyri-fars millətlərinin əli ilə öz maraqlarını həyata keçirmək məqsədi güdüblər. Lakin indi reallıqlar dəyişib. Ciddi və dayanıqlı sabitliyə nail olmaq istəyirlərsə, Azərbaycan türkünün maraqları təmin olunmalıdır. Türkmənçay sülhünün qüvvədən düşməsi məsələsi qoyulmalıdır. İranla bağlı yeni konsepsiya ortaya qoyulmalıdır”.

Qərbdə, Amerikada Sovet imperiyasına və İrana yanaşma fərqlidir. Bundan sonra münasibət dəyişə, İran rejiminə qarşı etnik məsələ önə çıxarıla bilərmi?

Fərəc Quliyev hesab edir ki, gec-tez İrana yanaşma dəyişəcək və həqiqətlər üzə çıxacaq: “1979-cu il inqilabında Azərbaycan türkləri öndə gedirdi. Lakin yenə farslar hakimiyyətə gəldi, Şəriətmədari təhqir olundu. Digər inqilab liderləri öldürüldü. İnqilabın nailiyyətlərini farslar mənimsədi. Bunda böyük dövlətlərin əli oldu.

Azərbaycan türklərini bu dəfə aldatmaq mümkün deyil. Ən adi milli hüquqları belə yoxdu İranda türklərin. Bu dəfə millətimizi aldatmaq mümkün olmayacaq”.

İqtiqlaçı millət vəkili hesab edir ki, İran ətrafında yeni siyasi situasiya yaranır və bundan istifadə etmək lazımdır: “Şərait dəyişir, təşkilatlanmaq, güclənmək lazımdır. Xaricdə yaşayan güneyli soydaşlarımız ən azı mühacirətdə olan Güney Azərbaycan Parlamentini yaratmalıdır. Milli qüvvələri koordinasiya edən qurum olmalıdır.

Azərbaycan türklərinin vahid idarəçiliyi ortaya qoyulmalıdır. Vahid qurum olarsa, maraqları uzlaşdırmaq mümkündür. Belə olarsa danışıqlarda da mövqeyimiz güclü olacaq. Bu məslədə gecikirik. Milli Azadlıq Hərəkatının güneyi, quzeyi yoxdur.

Vahid Milli Azadlıq Hərəkatı var. Quzeydə nəticəyə nail olmuşuq, güneydə və digər tarixi torpaqlarımzda görüləsi işlər qalır. Dövlət buna münasibət bildirə bilmirik. Amma cəmiyyət olaraq mənəvi dəstək verməliyik. Amma bütövlükdə əsas güc Güney Azərbaycan türklərinin üzərindədir.

Azərbaycan türkləri 1925-ci ildə İran adlanan ölkədə hakimiyyətdən uzaqlaşdırılıb. Tarixi ədalət bərpa edilməlidir. Hər dövrün öz trendi olub. SSRİ-yə yanaşma fərqli idi. İrana da münasibət dəyişəcək. Artıq dərk edirlər ki, İran təkcə fars deyil”.

Ayxan Turan/gunaz.az
Bu xəbər oxucular tərəfindən 546 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed