Şrift:
Şamaxının müasir tarixinin bütün mərhələləri Heydər Əliyevin adı ilə bağlıdır
10.05.2021 [13:40] - Xəbərlər, Siyasət
Şamaxıda ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar videokonfrans keçirilib.

Tədbirdən əvvəl rayon icra hakimiyyətinin məsul işciləri, idarə və təşkilatların nümayəndələri Ümummilli Liderin Şamaxının mərkəzindəki abidəsi önünə gələrək, qarşısına gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Onlayn tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdə respublikamızın bütün regionlarının hərtərəfli diqqət və qayğı ilə əhatə olunmasından, xalqın rifahının yüksəlməsində və bütün sahələrin durğunluqdan tərəqqiyə doğru sürətli inkişafındakı xidmətlərindən danışıb. Azərbaycanın ən qədim bölgələrindən biri olan Şamaxıya ümumilikdə 14 dəfə səfər edən dahi rəhbərin bu rayona diqqət və qayğısının xüsusi olduğunu, hələ sovet hakimiyyəti illərində şəxsi tapşırığı ilə hazırlanan və Nazirlər Sovetinin 1978-ci il yanvarın 21-də qəbul edilən müvafiq qərarından sonra Şamaxı şəhərinin, kənd və qəsəbələrinin simasının başdan-başa dəyişdiyini, sosial-iqtisadi və mədəni durumunun getdikcə möhkəmləndiyini, Azərbaycanın ən böyük üzümçülük rayonlarından birinə çevrildiyini vurğulayan T.Məmmədov məhz həmin dövrdən etibarən Şamaxının müasir tarixinin bütün mərhələlərinin Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib.

Konfransda çıxış edən Milli Məclisinin deputatı Tamam Cəfərova, Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının sədri Bəxtiyar Abbasov, ADPU-nun Şamaxı filialının direktoru Tünzalə Yusifova və “Regional İnkişaf” İctimai Birliyinin Dağlıq Şirvan regional bölməsinin rəhbəri Nərgiz Qurbanova bütün həyatını millətinə və Vətəninə həsr edən ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının tarixinə müstəqilliyimizin memarı və qurucusu kimi daxil olduğunu vurğulayıblar. Qeyd olunub ki, Ulu Öndərin layiqli varisi Prezident İlham Əliyev Heydər Əliyev siyasətini davam etdirərək misilsiz nailiyyətlərə imza atıb, 44 günlük Vətən müharibəsində Zəfər çalaraq milli qürur və ləyaqətin, tarixi ədalətin bərpasına nail olub.

Qeyd edək ki, Şamaxıda ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci il dönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib, 500 -dən çox Eldar şamı əkilib.
Bu xəbər oxucular tərəfindən 291 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed